Interposta.Info

KİV: “ABŞ kəşfiyyatı “Hizbullah”ın ölkəyə hücum həyata keçirə biləcəyini hesab edir”
 

Dünya
 11-01-2024, 18:11     37 679

ABŞ kəşfiyyatı hesab edir ki, “Hizbullah” təşkilatının yaraqlıları ABŞ ərazisində və ya xaricdəki ABŞ diplomatlarına hücumlar həyata keçirə bilərlər.

Bu barədə “Politico” qəzeti ABŞ Prezidenti Cozef Baydenin administrasiyasındakı dörd mənbəyə istinadən yazıb.

Qeyd olunub ki, rəsmilər İranın dəstəklədiyi silahlı qruplaşmanın əvvəlcə Yaxın Şərqdə ABŞ silahlı qüvvələrinə zərbə endirəcəyinə inanır. Nəşrin verdiyi məlumata görə, ABŞ kəşfiyyatı “Hizbullah”la bağlı ABŞ hərbi qüvvələri və ya diplomatik əməkdaşlarına hücumlar həyata keçirmə ehtimalını nəzərdən keçirdiyini göstərən məlumatlar toplayır.

“Bölgədə gərginlik artdıqca ABŞ ərazisinə hücum ehtimalı da artır”, - deyə məqalədə bildirilir.
Nəşr qeyd edir ki, ABŞ administrasiyasındakı mənbələr söhbətin hansı hücumdan getdiyini açıqlamayıblar. Onların sözlərinə görə, “Hizbullah” ABŞ-də hücum həyata keçirmək üçün agentlərdən istifadə etməyə imkan verəcək geniş beynəlxalq şəbəkəyə malikdir. Eyni zamanda, kəşfiyyatın hesablamalarına əsasən, Yaxın Şərqdəki digər qruplaşmaların bu kimi imkanları yoxdur.

Qəzet həm ABŞ ərazisində, həm də xaricdə ABŞ ordusuna və ya diplomatlarına hücumun Bayden administrasiyasına zərbə olacağını vurğulayıb.

“Bu, həm də milli təhlükəsizlik resurslarını Çin və Rusiyaya qarşı mübarizəyə yönəltməyə çalışdığı bir vaxtda ABŞ-ni Yaxın Şərqə geri çəkə bilər”, - deyə “Politico”nun məqaləsində qeyd olub.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26