Interposta.Info

Xameneyinin nümayəndəsi polis rəisinin 15 yaşlı qızı zorladığını təsdiqlədi

Dünya
 14-12-2022, 18:42     305

İranın ali rəhbəri Seyid Əli Xameneyinin Sistan və Bəlucistan vilayəti üzrə nümayəndəsi Məhəmməd Cavad Hacı Əli Əkbər dolayısı ilə bəluclu 15 yaşlı qızın polis rəisi tərəfindən zorlanması faktını təsdiqləyib.

Xameneyinin rəsmi veb-saytına müsahibəsində Çabaharda "bir olayın” baş verdiyini deyib. O əlavə edib ki, qətl hadisəsinin araşdırılması zamanı hadisə barədə məlumat verən qadınlardan birinin başına "nəsə pis iş gəlib”.

Xamneyinin nümayəndəsi daha sonra bu hadisəyə etiraz olaraq Zahedanda keçirilən aksiyanın qəddarlıqla dağıdılmasına toxunub. O, günahsız insanların öldüyünü deməklə, İranın hökümət qüvvələrinin etiraz aksiyalarını amansızlıqla yatırdığını təsdiqləmiş olub.

Zorlanma faktı sentyabr ayında baş verib. Bu faktı ilk olaraq Rask şəhərinin sünni imamcüməsi Mövləvi Əbdül Qafar Nəqşibəndi açıq şəkildə bəyan edib və hakimiyyətdən olayla bağlı tədbir görülməsini tələb edib.

Sentyabrın 30-da Zahedanda hadisəyə etiraz olaraq aksiya keçirilib. Təhlükəsizlik qüvvələri aksiyaya silahlı müdaxilə edib. Nəticədə 90 nəfər ölüb.

Hadisə 22 yaşlı Məhsa Əmininin polis bölməsində ölməsinə etiraz olaraq keçirilən aksiyaların xüsusi ilə Sistan və Bəlucistan vilayətində geniş vüsət almasına səbəb olub. Etirazçılar paralel olaraq 15 yaşlı bəluc qızı zorlayan polis rəisinin də cəzalandırılmasını tələb edib.

Buna baxmayaraq hakimiyyət Məhəmməd Cavad Hacı Əli Əkbərin açıqlamasına qədər bu barədə susub. Hətta zorlamada ittiham olunan İbrahim Koçzari vəzifəsindən hansı səbəbdən azad edilməsinə də aydınlıq gətirilməyib. Xameneyinin nümayəndəsinin açıqlaması isə göstərir ki, teokratik rejim Koçzarini məhz zorlama faktına görə işdən çıxarıb. Lakin rəsmi Tehran bunun ajiotaja səbəb olacağını və presedentə çevriləcəyini düşünərək bu barədə açıqlama verilməməsini məqsədəuyğun hesab edib.

Bir neçə gün əvvəl Mövləvi Əbdül Qafar Nəqşibəndinin Məşhəd Ruhanilərinin Xüsusi Məhkəməsinə çağırılması hadisənin yenidən gündəmə gəlməsinə səbəb olub. Yayılan məlumatlarda Nəqşibəndinin məhz bu məsələyə görə məhkəməyə çağırıldığı bildirilirdi.

Nəqşibəndi özü də verdiyi açıqlamada 15 yaşlı bəluc əsilli qızın zorlanması faktını minbərdən bəyan etdiyinə görə məhkəməyə çağırıldığını deyib.
Ehtimal olunur ki, Nəqşibəndi qondarma ittihamlarla həbs oluna bilər. Siyasi analitiklər hesab edir ki, bu baş verərsə, İran məzhəb toqquşmasının meydanına çevriləcək./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26