Interposta.Info

 

“Togg”dan istifadə edən türkiyəli nazir: “Kifayət qədər rahat və təhlükəsizdir”

Dünya
 15-04-2023, 17:44     287

“Togg” avtomobili kifayət rahat və təhlükəsizdir”.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu “TGRT Haber”in efirində deyib.

O bildirib ki, “Togg”dan istifadə etmək insana zövq verir:

“Bu gün də studiyanıza bu avtomobillə gəldim”.

Nazir yerli istehsal avtomobildən həvəslə istifadə etdiyini söyləyib.

Qeyd edək ki, “Togg” Türkiyənin ilk yerli elektromobilidir.
“Togg”un istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan bir il sonra qonşu ölkənin beş aparıcı şirkəti - “Anadolu Group” (19 %), “BMC” (19%), “Root Group” (19%), “Turkcell” (19%), “Zorlu Holding” (19%) və “TOBB” (5%) - bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. İki ildən sonra isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb. Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara verilib və ötən il oktyabrın 29-dan burada “Togg”un kütləvi istehsalına başlanılıb.

Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobil istehsal olunması nəzərdə tutulub. Bu isə 4 300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə qədər isə illik istehsal gücü bir milyon ədədi keçəcək.

Artıq “Togg”un satışına start verilib. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, vətəndaşların 95%-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.

Bu il martın əvvəlindən “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26