Interposta.Info

Şimali Koreya Yaponiyanı “vurdu”- dünya həyəcan təbili çalır

Dünya
 30-08-2017, 09:50     10 441

Əhəd Məmmədli: “Şimali Koreyadakı kommunist rejimini ABŞ öz dövlət maraqlarına təhlükə görmür”

Şimali Koreya Yaponiya istiqamətində raket buraxıb. Virtualaz.org RİA Novosti-yə istinadən xəbər verir ki, raket Yaponiyanın şimal-şərq bölgəsi üzərindən Sakit okean istiqamətində uçub.


Naməlum tipli raket Sunan şəhəri yaxınlığından buraxılıb.

Cənubi Koreya hərbçiləri raketin Yaponiya üzərindən uçduğunu təsdiqləyib. Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, Şimali Koreyanın keçirdiyi ballistik raket sınaqları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edirlər.

Ekspertlər proseslərin bu şəkildə davamının dünya üçün ciddi təhlükələr yarada biləcəyini qeyd edirlər. Şimali Koreya hökumətinin bu mövqeyinin birbaşa Amerikaya qarşı olduğu bildirilir. Uzun illərdir ki, Birləşmiş Ştatlar Şimali Koreyaya nüvə silahı ilə bağlı təzyiq edir, bu ölkə isə rəsmi Vaşinqtonun hədələrinə nəinki məhəl qoymur, əksinə, dünya üçün təhlükəli olan silahların icadına və sınaqdan keçirilməsinə davam edir. Şimali Koreyanın dirənişinin Qərb dünyasının nüfuzuna getdikcə ciddi zərbə vurduğu açıq şəkildə görünməkdədir.
Şimali Koreya Yaponiyanı “vurdu”- dünya həyəcan təbili çalır


Politoloq Əhəd Məmmədli bu cür halların ilk dəfə baş vermədiyini qeyd etdi: “Koreya bu cür güc göstəricisini dəfələrlə edib. Hətta Koreya raketləri bütün Yaponiya ərazisinin üstündən uçuşlar da edib. Yəni bu cür hallar birinci dəfə baş vermir. Şimali Koreyada kommunist rejimi qurulandan daima xalqını ABŞ, Yaponiya, Cənubi Koreya qorxusu ilə idarə edib. Ona görə də düşünmürəm ki, növbəti raket sınaqlarından sonra dərhal ciddi nəsə, yəni müharibə baş verəcək. Ənənəvi olaraq BMT Şimali Koreyanın raket sınaqlarını pisləyəcək və bununla məsələ bitəcək. Çünki Şimali Koreyadakı kommunist rejimini ABŞ öz dövlət maraqlarına təhlükə görmür. ABŞ üçün hazırda ən böyük təhlükə İslam coğrafiyasında siyasi İslamın təntənəsidir. Ona görə Əfqanıstanda ordusunu saxlayır, İraq və Suriyada kürdlərə dəstək verir və s. Şimali Koreyanın özünü belə aparması nüvə silahına malik olması ilə bağlıdır. Çünki Çin vaxtilə SSRİ kimi Şimali Koreyaya görə ABŞ-la müharibə edən deyil. Bunu koreyalı kommunistlər yaxşı bilir. Təbii ki, Çin çalışacaq ABŞ Şimali Koreyanı işğal etməsin, amma bu baş versə Amerika ilə açıq savaş müstəvisinə düşünürəm ki girməyəcək. Şimali Koreyanın əsas güvənc yeri nüvə silahına sahiblənməsidir. Vaxtında bunun qarşısını almaq lazım idi. Çin bilərəkdən Şimali Koreyaya nüvə ölkəsi olmaqda kömək etdi ki, ABŞ Yaxın Şərqdə olduğu kimi, Uzaq Şərqə asanlıqla müdaxilə edə bilməsin. Və bunu da Çin bacardı”.

Politoloq bütün bunların Yaponiyanı qorxutmaq üçün həyata keçirildiyini düşünür: “Yaponiyanı qorxutmaq üçün dəfələrlə bu cür raketlər sınaqdan keçirilib. Əgər buna indiyə qədər ABŞ müdaxilə etməyibsə, deməli, ehtiyac görməyib. Çünki balaca Şimali Koreyadaki kommunist rejimi ABŞ maraqlarına böyük ölçüdə təhlükə deyil və ola da bilməz. ABŞ-ın indi əsas baş ağrıları Rusiya, Türkiyə, İrandır, yəni Şərqi Avropa və Yaxın Şərq. Amma düzdür ağılsızlıq və ya da ehtiyatsızlıqdan Şimali Koreya Cənubi Koreya və Yaponiya ərazisinə ciddi zərbə endirsə, onda ABŞ məcbur olacaq müttəfiqlərini qorusun. Belə olan halda çox qısa müddətdə Şimali Koreyanın kommunist rejimi məhv ediləcək və heç kəs də, o cümlədən nə Çin nə də Rusiya Koreya rejimini müdafiə edən deyil. Yəni üçüncü dünya savaşı baş verməyəcək. BMT Amerikanın razılığı və tapşırığı olmasa, Şimali Koreya əleyhinə heç bir ciddi qərar verən deyil. BMT çoxdan dişsiz bir quruma çevrilib. Və bu qurumu bu günə salan da məhz ABŞ olub. BMT-nin qərarını gözləmədən ürəyi istədiyi ölkələrə hərbi müdaxilə etdiyi zaman Amerika BMT-nin dünyadakı imicinə ciddi xələl gətirdi. Son illərdə BMT heç bir münaqişə ocağını həll edə bilmir. Çünki anormal idarəçiliyə malikdir. Təhlükəsizlik Şurasının daimi 5 üzvündən biri hansısa məsələ və ya qərara veto qoyduqda həmin qərar qəbul olunmur. Biz bunu son illərdə Suriya, İran, Şimali Koreya və Ukrayna problemlərində görürük. Nə vaxta qədər ki, bu cür anormal idarəetməyə son qoyulmayacaq, veto məsələsi hüququnda pozitiv dəyişikliklər edilməyəcək, BMT-nin Təhlükəsizlik Şurasına yeni daimi üzvlər qəbul edilməyəcək, o zamana qədər BMT dişsiz təşkilat olaraq qalmaqda davam edəcək”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26