İran və Rusiyaya dost olaq, yoxsa düşmən? (ŞƏRH)

Azərbaycan şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəddir. Azərbaycanın Rusiya ilə olan sərhədin uzunluğu 327.6 km-dir.
Azərbaycanın İranla sərhədinin uzunluğu isə 765 km-dir. Ölkəmiz digər qonşuları kimi adıçəkilən iki ölkəyə münasibətdə də mehriban qonşuluq siyasəti yürüdür. Amma buna baxmayaraq, Rusiya və İran aqressiv, qonşu dövlətlərə münasibətdə heç də xoş olmayan addımlar atır. Tarixboyu dəfələrlə bunun şahidi olmuşuq. Belə vəziyyətdə, Azərbaycanda İran və Rusiyaya münasibətdə Bakının yürütməli olduğu strategiya barədə müxtəlif fikirlər səslənir. Bir qrup onlarla daha da yaxınlaşmanın tərəfdarı olsa da, başqa bir qrup şimal və cənub qonşulardan mümkün qədər uzaqlaşmanın tərəfdarıdır.
Məsələ barədə "İnterPosta"-ya danışan politoloq Zərdüşt Əlizadə Azərbaycanın İran və Rusiyaya münasibətdə xoş əlaqələr saxlamaq strategiyasına üstünlük verməyə məhkum olduğunu deyir:
"Azərbaycan şimal və cənubdan nəhəng dövlətlərlə əhatə olunub. Şimaldakı dövlət Rusiyadır, cənubdakı isə İran. Nəhəng dövlətlərlə xoş münasibətlər saxlamalıyıq. Buna məhkumuq. Coğrafiya ölkəmizə xarici siyasətin strategiyasını diqtə edir”.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə əksinə, Azərbaycanın Moskva və Tehrandan mümkün qədər məsafə saxlamasının tərəfdarıdıır:
"Azərbaycan hər iki ölkədən məsafələnmə siyasəti yürütməlidir. Təəssüf ki, bu iki ölkə Azərbaycana dost münasibət bəsləməyən ölkələrdir. Bu ölkələrin Azərbaycanda olan agentura setinin sıradan çıxarılması, heç olmasa, zəiflədilməsi istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərməliyik. Azərbaycanın bu iki ölkədən müdafiəsi əsasən Ankara ilə Bakı arasında olan müttəfiqlik münasibətləri hesabına təmin olunur. Eyni zamanda, Bakı İran və Rusiyaya alternativ güc mərkəzlərilə daha yaxın münasibətlər qormalı və təhlükəsizliyini bu şəkildə təmin etməlidir”./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26