Sel suları Zaqatalada cidi fəsadlar törətdi
Son günlər bölgəyə yağan intensiv və leysan xarakterli yağışlar nəticəsində Zaqatala şəhərinin içməli su təchizatını təmin edən əsas su mənbələrində ciddi fəsadlar yaranıb
Goldmedia.az-ın məlumatına görə, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Qeyd edilib ki, Zaqatalada sel səbəbindən içməli su təchizatı müvəqqəti alternativ qaydada təşkil edilib.
"Şəhərin əsas içməli su mənbələrindən biri olan Zilbançay su mənbəyində suyun bulanıqlığı normadan dəfələrlə yüksək olduğundan mövcud durulducular suyun tələb olunan keyfiyyətdə təmizlənməsini təmin edə bilmir. Bu səbəbdən bulanıq suyun istehlakçılara verilməsinin qarşısını almaq məqsədilə həmin mənbədən anbara suyun qəbulu müvəqqəti dayandırılıb".
Qurumdan qeyd olunub ki, şəhərin digər əsas içməli su mənbəyi olan Meşləş-Talaçay istiqamətində baş verən güclü sel nəticəsində suqəbuledici qurğulara və digər infrastruktur obyektlərinə ciddi ziyan dəyib: " Sel suları filtrlərin qapaqlarını sıradan çıxarıb, suqəbuledici quyulara və magistral su xətlərinə iri həcmdə daş, qum və digər gətirmələr dolub. Hazırda əraziyə giriş mümkün olmadığından həmin mənbədən anbara suyun ötürülməsi tamamilə dayanıb".
ADSEA-dan bildirilib ki, mövcud vəziyyətlə əlaqədar Zaqatala şəhərinin içməli su təchizatı müvəqqəti olaraq alternativ qaydada təşkil edilib: "Şəhər sakinlərinə əvvəlcədən hazırlanmış qrafik əsasında xüsusi su maşınları vasitəsilə içməli su çatdırılır. Bu məqsədlə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və digər aidiyyəti qurumların xüsusi texnikaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək əhalinin içməli su ilə təminatını həyata keçirirlər.
Eyni zamanda idarənin əməkdaşları tərəfindən xəstə, ahıl, əlilliyi olan və digər həssas kateqoriyalara aid vətəndaşların yaşayış ünvanlarına içməli su birbaşa çatdırılır",-deyə agentlikdən əlavə edilib.
ASDEA-dan bildirilib ki, hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Əraziyə giriş mümkün olan kimi zədələnmiş suqəbuledici qurğuların və digər infrastrukturun bərpasına dərhal başlanılacağı bildirilib.
"Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Şəhərin içməli su təchizatının ən qısa müddətdə tam bərpa olunması üçün bütün zəruri texnika, canlı qüvvə və digər resurslar səfərbər olunub",deyə agentlikdən əlavə edilib.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



