Ruhani etirazçıları milli birliyə çağırdı

Vaşinqtonun Tehrana görə Avropanı hədələdiyi açıqlandı; ekspert: “ABŞ-İran gərginliyi alovlanmayacaq”
İran prezidenti Həsən Ruhani Ukrayna təyyarəsinin vurulmasına görə baş qaldıran kütləvi etirazlardan sonra xalqı milli birliyə çağırış edib.
“Yeni Müsavat”ın verdiyi xəbərə görə, Ruhani eləcə də qəzanın tam təhqiq edilməsini tələb edib və İran hökumətinin ölkəni necə idarə etməsi ilə bağlı dəyişikliklərə ehtiyac olduğunu dilə gətirib.
Ruhani rəsmiləri fevralın 21-də keçiriləcək ümummilli seçkilər zamanı potensial siyasi namizədlərin iştirakını qadağan etməməyə çağırıb.
Hazırda bütün namizədlərin ölkəyə sadiqliyini müəyyənləşdirmək üçün konstitusiya monitorinqi tərəfindən yoxlanılır.
Qəribədir ki, Ruhani İraqdakı ABŞ-a aid Eynül-Əsəd hərbi bazasına hücumdan sonra Vaşinqtonun geri çəkilməyə məcbur olduğunu iddia edib.
Onun sözlərinə görə, Tramp İranın 52 önəmli obyektini, o cümlədən mədəni və tarixi obyektini məhv edəcəyini bildirmişdi: “Lakin İranın hücumu onun bu danışıq ritorikasını dəyişdirdi”.
Yeri gəlmişkən, xarici aviaşirkətlərin İran səmasından tranzit uçuşları həyata keçirməyi dayandırmasının rəsmi Tehrana illik 350 milyon dollar zərər vuracağı proqnozlaşdırılır.
İran bu günə qədər səmasından istifadə edən hər bir təyyarədən 800 dollar əldə edirdi. Gündəlik təqribən 1000 təyyarə bu ölkənin səmasından tranzit kimi istifadə edirdi.
Ukrayna təyyarəsi vurulandan sonra beynəlxalq aviaşirkətlərdən bir çoxu İran səmasından həyata keçirilən uçuşları dayandırıb. Uçuşların dayandırılması İran iqtisadiyyatını daha da çətin duruma salacaq.
Bu arada ABŞ prezidenti Donald Tramp Avropanı İrana qarşı tədbir görməyəcəyi təqdirdə gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib. Məlumatı “Vaşinqton Post” yayıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bildirib ki, Böyük Britaniya, Fransa və Almaniya Trampın Avropa avtomobillərinə rüsum qoymayacağı vədi qarşılığında İranın nüvə sazişi üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) qalıqlarını “satıb”.
“Belə getməz, dostlar! Siz, sadəcə, onun iştahını qıcıqlandırırsınız. Dürüstlüyünüzü satmaq istəyirsinizsə, davam edin. Ancaq yüksək əxlaq və hüquqi əsas nəzərdə tutmayın. Sizdə onlar yoxdur”, - iranlı nazir twitter səhifəsində yazıb.
Göründüyü kimi, hazırda tərəflər hərbi yoldan çəkilərək, qarşılıqlı ittihamlar səsləndirməkdədirlər.ABŞ daha çox sıxma-boğma siyasətinə üstünlük verir.
Siyasi şərhçi Əhəd Məmmədli “Yeni Müsavat”a dedi ki, son hadisələr İranın imicinə ciddi ziyan vurdu. Onun sözlərinə görə, Tehranın qisas əməliyyatı da teatr səhnəsinə oxşadı. “İran İraqdakı boş sahəyə raket zərbələri endirdi və amerikalı bir əsgər də ölmədi. Bunun harası hərbi bazanı vurmaq oldu? Sonra təyyarə vuruldu, 180 insan səhvin qurbanı oldu. Bütün bunlar göstərdi ki, İrandakı hakimiyyət gərgin məqamda soyuqqanlığını qoruya bilmir. Sonra mitinqlər başladı və qəhrəman dedikləri general Qasımın fotoları küçələrdə cırıldı”.
Ə.Məmmədlinin fikrincə, ABŞ-İran gərginliyi alovlanmayacaq: “Amerika İranla müharibə etməyəcək. 40 ildir ki, müharibə olacağı deyilir. Niyə müharibə olmayacağını analiz eləmək üçün biz gərək tarixdə Səfəvilərə, Fatimələrə qədər gedib çıxaq, Qərbə İslam coğrafiyasında İranın lazımlı olmasının səbəblərini izah edək”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26