Interposta.Info

Azərbaycan–Almaniya iqtisadi tərəfdaşlığı yeni imkanlar yaradır

Siyasət
 Dünən, 11:29     31

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər göstərdi ki, Azərbaycan və Almaniya qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyur.

Dövlət başçısının vurğuladığı kimi, strateji dialoqun başlanması və imzalanan Birgə Bəyannamə ikitərəfli münasibətlərə yeni dinamika qazandıracaq. Xüsusilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və biznes dairələri arasında əlaqələrin möhkəmləndirilməsi bundan sonrakı dövrün əsas prioritetlərindən olacaq.

Bu gün Azərbaycanda 200-dən artıq Almaniya şirkətinin fəaliyyət göstərməsi ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin göstəricisidir. Yeni yaradılan Azərbaycan–Almaniya Biznes Şurası sahibkarlar arasında birbaşa əməkdaşlığı genişləndirəcək, yeni investisiya layihələrinin həyata keçirilməsinə və innovativ təşəbbüslərin reallaşmasına mühüm töhfə verəcək.

Enerji sahəsində əməkdaşlıq isə münasibətlərin ən mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunu daha da artırır. Hazırda Azərbaycan qazının Avropa İttifaqının on ölkəsinə çatdırılması ölkəmizin etibarlı enerji tərəfdaşı kimi qazandığı nüfuzun bariz göstəricisidir.

Bununla yanaşı, Azərbaycanın Almaniyaya neft ixrac etməsi və gələcəkdə yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi planları münasibətlərin strateji xarakterini daha da gücləndirir. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı üzrə həyata keçirilən layihələr hər iki ölkə üçün yeni iqtisadi perspektivlər açır.

Azərbaycanın son illər yaratdığı müasir nəqliyyat və logistika infrastrukturu da Almaniya ilə əməkdaşlıq üçün əlverişli imkanlar formalaşdırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz Avrasiya məkanında mühüm tranzit mərkəzinə çevrilib. Bu amil Almaniya şirkətlərinin də Azərbaycana marağını daha da artırır.

Şübhəsiz ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri yalnız mövcud əlaqələrin inkişafına deyil, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə də xidmət edir. İmzalanan sənədlər, verilən siyasi mesajlar və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan–Almaniya münasibətləri qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji baxışa əsaslanaraq daha da möhkəmlənəcək.

Müasir dövrdə güclü iqtisadi tərəfdaşlıq siyasi münasibətlərin də dayanıqlığını təmin edən əsas amillərdəndir. Bu baxımdan Almaniya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin şaxələndirilməsinə, investisiya imkanlarının artmasına və ölkəmizin Avropanın etibarlı tərəfdaşlarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Gündüz Şəfiyev

Siyəzən RİHB-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun məsləhətçisi

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26