Interposta.Info

Röyanın həbsdə olan qayınatası HƏR ŞEYİN ÜSTÜNÜ AÇDI: sabiq nazir və... - ŞOK İFADƏLƏR

Gündəm
 11-01-2018, 20:06     10 719

"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Publika.az-ın xəbərinə görə, Çingiz Cəlilov ifadəsində deyib ki, 2001-ci ildən "Çudo Peçka" MMC-ni təsis edib.

Onun sözlərinə görə, MMC qida istehsalı və satışı ilə məşğul olub. İşlə bağlı bir neçə banka kredit üçün müraciət edilib, götürülən kreditlər öz ödənişi ilə vaxtında verilib.

Çingiz Cəlilov qeyd edib ki, 2006-cı ildə Yaşar Babayevlə “Bakı Biskivit Fabriki”ni fəaliyyətə gətirmək üçün işləməyə başlayıb: “Yaşar Babayevin sahibi olduğu “ABU Holdinq”in baş direktoru olmuş Yuri Vasilyeviçlə tanış oldum. Onun vasitəsilə də “Standart Bank”ın idarə heyətinin sədri Səlim Kirmanla münasibət qurduq. Səlim müəllimlə elə də sıx münasibətim olmayıb. Yaş fərqimiz çox olduğu üçün əsasən qardaşım Pərviz Səlimlə münasibətdə olurdu”.

Çingiz Cəlilov bildirib ki, qardaşı Pərviz bir müddət sonra ona Səlim Kirmanın şirkətin 30 faizini almaq istədiyini deyib: “Biz bu təkliflə razılaşmadıq. 2008-ci ildə iqtisadi böhranla bağlı çətinliklər yaşadıq. Bu zaman Səlim müəllimin iki il davam edən israrlarını nəzərə alıb, şirkətin 10 faizini ona məxsus “Kes holdinqs limited” şirkətinə güzəşt etdik”.

Biznesmen qeyd edib ki, Səlim Kirman bütün şirkəti “Bank Standart”ın təşəbbüsü ilə yaranan “Bakery operatinq Company” MMC-yə kənar idarəçiliyə verib.

Təqsirləndirilən şəxs sözlərinə belə davam edib: “Səlimlə aramızda bağlanmış müqaviləyə əsasən, onun mənə olan 1 milyon 212 min manat borcumu silməli, ələvə olaraq hər ay şirkətin gəlirlərindən başqa, mənə 30 min manat şəxsi xərclərimlə bağlı ödəniş etməli idi”.

Çingiz Cəlilovun ifadəsinə görə, Səlim Kirman tərəfindən müqavilədə göstərilən öhdəliklər yerinə yetirilməyib. O bilidirib ki, Səlim Kirman 1 milyon 212 min borcu ödəməyib, 5 ay sonra isə aylıq müqaviləyə əsasən, ödəməli olduğu 30 min manatı da verməyib: “Borcun 800 min manatını ödədim. 400 min manatlıq əmlakı da girov qoydum. Səlim Kirman şirkət gəlirlərindən heç bir ödəniş etmədi. Şirkət 2016-cı ilədək Səlim Kirmanın sərəncamında olub. Səlim Kirman 2012-ci ildə mənə "Çudo Peçka" MMC-in daha da inkişaf etdirilməsini təklif etdi. Bu məqsədlə digər ailə üzvlərimin adına kredit götürülməsini məsləhət gördü. Qardaşım Pərviz, övladlarım Anar və Teymurun adına bir neçə müqavilə imzalandı. Həmin kredit müqavilələri çox böyük məbləğlərdə idi. Həmin sənədlər arasında kassa məxaric orderi olmayıb. Düşündüm ki, növbəti dəfə banka çağırılanda kassa məxaric orderi olacaq. Amma nə biz banka çağırıldıq, nə də sənədi verildi. Həmişə Səlimlə danışanda bu məsələni aydınlaşdırmaq istəsəm də, hər dəfə məlumat verəcəyini deyirdi. 2014-cü ilin iyun ayında isə mənə və ailə üzvlərimə Səbail rayon məhkəməsindən faizi ilə birlikdə 31 milyon manatlıq bank tərəfindən mülki iddia qaldırması ilə bağlı məktub gəldi. Məhkəmədə bildik ki, adımıza ayrılan pullar bizə çatmayıb. Rayon məhkəməsi bizi cavabdeh kimi qəbul edib, əleyhimə qərar çıxardı. Ali Məhkəmənin qərarı ilə məlum oldu ki, həmin pullar Səlim tərəfindən “Çudo Peçka” şirkətinə yönəldilib. Məhkəmə dövründə nümayəndəm bankdan adıma olan çıxarışları əldə etdi. Bildik ki, 150 min manat mənə aid olan hesablara köçürülüb. Amma qalan məbləğlər 3 şəxsin hesabına yönləndirilib. Bunu bank əməkdaşları ifadələrində təsdiq etdilər. Bununla da, birinci instansiya məhkəməsi bizim tələbimizi təmin etdi. Lakin apellyasiya instansiyası bankın xeyrinə qərarı dəyişdi”.

Çingiz Cəlilov qeyd edib ki, 2016-cı ildə isə Binəqədi rayon məhkəməsinin qərarı ilə şirkət onlara qaytarılıb: “Apardığımız yoxlamalar zamanı bizə məlum oldu ki, ailənin adına götürülən kreditlər şirkətin işlərinə yönədilməyib. Səlim Kirmanın təklifi ilə mən, övladlarım və qardaşım ilə yanaşı, işçilərimin, qohumlarımın da adına kreditlər götürdük. Götürülən kreditlərlə 2006-2009-cu illərdə Qara Qarayev, Neftçilər, Nərimanov, Əhmədli, İnşaatçılar, 3-cü mikrorayon ərazisində olan mağazalar açıldı. Həmçinin “5 Qazan” kulinariya evi işə salındı. Bundan başqa torpaq sahələrində üzümçülük və buğda əkini işləri də aparılırdı”.

Çingiz Çəlilovun sözlərinə görə, 2009-cu ilədək banka olan borclar vaxtı-vaxtında ödənilib: “Bu illər ərzində banka ümumilikdə 15 milyon manat pul ödənilib. Kreditlərin ödənilməsi, götürülməsi, mağazaların fəaliyyətilə qardaşım Pərviz maraqlanırdı. Səlim Kirmanla danışıqları məhz o aparırdı. 2009-cu ildə kreditlərin ödənilməsində axsamalar yaşandı. Bu səbəbdən Səlimin təklifilə müqavilələr yeniləndi, götürülən kreditlər köhnə borcların ödənilməsinə yönəldildi. Səlim Kirman şirkəti ələ keçirmək niyyətini rellaşdırmaq üçün yoxlamalar göndərirdi. Sonradan Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb məsələni aydınlaşdırmaq, bizi niyə məhkəməyə verdiyinin səbəbini öyrənmək istədim. Səlim dedi ki, bu, bankın rəhbəri Heydər Babayevin və onun xanımının qərarı idi”.

Çingiz Cəlilovun sözlərinə görə, şirkətinin idarəçiliyi Səlim Kirmana veriləndə 14 mağaza var idi, kənar idarəçiliyin fəaliyyəti nəticəsində şirkət məhvə gedib.

Çingiz Cəlilov qeyd edib ki, ayrılan kreditlərin hamısı şirkətin fəaliyyətinə yönəldilib.

Qeyd edək ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilov və “Bank Standart”ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Çingiz Cəlilov müğənni Röyanın keçmiş qayınatasıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26