Azərbaycan–Almaniya əməkdaşlığı yeni strateji mərhələyə yüksəlir
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və imzalanan mühüm sənədlər Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoydu. Dövlət başçısının verdiyi bəyanatlar göstərir ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq artıq daha geniş siyasi, iqtisadi və strateji məzmun qazanır.
Səfərin ən mühüm nəticələrindən biri "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Bu sənəd iki ölkə arasında əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və strateji dialoqun davamlı xarakter almasına zəmin yaradır.
Almaniya Avropanın aparıcı dövlətlərindən biri kimi Azərbaycan üçün mühüm tərəfdaşdır. Son illər siyasi dialoqun intensivləşməsi, iqtisadi münasibətlərin genişlənməsi və qarşılıqlı etimadın möhkəmlənməsi bu tərəfdaşlığın gələcək perspektivlərinin kifayət qədər geniş olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, imzalanmış sənədlər ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.
İqtisadi əməkdaşlıq da sürətlə inkişaf edən istiqamətlərdəndir. Azərbaycanda 200-dən artıq Almaniya şirkətinin uğurla fəaliyyət göstərməsi ölkəmizin əlverişli investisiya mühitinin göstəricisidir. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması isə yeni investisiya layihələrinin reallaşdırılması, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Enerji sahəsində əməkdaşlıq münasibətlərin strateji sütunlarından biri kimi diqqəti cəlb edir. Azərbaycanın təbii qazının artıq Almaniyaya ixrac olunması ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin miqyasını daha da artırır. Bununla yanaşı, neft və gələcəkdə yaşıl enerji layihələri üzrə əməkdaşlıq iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın möhkəm əsaslar üzərində qurulduğunu təsdiqləyir.
Azərbaycanın nəqliyyat və logistika imkanlarının genişlənməsi də Almaniya ilə əməkdaşlıq üçün yeni perspektivlər açır. Şərqlə Qərbi birləşdirən mühüm tranzit mərkəzinə çevrilən ölkəmiz Orta Asiya ilə Avropa arasında etibarlı körpü rolunu uğurla yerinə yetirir. Bu istiqamətdə Almaniyanın qabaqcıl texnologiyası və təcrübəsi qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə əlavə imkanlar yaradır.
Prezident İlham Əliyev çıxışında regionda formalaşan yeni siyasi reallıqlara da toxundu. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra sülh gündəliyini irəli sürməsi regionda sabitliyin möhkəmlənməsi üçün mühüm addım kimi qiymətləndirilir. Almaniyanın bu prosesə verdiyi dəstək və dialoqa töhfəsi də xüsusi qeyd olundu.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünün sahibi olan dövlət kimi tanınır. Almaniyaya rəsmi səfər zamanı əldə olunan nəticələr ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını, Avropa ilə əməkdaşlığın yeni məzmun qazandığını və Azərbaycanın regional inkişafın əsas təşəbbüskarlarından biri kimi mövqeyini daha da möhkəmləndirdiyini göstərir.
Nöhəddin Əsədov
Siyəzən RİHB-nın Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26




