Interposta.Info

Bundan sonra Krım tatarları Türkiyədə uzun müddət yaşaya biləcəklər
 

Dünya
 12-08-2022, 19:47     269

Bundan sonra Türkiyədə məhsəti türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstan türkləri kimi "mənşəsi türk olan” Krım tatar türklərinə də uzunmüddətli yaşayış icazəsi veriləcək.

"İnterPosta" bu barədə TRT-yə istinadən xəbər verir.

Türkiyə Daxili İşlər Nazirliyinin İmmiqrasiya İdarəsindən alınan məlumata görə, idarənin qərarına əsasən, Türkiyə vətəndaşı olmayan bir vətəndaşın uzunmüddətli yaşayış icazəsi alması üçün Türkiyədə 8 il fasiləsiz yaşamaq şərti tələb olunur. Lakin 15 fevral 2017-ci il tarixli qərara görə, Bolqarıstan, Yunanıstan, məhsəti və uyğur türkləri üçün bu müddətə ehtiyac olmadan uzun müddətli oturma icazələri verilir.

Bu çərçivədə, İmmiqrasiya İdarəsi Krım tatar türkləri üçün nəzərdə tutulan yeni statusla bağlı işləri tamamlayıb.

Bundan belə, Krım tatarları da məhsəti, uyğur, Bolqarıstan və Yunanıstan türkləri kimi "türk mənşəli” olaraq tanınacaq.

Belə ki, Krım Tatar türklərinə Türkiyədə 8 il fasiləsiz yaşamaq şərti olmadan "məhdud yaşayış hüququ” verən uzunmüddətli yaşayış icazəsi verilməsi prosesi bu ay başlayıb.

Türkiyəyə gələn Krım tatar türkləri lazımi şərtləri yerinə yetirdikləri təqdirdə uzunmüddətli yaşayış icazəsi ala bilərlər.

Bu hüquqdan istifadə etmək istəyənlər tələb olunan sənədlərlə "e-ikamet.goc.gov.tr” ünvanından qəbula yazıldıqdan sonra əyalət immiqrasiya idarələrinə gedə bilərlər.

Ölkənin Prezident aparatlığının məlumatlarına görə, Türkiyədə yaşamaq icazəsi ilə yaşayan əcnəbilərin yalnız 5%-nin uzunmüddətli, türk əsilli insanların isə 75%-nin uzunmüddətli oturma icazəsi var.

Vurğulanır ki, bu günə qədər Türkiyədə 57 min bolqar, yunan, uyğur və məhsəti türklərinə uzunmüddətli yaşayış icazəsi verilib.

Bu arada Türkiyə Ukrayna-Rusiya müharibəsinin qurbanı olan 4296 türk əsilli insana yardım əlini uzadıb. Bu çərçivədə 409-u Krım tatarları və 2395-i məhsəti türkləri olmaqla 2804 nəfər 5 vilayətdə mərkəzlərdə yerləşdirilib.

Qeyd edilir ki, bu mərkəzlərdə müharibə qurbanı olan uşaqlara sağlamlıq yardımı, psixoloji və təhsil kimi xidmətlər göstərilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26