Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
Provayderlərin Azərbaycan Respublikasında necə fəaliyyət göstərəcəyi müəyyənləşir.
Goldmedia.az xəbər verir ki, bu, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisindəki istifadəçilərə xidmətlər təklif edən provayder fiziki şəxs olduqda vergi uçotuna, hüquqi şəxs olduqda isə (xarici hüquqi şəxsin isə filial və ya nümayəndəliyi yaradılaraq) "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır.
Provayder dövlət qurumlarının onunla asan və operativ əlaqə saxlamasına imkan verən əlaqə mərkəzi yaratmalı, bu barədə ictimai məlumatlandırmanı həyata keçirməli və əlaqə mərkəzinə rəsmi dövlət dili ilə müraciət imkanını təmin etməlidir.
Xarici hüquqi şəxs olan provayderin Azərbaycan ərazisində yaratdığı filial və ya nümayəndəlik Azərbaycan ərazisində provayderin adından sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.
Xarici hüquqi şəxs olan provayder Azərbaycan ərazisində yaratdığı filial və ya nümayəndəliyə onu dövlət orqanları (qurumları) ilə, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, hüquqlarını və qanuni mənafelərini qorumaq səlahiyyəti, eyni zamanda fəaliyyəti üçün zəruri resurslar verir.
Provayder müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq tələblərin təmin edilməsi ilə bağlı göndərdiyi sorğuları 5 (beş) iş günü ərzində cavablandırmalı, sorğu edilən məlumatları tam və dürüst formada təqdim etməlidir.
Qanunda nəzərdə tutulmuş tələbi yerinə yetirməyən provayderə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
- provayderə yazılı xəbərdarlıq edilir;
- xəbərdarlıqdan sonra 30 (otuz) gün ərzində tələbin yerinə yetirilməməsinə görə provayderə 100 (yüz) min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
- Maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində tələbin yerinə yetirilməməsinə görə provayderə 300 (üç yüz) min manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq edilir;
- Əlavə maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilir;
- Qadağanın tətbiq edildiyi tarixdən sonra 90 (doxsan) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 20 (iyirmi) faiz azaldılması üçün məhkəməyə müraciət təmin edilir;
- Müraciət əsasında qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 (altmış) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 50 (əlli) faiz azaldılması təmin edilir;
- Müvafiq tədbirin tətbiqindən sonra 60 (altmış) gün ərzində tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 90 (doxsan) faiz azaldılması təmin edilir.
Tələblər yerinə yetirildiyi göstərilən maliyyə sanksiyaları 1/4 məbləğində tətbiq olunur (maliyyə sanksiyaları ödənildiyi halda dörddə üç hissəsi geri qaytarılır) və məhdudiyyətlər 24 (iyirmi dörd) saat ərzində aradan qaldırılır.
Qanunda göstərilən müraciətə məhkəmə 5 (beş) gün müddətində baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
Qanunda göstərilən maliyyə sanksiyalarının ödənilməsi üzrə qanunda qeyd edilən güzəşt provayderlərə həmin sanksiyalar tətbiq olunduqdan sonra 6 (altı) ay ərzində icra edildikdə şamil olunur.
Qeyd edək ki, qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minir.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


