Interposta.Info

Kağız üzərində sığorta, reallıqda isə bürokratiya tələsi: Vətəndaşın ürək ağrısı kimə lazımdır?

Manşet / Paradoks
 Dünən, 22:11     157

​İcbari Tibbi Sığorta hər bir vətəndaşın keyfiyyətli və əlçatan səhiyyə xidməti alması üçün yaradılıb. Reklam xəbərlərində, rəsmi elanlarda hər şey ideal görünür: hər kəs sığortalıdır, bütün mürəkkəb müayinələr pulsuzdur. Bəs reallıq nədir? 

Reallıq Sabunçu Tibb Mərkəzi ilə Yeni Klinika arasında qalan, həyatı təhlükədə olan ürək xəstəsi Dünyamalıyev Aqil Rəşid oğlunun üzləşdiyi rəzalətdir.

​Xəstəxanalararası "futbol": Vətəndaşı kim və niyə aldadır?

​Sabunçu Tibb Mərkəzinin kardioloqu xəstəyə təcili diaqnoz qoyur: ürək damarları angioqrafiya olunmalıdır. Bu, hər an infarkt riski daşıyan bir insan üçün zamanla yarış deməkdir. Lakin sistem işləmək əvəzinə, xəstəni dövlət idarələrinin qapılarında "futbol topu" kimi irəli-geri qovmağa başlayır.

​ Tibbi sığorta xəstənin sənədlərini "Yeni Klinika"ya göndərir. Xəstə ümidlə ora yollanır, amma aldıqları cavab şok effekti yaradır: "Bizdə bu xidmət göstərilmir!"

Ölkənin ən böyif və müasir xəstəxanalarından biri sığortanın göndərdiyi xəstəyə elementar ürək müayinəsini edə bilmir. Tibbi sığorta hara, hansı xidmətin olub-olmadığını bilmədən kor-koranə göndəriş yazır?

​ Çarəsiz qalan vətəndaş yenidən Sabunçu Tibb Mərkəzinə qayıdır. Buradan isə ona daha da dəhşətli və qəddar bir cavab verilir: "Sizi başqa mərkəzə göndərə bilmərik."

​Bu, açıq şəkildə vətəndaşa "get harada ölürsən, öl" deməkdir!

​Reklamlar yalan danışır, yoxsa xəstəxanalar qanun tanımır?

​İcbari Tibbi Sığorta Agentliyi hər gün hesabatlar yayır, angioqrafiya və bu kimi mürəkkəb əməliyyatların sığorta zərfinə daxil olduğunu fəxrlə elan edir. Əgər bu xidmət sığorta ilə qarşılanırsa, Sabunçu Tibb Mərkəzi hansı haqla və hansı qanunla xəstəyə göndəriş verməkdən imtina edir?

Dövlətin ayırdığı milyonlarla vəsait hara gedir ki, ürək xəstəsi olan bir vətəndaş elementar müayinəni ala bilmir?

​​Səhiyyə sisteminin və sığorta qurumlarının bu rəzil fəaliyyətsizliyi, məsuliyyətsizliyi və vətəndaşa qarşı göstərdiyi ögeylik Aqil Dünyamalıyevi son çarəyə əl atmağa məcbur edib. O, canının hayında olarkən, məmurların bürokratik maneələrini aşa bilmədiyi üçün birbaşa mediamız vastəsilə Prezident İlham Əliyevə müraciət edir.

​Bu hadisə sadəcə bir nəfərin yox, icbari tibbi sığortanın və bəzi dövlət xəstəxanalarının vətəndaşın sağlamlığına necə barmaqarası baxdığının bariz sübutudur. İnsan həyatı ilə oynamağı dayandırın!

Aidiyyəti qurumlar bu rəzalətə təcili cavab verməli və xəstənin müayinəsi dərhal təmin olunmalıdır.

Görəsən, bu məmurların hərəkətə keçməsi üçün mütləq bədbəxt bir hadisə baş verməlidir?

​"Məlumat üçün onu da qeyd edək ki, vətəndaş məsələ ilə bağlı həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) qaynar xətlərinə rəsmi şikayət ünvanlayıb."

Vətəndaşla əlaqə: 055 528 68 08

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26