Interposta.Info

Azərbaycanda həbs olunan PKK tərəfdarı haqda

Gündəm
 8-03-2017, 10:46     1 094

Azərbaycanda həbs olunan PKK tərəfdarı haqda

Sülhəddin Əkbər: “Terror təşkilatlarına qarşı sərt, səmərəli və effektli fəaliyyət göstərmək lazımdır”

Laçın Rayon Təhsil Şöbəsinin sabiq metodisti, PKK lideri Abdulla Öcalanın təbliğatçısı kimi tanınan Müqabil Baxışov martın 6-da məhkəmə qarşısına çıxarılıb və 4 il müddətinə azadlıqdan məhrum edilib.

Müqabil Baxışov kimdir?


Öncə qeyd edək ki, M.Baxışov ötən il noyabrın 29-da saxlanılmışdı. O, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinib və Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 maddələri ilə məsuliyyətə cəlb edilib.

Laçın Rayon Məhkəməsi onun barəsində 2 ay 19 günlük həbs-qətimkan tədbiri seçmışdı.

Müqabil Baxışov PKK lideri Abdulla Öcalana xüsusi simpatiyası ilə seçilən şəxsdir və mətbuatda, sosial şəbəkələrdəki səhifəsində açıq şəkildə PKK-nın təbliğatını da aparırdı. O, nümayişkaranə şəkildə PKK bayrağını paylaşıb, onunla şəkil çəkdirərək yayırdı.

2014-cü ildə - hələ təhsil şöbəsində işləyərkən onun yaxınlarının, tanışlarının adına 100 min dollardan çox kredit götürərək ölkədən qaçdığı, Kürdüstan adlandırılan əraziyə getdiyi bildirilirdi.

Adı bu qalmaqallarda hallanandan sonra o, 2015-ci ildə işdən azad edilmişdi.

Bir müddət sonra isə yenidən Azərbaycanda peyda olmuşdu.

Müqabil Baxışov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2012-ci il oktyabrında Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq maddəsi təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Sonra isə barəsində 1 il 6 ay müddətinə şərti sınaq müddəti tətbiq edilib.

2013-cü ildə Laçın Rayon İcra Hakimiyyətinin M.Baxışovla bağlı yaydığı bəyanatda deyilir:

“2012-ci il iyunun 18-də Laçın rayonunun Şeylanlı kənd sakini Müqabil Baxışov sərxoş vəziyyətdə Ağcabədi rayon ”Aqroinvest" Kredit İttifaqının Ağcabədi rayon filialına gələrək filialın müdiri vəzifəsində işləyən Vidadi Mehtiyevi söyüb təhqir edərək ona xəsarət yetirmiş, idarədə yerləşən əşyaları dağıtmış, V.Mehtiyevə 300 manat dəyərində maddi ziyan vurmaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə özgənin əmlakını qəsdən məhv edərək qərəzli hərəkətlər edib. Bundan başqa, Müqabil Baxışov 18 iyun 2012-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında olan gecə işıqlandırıcı dirəyini sındırıb".

interposta.info xəbər verir ki, ekspert Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirib ki, terror təşkilatına üzv olmaq, terror təşkilatı ilə əlaqə saxlamaq ən ağır cinayətlərdən biridir:

“Onun da müvafiq cəzası olmalıdır. Ümumiyyətlə, nəzərə alaq ki, dünyada beynəlxalq terrorizmin yayılması təhlükəsi artıb və terror təşkilatları bir-biriləri ilə qarşılıqlı əlaqədədirlər. Müxtəlif zamanlarda onlar bir-birilərinə hətta sifariş də verirlər. Eyni zamanda nəzərə alsaq ki, Azərbaycanda terror təhdid səviyyəsi yüksəkdir, o zaman hansı terror təşkilatına aid olmasından asılı olmayaraq, terrorizmə, terror təşkilatlarına qarşı sərt, səmərəli və effektli fəaliyyət göstərmək lazımdır. Son dövrlərdə Türkiyənin PKK-ya qarşı apardığı effektli mübarizə öz nəticəsini verir və bu terror təşkilatının fəaliyyətində aktivliyin nisbi azalması müşahidə olunur. Fəaliyyət istiqaməti hazırda Türkiyə, İraq və Suriyanın şimalıdır”.
Azərbaycanda həbs olunan PKK tərəfdarı haqda


S.Əkbər bildirib ki, hazırda İŞİD daha çox təhlükəlidir: “İndiki halda hesab edirəm ki, PKK-dan çox İŞİD təhlükəsi yüksəkdir və Azərbaycan xüsusi xidmət orqanları İŞİD-lə bağlı olan terror təşkilatlarına daha çox diqqət ayırmalıdırlar. Çünki İŞİD-ə qarşı mübarizə kəskinləşdikcə, bu terror qruplaşmasının nəzarətində həm İraqda, həm də Suriyada olan ərazilər kiçildikcə, təbii ki, onların ətraf bölgələrə yayılma ehtimalları da artır. Bunu da nəzərə almaq lazımdır ki, İŞİD-in sıralarında həm MDB ölkələrindən, həm Şimali Qafqazdan - Gürcüstandan və Azərbaycandan vuruşanlar var. Bu faktı gözardı etməmək lazımdır. İŞİD-in son zamanlar dağlara çəkilməsi ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, İŞİD-in gələcək fəaliyyəti bundan sonrakı strategiyasına bağlıdır. Düşünürəm ki, bu, operativ, taktiki xarakter daşıyan qərardır. Bundan sonra İŞİD hansı strategiyanı tətbiq edəcək, hələ ki müəyyən deyil”.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26