Interposta.Info

Tramp Ərdoğanla görüşünü belə qiymətləndirdi: “Türklər bizə çox kömək etdi”

Dünya
 14-11-2019, 10:58     10 269

"Həbsdə olan Sərkan Kölgəni azad etdiyi üçün Prezident Ərdoğana təşəkkür edirəm”.

Bu sözləri Ərdoğanla təkbətək, heyətlərarası və senatorlarla görüşlərdən sonra keçirilən mətbuat konfransında ABŞ prezidenti deyib.

Tramp Sərkan Kölgənin yaxın günlərdə ABŞ-a gələcəyini bildirib:

"Onu çox fərqli şəkildə həbsdə saxlayırdılar. Bunun üçün də təşəkkür edirəm. Bu, Ərdoğanın sayəsində olmuşdu. Yaxın günlərdə bura gələcək. Bu, bizim üçün, Amerika üçün olduqca yaxşı xəbərdir. Bu gün Prezident Ərdoğanla çox açıq və məhsuldar bir görüş keçirdik. Fərqli maddələr haqqında danışdıq. Suriyadakı vəziyyətdən danışdıq”.

ABŞ prezidenti bu görüşün hər iki dövlət üçün çox uğurlu keçdiyini qeyd edib:

"Türkiyə və ABŞ fövqəladə uğurlar əldə edib, biz bundan da yaxşı bir vəziyyətə çatmasını gözləyirik. Bu gün tərəfdaşlığına və əməkdaşlığına görə prezidentə təşəkkür edirəm. Bizim istədiyimiz Yaxın Şərqdə sabitliyin əldə olunmasıdır. Ümid edirik ki, bu yolda Türkiyə gördüyü işləri davam etdirəcək. Düşünürəm ki, atəşkəs nə qədər çətin olsa da, davam edir. Əfqanıstanda da, İŞİD-lə mübarizə mövzusunda da bir olduq, Bağdadini də birgə məhv etdik. Türklər bəzi bölgələrə girəcəyimizi bilirdilər və bizə çox kömək etdilər. Terrorizmlə davamlı mübarizəsinə görə cənab Ərdoğana və vətəndaşlarına təşəkkür edirəm”.

Tramp ticarət və təhlükəsizlik avadanlıqları məsələsi ilə bağlı da müzakirələr aparıldığını deyib:

"Türkiyə ABŞ-dakı bir çox müdafiə proqramına dəstək verir. Məsələn, F-35 təyyarələrinin hissələrini istehsal edir. Türkiyənin S-400-ü alması bizim üçün çətinlik yaradır. Bu barədə hər zaman danışırıq və ümid edirəm, bunu yoluna qoya biləcəyik. Təhlükəsizlik məsləhətçiləri ilə S-400 problemini həll etmələri mövzusunda söhbətləşdik.

İki ölkə arasındakı ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün təlimatlar verdik. Ticarət dövriyəmiz qat-qat arta bilər, bunu təqribən 100 milyard dollar səviyyəsinə çatdırmaq istəyirik. Məqsədimiz iki ölkə arasında ticarət dövriyəsini artırmaqdır. Razılaşmamız davam edir, sürətlə irəliləyirik. Məqsədimiz ticarət və investisiya sahəsindəki məhdudiyyətləri aradan qaldırmaqdır. Türkiyənin də bazarını ABŞ-a açmasını istəyirik, əslində onsuz da bunu ciddi miqyasda edirlər də. Türkiyə ilə ABŞ arasındakı müttəfiqlik yalnız Yaxın Şərqdə deyil. İki ölkə arasında yaxşı bir dostluq qurulacağına ümid edirik. Mən münasibətlərimizin çox yaxşı olduğunu düşünürəm”.

ABŞ prezidenti senatlorlarla görüşmə haqda da məlumat verib:

"Senatla əlaqə saxlayıb, bəzi senatorları görüşə çağırdım. Bu gün 5 senator görüşümüzə qatıldı. Bunlar Yaxın Şərqdə sülh istəyən insanlardır. Çox açıq söhbətimiz oldu. Çox böyük irəliləyiş əldə etdik.

Ərdoğan suriyalı qaçqınlar üçün 40 milyard dollar xərclədiklərini söylədi. Bu, çox böyük puldur. Bunu başqa mənbələrdən də eşitmişəm. Avropanın bu məsələdə çəkdiyi xərc isə cəmi 3 milyarddır. Avaropa yaxasını geri çəkməməlidir. Onlar da kömək etməlidirlər. Biz bunu etmək istəmirik, ancaq həmin terrorçuları sərbəst buraxsaq, getmək istədikləri yerlər məhz onları qəbul etmək istəməyən Avropa ölkələri olacaq. Döyüş zamanı bəzi İŞİD-çilər qaçmışdı. Amma qorxulu bir şey yoxdur, Türkiyə onları yenidən ələ keçirdi”.

Tramp Ərdoğanı qarşılamaqdan şərəf duyduğunu deyərək ABŞ əsgərlərinin yenidən bəzi bölgələrə qayıtmasına da aydınlıq gətirib:

"Sərhədlər tam gücüylə qorunur. Atəşkəs davam edir. Kürdlərlə görüşdük, onlar da çox razıdır. Bildiyiniz kimi, bir qədər əvvəl əsgərlərimizi geri çəkmişdik. Düşündüm ki, artıq başqalarının sərhədləri üçün narahat olmağa dəyməz. Öz sərhədlərimizi qorumalıyıq. Gördüyü işlərə görə Prezidenti təbrik edirəm. Türkiyə sərhədlərinin təhlükəsizlikdə olduğuna şadıq. Əsgərlərimizi sadəcə neftin təhlükəsizliyi üçün qaytardıq. Biz uzun müddətdir Ərdoğanla dostuq. İlk gündən bəri dostuq. Bir-birimizi çox yaxşı başa düşürük. Problemlərimizi çox yaxşı anlayırıq. Bəhs etdiyimiz bölgədə Türkiyədən də çox insan həyatını itirdi. Bununla bağlı da nəsə etməyimiz lazımdır. Bunun çoxlu yolları var”./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26