Interposta.Info

Tehrandan işğalçı ölkəyə növbəti dəstək

Siyasət
 8-10-2018, 09:25     10 410

İrandan Ermənistana daha bir “nəfəslik” açıldı - Ermənistana ikinci qaz kəməri işə düşür; politoloq: “İran işğalçıya ona görə yardım edir ki...”

İrandan Ermənistana yeni qaz kəmərinin çəkilişi başa çatıb. Bu barədə Rusiyanın NTV telekanalı məlumat yayıb. Qeyd edək ki, buna qədər də İrandan Ermənistana qaz kəməri mövcud olub. İran-Ermənistan qaz kəməri İrandan başlayan Ermənistanda bitən 140 kilometr uzunluğunda boru xəttidir. Xəttin 100 kilometrlik İran hissəsi İranın Təbriz şəhərindən İran-Ermənistan sərhədinə qədər davam edir.

Ermənistan hissəsi isə Meqri kəndində bitir. Boru xətti 20 dekabr 2006-da fəaliyyətə başlayıb. Ancaq xəttin rəsmi açılışı iki ölkənin dövlət başçılarının iştirakı ilə 19 mart 2007-də reallaşıb. Haqqında söhbət gedən isə ikinci boru xəttidir. Onun uzunluğu 197 kilometrdir.

Beləliklə, müsəlman ölkəsi olan İran İslam Respublikası qonşuluğunda yerləşən başqa bir müsəlman ölkənin-Azərbaycanın ərazisini işğal edən Ermənistana daha bir nəfəslik açmış oldu.

"XeberBiz" xəbər verir ki, hadisə barədə “Yeni Müsavat”a danışan politoloq Natiq Miri bildirdi ki, qaz kəmərinin çəkilməsində Rusiyanın ciddi rolu var: “Bu kəmər çəkilməsi xeyli müddət əvvəldən Rusiya ilə də razılaşdırılıb. Mən sırf bu hadisəni Azərbaycana düşmənçilik kimi qiymətləndirməzdim.

Şübhəsiz ki, İran uzun illərdir Ermənistanın iqtisadiyyatının çökməməsinin əsas səbəblərindəndir. Təəssüflər olsun ki, müsəlman dövləti olan İran sərhədindəki başqa bir müsəlman ölkəsi olan Azərbaycanın ərazilərini işğal edən, məscidləri darmadağın edən Ermənistana iqtisadi dəstək verir. İranın geosiyasi maraqları belə bir vəziyyəti meydana çıxarıb. İki türk cümhuriyyəti arasında süni surətdə yaradılan Ermənistana ona görə İran tərəfindən yardım edilir ki, Ermənistan dövlət kimi mövcudluğunu saxlasın və Türkiyə ilə Azərbaycan arasında var olsun. Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana qarşı siyasi alət rolunu oynayır.

Bu alətin sıradan çıxmasını nə Rusiya, nə də İran istəyir. Ona görə də daim dəstək verirlər. Bu gün Ermənistan istifadə etdiyi yanacağın böyük hissəsini İrandan alır. İran Ermənistana mavi yanacaq, neft və neft məhsullarını ixrac etməkdən imtina etsəydi və özü də Türkiyə kimi “Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkil” şərtini qoyaraq buna getsəydi, bəlkə də Qarabağdan erməni qoşunları çoxdan geri çəkilmişdi. İran Ermənistanla sərhədlərini bağlasa, Ermənistan 6 aydan artıq duruş gətirə bilməz. İranın köməyi olmasaydı, Ermənistan illər öncə aclıq fəlakəti ilə üz-üzə qalacaqdı. Əgər İran da Türkiyə kimi Ermənistanla sərhədlərini bağlasaydı, Qarabağ məsələsinin həllinə, Ermənistanın işğalçılıq mövqeyindən geri çəkilməsinə çox ciddi təsir göstərə bilərdi. Çünki Ermənistanın iqtisadi baxımdan ayaq üstə qalmasında İran ən böyük rol oynayan dövlətdir. İranın dəstəyinin kəsilməsi, sərhədin bağlanması Ermənistanı dözülməz durumla üz-üzə qoyardı. Belə durumda uzun müddət tam gətirə bilməzdilər".

Politoloq xatırlatdı ki, nə Türkiyə, nə də Azərbaycan heç zaman İrana qarşı koalisiyalara, sanksiyalara qoşulmayıb: “Halbuki bunun üçün Azərbaycana zaman-zaman çox ciddi təzyiqlər edilib. Əgər Azərbaycana edilən təzyiqlərin cüzi hissəsi Ermənistana edilsəydi, anti-İran koalisiyasına, İrəvan İrana qarşı sanksiyalara çoxdan qoşulardı. Təəssüf ki, bütün bunların qarşılığında bizim Ermənistana münasibətdə İrandan gözləntilərimiz doğrulmur. Ən qəribəsi odur ki, Azərbaycanın ərazilərini işğal edən Ermənistanla sıx əlaqələr quran İran Azərbaycandan İsraillə münasibətlərini kəsməsini zaman-zaman istəyib. Nə qədər ki, Tehran Ermənistana dəstək verməkdə davam edəcək, onun Azərbaycandan belə bir tələbi etməsi məntiqsiz olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26