Interposta.Info

Başıbəlalı Babək prospekti - yol yenə təmir edildi

Gündəm
 31-08-2019, 09:33     10 438

Anar Nəcəfli: “Ərazidə baş verən qabarmanın səbəbi yeni çəkilən kommunikasiya xətləri deyil”
Babək prospekti avqustun 29-da yenidən bağlanıb. Bu yolda müvəqqəti olaraq avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Babək prospektindən şəhər istiqamətinə gələndə yolun sağ tərəfində 100 metrlik məsafədə qabarmalar olduğundan həmin hissə bərpa edilib. Buna görə də yol müvəqqəti olaraq bağlanılıb.

Babək prospektində işlər həmin gün axşam saatlarında yekunlaşıb və yol açılıb.

Məsələ isə burasındadır ki, təzəlikcə yenidən qurulmasına baxmayaraq Babək prospektində tez-tez çökmə, qabarma hadisələri baş verir. Yeni təmirdən çıxan yol sanki bir də hissə-hissə təmir edilir. Ekspertlər bildirirlər ki, yollarda bərkitmə işləri düzgün aparılmadığı üçün bu cür hadisələr yaşanır.

“Yeni Müsavat”a danışan ekspert Əzim Məsimov söyləyib ki, Babək prospektində və digər qazılıb, sonradan asfaltlanan yerlərdə çökmə hadisələri baş verməyə davam edəcək: “Əsas məsələ budur ki, həmin yollarda bərkitmə işləri düzgün aparılmır. Bir yerdən qazılan torpaq, kommunikasiya xətti çəkildikdən sonra yenidən həmin yerə doldurulmalı deyil. Bizdə isə buna məhəl qoyulmur. Belə yollarda qazılan yerə ya qum, ya da çınqıl tökülməlidir. Fərqi yoxdur ki, həmin ərazi nə zaman qazılıb. Əgər aşağıdan kommunikasiya xətti keçirsə və oradan çıxarılan torpağı təkrar yerinə qaytarıblarsa, çökmənin baş verməsi mümkündür. Kommunikasiya qoyub, onun üzərində ağır bərkitmə işləri mümkün deyil.

Məhz buna görə də dünya təcrübəsində qum tökülür. Bizdə isə asan başa gəlsin deyə, əlavə qum gətirmirlər. Söhbət təkcə Babək prospektindən getmir. Bu məsələ ümumən Bakının bəlasıdır. Haradan kommunikasiya xətti çəkilirsə, eyni cür bərkidilmə aparılır. Ona görə də baxırsan ki, yolun bir tərəfi digər tərəfindən aşağıdadır. Yaxud da tamamilə çökmə baş verib. Bu problem dövlət səviyyəsində öz həllini tapmalıdır. Konkret olaraq qərar verilməlidir ki, qazılan yerə eyni torpaq tökülməsin. Babək prospektindən də Nobel prospektində olduğu kimi köhnə kommunikasiya xətləri keçir. Görünür indi baş verən qabarmalar da həmin xətlərlə bağlıdır. Görürük ki, bir yeri 3-4 dəfə təmir edilir. Burada böyük xərclərdən söhbət gedir. Ancaq bir dəfə qum tökməklə bu kimi halların qarşısını birdəfəlik almaq olar”.

Hadisə ilə bağlı sosial şəbəkələrdə daha çox “Azərsu”nun adı hallanır. Lakin ekspert hesab edir ki, bu qurumun məsələ ilə bağlı ciddi günahından danışmağa dəyməz: “Azərsu” yeni qurumdur və bu qurum köhnədən görülən işlərə cavab verə bilməz. Məsələ şəhər rəhbərliyi səviyyəsində həll olunmalıdır ki, kommunikasiya qazılandan sonra yenidən yerinə qum tökülməlidir. Qum isə Xəzərdə xeyli adalar var ki, oradan gətirilə bilər. Vaxtilə mən bu layihəni həyata keçirmişəm".

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Babək prospektindəki qazıntı proseslərini onlar aparmayıblar: “Kommunikasiya xətlərinin çəkilişini hər hansı bir qurum aparırsa, bərkitmə işlərini də onlar həyata keçirirlər. Biz isə sadəcə olaraq asfaltlanma işlərini görürük. Söhbət konkret olaraq ”Azərsu"dan getmir. Həmin ərazidən təkcə kanalizasiya, su xətti deyil, elektrik, rabitə, qaz xətləri də keçir. Onların hamısı borular vasitəsilə çəkilir. Həmin ərazidə baş verən qabarmanın səbəbi isə yeni çəkilən kommunikasiya xətləri deyil. Babək prospektində torpağın təkində köhnə, mənşəyi məlum olmayan xətlər var. Həmin xətlər metaldan ibarətdir. İllər keçdikcə bu xətlər eroziyaya uğrayır və qırılmağa başlayır. Bu xətlərin üstündə olan torpaq qatları isə onunla birlikdə çökməyə başlayır. Müəyyən ərazilərdə də bu kimi hallar müşahidə olunur".

Yeni tikilən binaların da qarşısında çəkilən kommunikasiya xətləri, sonradan çökmə ilə nəticələnir. Anar Nəcəfli bildirdi ki, bu məsələ ilə bağlı binanı inşa edən şirkətlərə də xəbərdarlıq edilir: “Əgər yolda hər hansı bir problem olursa, həmin problem həmin qurumun vəsaiti hesabına həll olunur. Yəni hansısa qurum tərəfindən qazıntı işləri aparılır, mövcud müqavilə əsasında doldurma işlərini onlar özləri həyata keçirirlər. Biz isə sadəcə olaraq onun üzərini asfaltlayırıq. Sonradan isə ərazidə hansısa problem yaranarsa, həmin qurumun hesabına bu, aradan qaldırılır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26