Interposta.Info

ABŞ, Rusiya və İsrail gizli Suriya danışıqları aparır

Dünya
 10-08-2017, 07:32     10 409

Suriya münaqişəsinin yeni mərhələsində Təl-Əviv də yaxından iştirak edir, Vaşinqton və Moskva isə Dəməşqin gələcək taleyini birgə müzakirə edir

ABŞ, Rusiya, İsrail və İordaniya Suriyanın cənubundakı vəziyyətlə bağlı gizli danışıqlar aparır. “Sputnik”in xəbərində deyilir ki, bu barədə İsrailin “Haaretz” qəzeti yazıb. Qəzetin iddiasına görə, gizli danışıqların əsas mövzusu Suriyanın cənubunda təhlükəsiz bölgənin yaradılmasıdır. Məlumatı qəzetə İsrailin adını çəkilməsini istəməyən dövlət rəsmisi verib.

Mənbə, Rusiya, ABŞ, İsrail və İordaniya rəsmilərinin İordaniyanın paytaxtı Əmman şəhərində və Avropa dövlətlərinin birinin paytaxtında görüşdüyünü bildirib. Görüşlərdə Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi Aleksandr Lavrentyev, ABŞ-ın xüsusi təmsilçisi Maykl Ratni, ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi təmsilçisi Brett Makqurk, o cümlədən İsrail tərəfdən Mossad və ordu təmsilçiləri qatılıb.

Maraqlıdır ki, Əmmanda keçirilən iki görüşdən birincisində İsrail, Rusiya və ABŞ təmsilçiləri qatılıb. İkinci görüşdə isə Rusiya iştirak etməyib, İordaniya, ABŞ və İsrail nümayəndələri iştirak edib. Əmmandan qısa müddət sonra isə İsrail, ABŞ və Rusiya təmsilçiləri Avropa ölkələrindən birində gizli görüş keçirib. Ancaq İsrail qəzetinin yazdığına görə, bu dəfə daha yüksək rütbəli şəxslər qatılıb.

Qəzetin yazdığına görə, İsrail tərəfi bu görüşdə İran silahlı güclərinin Suriyadan çıxarılması ilə bağlı maddənin yer almamasından narazı olub. Çünki hələ ondan əvvəl həm İsrail, həm də ABŞ rəsmiləri. o cümlədən dövlət katibi Tillerson Rusiya ilə anlaşmanın əsas şərtlərindən birinin İran hərbçilərinin Suriyadan çıxarılması olduğunu bildirmişdi. Ancaq görünən odur ki, həlledici danışıqlarda Moskva bu şərti qəbul etməyib.
Görüş təxminən bir ay əvvəl baş verib və bundan az sonra Tramp və Putin Suriyanın cənubunda Dəra və Kuneytra vilayətlərində atəşkəsin təmin olunması və təhlükəsiz bölgənin yaradılması mövzusunda anlaşmışdılar. Razılaşmaya əsasən İordaniyanın da dəstəklədiyi atəşkəsi ABŞ və İordaniya təmsilçiləri müşahidə edəcək, vilayətlərdə (təhlükəsiz bölgə) asayişi isə Rusiya hərbi polisi təmin edəcək.

Qeyd edək ki, bu ilin yazında əldə olunmuş razılaşmaya əsasən Suriyada 4 təhlükəsiz bölgə yaradılması qərara alınıb. Rusiya, Türkiyə və İranın təşəbbüsü daha sonra ABŞ və digər ölkələr tərəfindən də dəstəklənib. Razılaşmaya əsasən Suriyanın şimalında bütövlükdə müxaliflərin nəzarətində olan İdlib vilayəti, Hama və Hums şəhərləri arasındakı bölgə, Dəməşq və ətrafı, nəhayət cənubda İordaniya sərhədində Dəra və Kuneytra bölgələrində atəşkəs zonası yaradılır və tərəflərin terrorçu olaraq tanımadığı silahlı müxaliflərlə hökumət arasında bu bölgələrdə atəşkəs imzalanır. Bu plana əsasən atəşkəs bölgələrində davamlı atəşkəsə nail olmaq üçün bir sıra ölkələr, o cümlədən Türkiyə (İdlib vilayətində), İran, Rusiya, İordaniya və ABŞ kimi ölkələr atəşkəsin təminatçısı kimi çıxış edir və bəzi bölgələrdə asayişin təmin olunmasına birbaşa cavabdehlik daşıyacaq. Bu planın ikinci mərhələsində Suriyada terrorçu kimi tanınan İŞİD, ən-Nusra və bənzər terror təşkilatı kimi tanınmış silahlı qruplaşmalar məhv edilməlidir. Daha sonra isə müxaliflər, hökumət və şimaldakı kürd qüvvələri arasında Suriyanın gələcək taleyi ilə bağlı danışıqlar başladılacaq.

Bu plan necə deyərlər, Rusiyanın daha əvvəl iştirak etdiyi münaqişələrdə istifadə olunan metodlara bənzəyir. Ancaq göründüyü kimi ABŞ, İsrail kimi ölkələr də Rusiyanın bu planı ilə razılaşıb. Çünki bunun əsas səbəbi Qərbin Suriya ilə bağlı əvvəlki planı necə deyərlər baş tutmadı və Bəşər Əsədin göndərilməsi mümkün olmadı. Üstəlik İŞİD və bənzər terror təşkilatlarının ortaya çıxaraq bölgəyə və dünyaya təhdid yaratması Qərbi Rusiyanın Suriya planı ilə razılaşmağa vadar etdi. Suriyanın cənubunda İsraillə sərhəd bölgələr, o cümlədən işğal olunmuş Colan təpələri bölgəsi məhz İŞİD və islamçı qruplaşmaların nəzarəti latındadır. İsrailin gizli danışıqlara qatılması heç şübhəsiz sərhəd təhlükəsizliyi ilə yanaşı İranın Suriyada hərbi iştirakıdır. Çünki Suriyada münaqişənin bu şəkildə başa çatması və silahlı qrupların tədricən zərərsizləşdirilməsi İranın mövqelərinin güclənməsi artıq indidən Qərbi, o cümlədən İsraili narahat edir. İki gün əvvəl ABŞ aviasiyası “səhvən” İraqda İrana bağlı “Həşdi Şabi” birliklərini bombalayıb, 30 nəfər ölüb. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer isə İranın Orta Şərqdə yeni imperiya quracağı ilə bağlı məqalə yazıb. ABŞ isə Rusiya qarşısında əsas şərt kimi İran və Livan Hizbullahı silahlılarının Suriyadan çıxarılmasını tələb edir. Ancaq ruslar indi Suriyada şərtlərlə oynamırlar. Ehtimal ki, İsrailin gizli danışıqlara qatılmasında əsas məqsəd Suriyanın cənubunda nəzarətin İrana keçməməsi, təhlükəsiz bölgədə İsrailin iştirakına nail olmaqdır. Bu xəbər eyni zamanda gizli şəkildə Rusiya, ABŞ və İsrailin arasında danışıqların olduğunu bir daha təsdiqləyir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26