“Monteneqro işi” əsrin proseslərindən birinə çevrilə bilər
Rusların Latviya bankları vasitəsilə bu ölkədəki çevrilişə maliyyə dəstəyi verdiyi məlum olub
Rusiyaya yaxın qüvvələrin 2016-cı ilin noyabrında Monteneqroda törətmək istədiyi uğursuz dövlət çevrilişi ilə bağlı aparılan təhqiqat dərinləşir. Ölkə prokurorluğu Latviya kəşfiyyatı ilə birlikdə çevrilişə maliyyə dəstəyi verən bankların və pul çatdırılan adamların adlarını müəyyən edib. Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, hazırda bosniyalı bir biznesmen və Rusiyapərəst “Demokratik cəbhə” partiyasının liderlərindən biri Monteneqroda xaricdən gələn pulların “yuyulması” və bundan Monteneqroda siyasi məqsədlə istifadə olunması üçün cinayətkar şəbəkə yaratmaqda günahlandırılır.
“Reuters”in verdiyi xəbərə görə, Latvya hüquq mühafizə orqanları mayın 30-da Rusiyanın ölkədəki banklardan istifadə etməklə xaricdəki əməliyyatları maliyyələşdirməsi ilə bağlı dərin araşdırmaya başlayıb. Xəbərdə rəsmi Riqanın bu təhqiqata ABŞ Maliyyə nazirliyindən gələn xüsusi xəbərdarlıq əsasında start verdiyi qeyd olunub. Bununla bağlı informasiyanı Latviya xarici işlər naziri Edqar Rinkeviç və iqtisadiyyat naziri Dana Reyznietse-Ozola artıq təsdiq edib.
Hər iki nazir konkret olaraq hansı işlərin araşdırıldığını söyləməsələr də, “Reuters” Latviya hökumətindəki mənbələridən təhqiqatın məhz Rusiya ilə bağlantılı olduğunu ortaya çıxarıb. Bəhs edilən informasiya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səviyyəsində rəsmən inkar edilib.
Təhqiqatın versiyasına görə, bu cinayətkar qrupun başında bosniyalı biznesmen Momir Nikoliç və “Demokratik cəbhə” partiyasının lideri Neboyşa Medoyeviç dayanır. Hər iki şəxslə bağlı Podqoritsada (Monteneqronun paytaxtı) məhkəmə prosesi artıq başlayıb.
Monqteneqro prokurorluğundan sızdırılan məlumatlara görə, 2016-cı ildə keçrilən parlament seçkilərindən öncə Momir Nikoliçin hesabına Latviya və Litva bankları vasitəsilə 1 milyon avro pul köçürülüb. Xüsusilə Litvadan gələn 170 min avroluq, və Latviyadan ötürülən 90 min avroluq iki şübhəli pul transferinin mənbəyi ayrıca diqqət mərkəzinə düşüb.
Təhqiqat zamanı məlum olub ki, cənab Nikoliç son iki il ərzində illik gəlirinin cəmi 2 min dollar olduğunu bəyan edrimiş. Baltikyanı banklardan gələn pulları isə o, ev alqı-satqısı, tikinti işlərinə görə verilən ödəmələrlə izah edib. Lakin bununla bağlı heç bir sənəd təqdim etməyi bacarmayıb. Bənzər ittihamlar “Demokratik cəbhə” partiyasının digər iki rəhbər şəxsinə-Andriy Mandiç və Milan Knejeviçə qarşı da səsləndirilib.
Məhz bu adamlar Monteneqronun keçmiş baş naziri Milo Cukanoviçi öldürmək yolu ilə ölkədə hakimiyyəti ələ keçirmək və beləliklə, onun NATO-ya üzvlüyünü əngəlləməkdə günahlandırılırlar.
Əgər onlara qarşı irəli sürülən ittihamlar öz təsdiqini tapsa, bu “xəmirin hələ çox su aparacağı” və Kreml üçün ciddi başağrısına çevriləcəyi gün kimi aydındır./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26