Interposta.Info

Kissincerin təklifi, Avropa liderlərinin Kiyev səfəri, Putinin cığallığı
 

Dünya
 13-06-2022, 17:47     348

İtaliyanın Baş naziri Mario Draqi, Almaniya Kansleri Olaf Şults və Fransa Prezidenti Emmanuel Makron iyunun 16-da Ukraynanın paytaxtı Kiyevə birgə səfər edəcəklər. Qeyd edək ki, Rusiya Kiyev və ətraf ərazilərdən geri çəkildikdən sonra Ukraynaya Qərb liderlərinin çoxsaylı səfərləri baş tutub. Onlar bununla Kiyevə dəstək nümayiş etdiriblər.

Paris, Berlin və Romanın Moskvaya münasibəti müharibəyə qədər isti olub. Fransa və Almaniya isə hətta müharibəyə qədər Donbas probleminin nizamlanması üzrə danışıqlarda əsas vasitəçilər idi. Lakin Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra sözügedən üç ölkə Moskvaya qarşı sanksiyalara qoşuldu. Hətta bu yaxınlarda Almaniya Ukraynaya müasir silahların verilməsinə razılıq verib. Bununla belə, həmin üç ölkə lideri, xüsusən də Fransa Prezidenti ara-sıra Rusiya və Putinlə bağlı yumşaq mövqe sərgiləməyin vacib olduğunu da qeyd edirlər.

Üç ölkə rəhbərinin Kiyevə səfərini "İnterPosta"-ya şərh edən politoloq Elşən Mirzəoğlu düşünür ki, Aİ-nin üç aparıcı ölkə liderinin Kiyevlə danışıqları zamanı Qərb siyasətinin patriarxı Kissincerin təklifləri müzakirə ediləcək:

"Səfərdə məqsəd Moskva ilə Kiyev, daha dəqiqi Qərblə Rusiya arasında münasibətlərdə yaşanan gərginliyi aradan qaldırmaq və Kiyevdə keçiriləcək danışıqlarla münaqişənin yaratdığı geosiyasi reallıqlara Avropa dövlətlərinin münasibətini çatdırmaq istəyidir. Münaqişənin kökündə dayanan amil dünyanın yeni nizamı ilə bağlı məsələlərə Rusiya ilə Qərbin kifayət qədər fərqli baxış və mövqelərinin üst-üstə düşməməsidir. Kissencer Rusiyanın marağı məzərə alınmadan münaqişənin həllinin mümkünsüzlüyünü bildirib. Qərbin Rusiyanı tam məğlub etməsi planları da özünü hələlik doğrultmayıb. Makron, Şults və Draqi Şərqi Avropada ciddi tənqid edilirlər”.

Ekspert bildirir ki, vasitəçilik missiyasının həyata keçməsi üçün Şults, Makron və Draqi Moskvanın marağının müəyyən dərəcədə nəzərə alınmasının vacib olduğu qənaətindədir:

"Praqmatik siyasətçilər olan Makron və Şults müharibənin Qərb iqtisadiyyatına vurduğu ziyanın miqyasını gözəl anlayır. Buğdanın qiyməti xeyli dərəcədə artıb. Bu isə Avropanın orta təbəqəsini siyasi liderlərdən narazı salır. Yaranmış böhranı nə fransızlar, nə almanlar, nə də italyanlar öz liderlərinə bağışlamayacaqlar. Ona görə də praqmatik maraqlar Rusiyanın maraqlarının müəyyən dərəcədə nəzərə alınmasını zəruri edir”.

E.Mirzəoğlunun fikrincə, bu səfər sonucunda ABŞ-la həmin üç Aİ ölkəsi arasında müəyyən çatlar yarana bilər:

"ABŞ isə bu konfliktdən əsla itirmir, əkinə qazanır. ABŞ bu konflikt vasitəsilə Avropanı maliyyə və enerji baxımdan özündən asılı edir. Ona görə üç liderin Kiyevə səfəri və aparılacaq danışıqlar fonunda ABŞ-ın xeyrinə olmayacaq çat da yarana bilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26