Interposta.Info

Bibiheybətdə yollar tam bağlandı: Təmir-bərpa işləri nə qədər davam edəcək?

Ölkə
 25-11-2019, 13:14     381

"İki gün bundan öncə bu ərazidə çatlar əmələ gəlmişdi. Bizim əməkdaşlar tərəfindən əraziyə baxış keçirildi və nəzarət altında saxlanıldı. Ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu ərazilərdə çökmə hadisəsi baş verdi".

"Report" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Bibiheybət, Bayıl ərazilərində bir neçə sürüşmə nöqtəsi var ki, onlardan biri də bu ərazidən keçir:

"İntensiv yağışlar nəticəsində bu ərazidə sürüşmə aktivləşdi və nəticədə belə hadisə baş verdi. Hazırda əməkdaşlarımız və müvafiq qurumların nümayəndələri ərazidədirlər, araşdırılma aparılır. Təmir-bərpa işləri qısamüddətli olmayacaq, bir neçə ay ərazidə işlər görülməsi nəzərdə tutulur".

A.Nəcəfli bildirib ki, sürüşmə, təxminən, 100 metr ərazini əhatə edir:

"Bir hərəkət zolağında tam olaraq çökmə baş verib, digər hərəkət zolağında da təhlükə var. Buna görə də ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26