Interposta.Info

Vladimir Putinin "səs anbarı"– Dağıstan

Dünya
 18-03-2018, 11:08     10 396

Rusiyanın ən çoxmillətli və mürəkkəb bölgəsi məcburən Kremlin sahibinə sığınmalı olub
Bu gün Rusiyada prezident seçkiləridir. Seçkinin əslində formal xarakter daşıdığını, daha doğrusu, Vladimir Putinin mütləq qalib olacağını bilməyən yoxdur.

Buna rəğmən Qərb mətbuatı seçki öncəsi Rusiyadakı ümumi siyasi vəziyyəti işıqlandıraraq buradakı həqiqətləri öz oxucularına çatdırır. Avropa qəzetlərinin “LENA” alyansı dünyanın ərazicə ən böyük dövlətinin müxtəlif bölgələrindəki siyasi, iqtisadi və sosial mənzərə ilə bağlı silsilə materiallar hazırlayır.

Bunlardan İtaliyanın “La Reppublica” qəzetinin jurnalisti Rosalba Kastaletti Rusiyanın ən çoxmillətli və mürəkkəb bölgəsi sayılan Dağıstana üz tutub. Jurnlist seçki öncəsində əhalininin müxtəlif təbəqələrinin bir çox nümayəndəsi ilə görüşüb onlardan vəziyyəti yerində öyrənməyə çalışıb.

Onlardan biri Janna İzmaylova adlı sadə qadındır. İzmaylova jurnalistə yaratdıqları “Anaların ürəyi” adlı assosiasiyaya daxil olan 86 qadının imzaladığı və hakimiyyətə ünvanlanan şikayətləri təqdim edib. “Bu şikayətlərdə analar öz övladlarının Dağıstandakı yalançı və istismarçı rejimin ucbatından qara uçuruma doğru yuvarlanmalarından şikayətlənirlər”, məqalədə yazılıb.

Müəllif Dağıstanın Rusiya Federasiyasının ən multi etnik və müsəlman bölgəsi olduğunu yazıb. “Burada ənənəvi məzhəblər və sufi qardaşlığı üstünlük təşkil edir. Lakin qonşu Çeçenistandakı müharibələr sələfiliyin də yayılması ilə bölgə xalqını dini cəhətdən radikallaşdırıb.

Hakimiyyət isə tez-tez heç bir araşdırma aparmadan əhali arasında “oblava”lar (basqınlar) təşkil edir, ultramühafizəkarlardan DNT testi üçün nümunə götürürlər. Lakin onların bu fəaliyyəti əhali arasında yalnız nifrəti və cihadçılığı yaymağa xidmət edir”, yazıda qeyd olunur.

Janna İzmaylova oğlu Rəşiddən danışır. O, Rəşidin 2012-ci ilin mayında oğurlandığını deyir: “Onu zorla qara bir “Lada Priora”ya mindirdilər, həmin vaxtdan ondan heç bir xəbərimiz yoxdur. Bu cür minlərlə halı saymaq olar. Hakimiyyət öz əməllərinə haqq qazandırmaq üçün terrorizm təhdidindən istifadə edir”.

Məqalədə Moskvadan ən böyük dotasiya alan bölgənin məhz Dağıstan olduğu vurğulanıb: “Bunun əvəzinə yerli klanlar terrorla müharibədə guya hakimiyyətə kömək edirlər. Lakin ağlasığmaz korrupsiya və polisin özbaşınalığı bütün bu hədəfləri heçə endirir”.

Məqalə müəllifi Kremlin xəzinədəki axıntıların qarşısını nisbətən kəsmək üçün ilk dəfə bölgəyə nə müsəlman, nə də dağıstanlı olan bir adamı təyin etdiyini qeyd edir. Vladimir Vasilyev gəldikdən sonra muxtar respublikada sovet dövründən sonra ən böyük təmizləmələr həyata keçirilib. Korrupsiya cinayətlərinə görə onlarla dövlət məmuru həbs edilib. Müəllif bununla Kremlin bölgədəki problemlərin, xüsusilə hakimiyyət elitasının oğurluqlarından təngə gələn gənc nəsil arasındakı narazılığı qismən də olsa, yumşaltmaq niyyətində olduğunu bildirib.

Yazıda Dağıstan xalqının artıq sosial və milli problemlərə əvvəlki qədər biganə qalmadığı vurğulanır. Bununla əlaqədar 2017-ci ildə Dağıstanda uzun yol şoferlərinin etiraz nümayişləri xatırladılır. Qeyd olunur ki, şoferlər Putinin yaxın dostu Arkadi Rotenberqin oğlu İqor tərəfindən nəzarət edilən “Platon” ödəniş sisteminə qarşı çıxıblar. Məhz əhalinin ciddi təzyiqləri qarşısında hakimiyyət geri çəkilməyə məcbur oub və tarifləri xeyli aşağı salıb.

Hazırda Rusiya hakimiyyəti tərəfindən “xarici agent” elan olunan Rusiya yükdaşıyıcıları birliyi təşkilatının rəhbəri Kəmaləddin Maqomedov bunu xalq üçün kiçik qələbə hesab edir.

Qəzet başqa bir kiçik qələbədən də yazır. Belə ki, bu yaxınlarda Mahaçqala şəhərinin administrasiyası Lenin komsomolu parkının yerində “Rusiya, mənim tarixim” adlı muzeyin tikiləcəyini elan edib. Lakin WhatsApp-dakı qrup vasitəsilə yığışan yerli sakinlər piketlər təşkil edərək, parkı xilas etməyə müvəffəq olublar.

O ki, qaldı seçkilərin özünə, məqalədə ən açıq seçki pozuntlarının baş verdiyi bölgənin məhz Dağıstan olduğu vurğulanıb: “Kremlin əsas məqsədi bu seçkidə “70:70” (yəni seçicilərin 70%-nin gəlməsi, Putinin isə onların 70%-nin səsini toplaması) nəticəsinə nail olmaqdır.

Burada xülyaya qapılmaq lazım deyil. Əhalinin əsas simpatiyası Kommunist partiyasının namizədi Pavel Qrudininə olsa da, Dağıstan Putinə sadiq qalmağa davam edəcək.

Xüsusilə 18 yaşlı gənc insanların içində Vladimir Putinə rəğbəti olan çoxdur. Çünki onlar zatən bu yaşlarına qədər başqa lider görməyiblər”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26