Interposta.Info

Alverçi əxlaqlı ağxalatlılar... – Politoloqdan təklif

Gündəm
 23-11-2017, 09:09     4 252

Səhiyyə müəssisələrinin özəlləşdirilməsindən və icbari sığortanın tam tətbiqindən başqa yol yoxdur.

"XeberBiz" xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Elçin Mirzəbəyli millət vəkili, akademik Əhliman Əmiraslanovun MM-də səhiyyəyə ayrılan xərclərin artırılmasına dair çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, indiki halda səhiyyəyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin etmək mümkün deyil:

“Bu sahədə dövlət mülkiyyətinin qorunub saxlanılması özünü doğrultmur. Həkimin gözü pasientin problemində yox, cibində qalır. Azərbaycan xəstəxanalarının böyük əksəriyyətində pasientə potensial müştəri gözü ilə baxırlar. Bu səbəbdən də bir çox hallarda xəstələri müalicə və yaxud əməliyyat etmək əvəzinə müalicəni və əməliyyatı onlara necə satmağın yollarını düşünürlər. Həkim xəstəni sağaltmaqdan daha çox, xəstədən pul çıxarmaq haqqında fikirləşir. Bu isə tibb sahəsində mövcud olan bütün dəyərlərin deqrodasiyaya uğramasına, alverçi əxlaqının formaşmasına səbəb olur”.

Politoloq qeyd edib ki, artıq xeyli müddətdir ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev səhiyyə müəssisələrinin özəlləşdirilməsi təşəbbüsü ilə çıxış edir:

“Mən alverçi əxlaqlı ağxalatlılar istisna olmaq şərti ilə ailəsini dolandırmaq üçün gözü xəstənin əlində olan həkimləri də başa düşürəm. 150-200 manata nəinki ailə saxlamaq, heç kommunal xərcləri ödəmək mümkün deyil. İnsanların öz bacarıq və istedadlarına, zəhmətlərinə görə ləyaqətli həyatlarını təmin etmək haqqında düşünmək lazımdır. Bu çox vacib sosial-psixoloji şərtdir. Şübhəsiz ki, özəlləşdirmə olarsa, binanın saxlanılması, yeni avadanlığın alınması və s. məsələlərlə bağlı xərcləri müəssisə ödəyəcək. Dövlət isə vətəndaşın müalicəsinin yalnız sığorta hissəsini ödəyəcək. Tibb müəssisələri arasında rəqabət yaranacaq. Onlar da yaxşı mütəxəssisləri öz müəssisələrinə cəlb etmək üçün onlara layiqli əmək haqqı vermək məcburiyyətində qalacaqlar. Beləliklə həkim həyatını, xəstə isə sağlamlığını qüruru yenilmədən, aşağılanmadan təmin edə biləcək. Dövlətin də yaxası havaya sovrulan xərclərdən qurtaracaq. Vəssalam. Yenidən təkər kəşf eləməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, millət vəkili, Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən, səhiyyəyə ayırılan xərclərin artırılmasına ehtiyac olduğunu deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26