Interposta.Info

Terrorçular niyə Avropanı seçir?

Dünya
 17-06-2017, 07:28     409

Adları və barələrində ən incə detalların belə məlum olduğu terrorçuların Yaxın Şərqdən min kilometrlərlə yolu qət edib Avropaya çatmasından nədənsə xüsusi xidmətlər xəbərsiz olur...

Avropada terrorların və terrorçuların sayı artır. BBC-nin məlumatına görə, bu barədə Europol-un hesabatında məlumat verilir. Hesabatda son 3 ildə Avropada radikal terrorçu qruplara üzvlükdə şübhəli bilinərək həbs olunanların sayı artır. Belə ki, 2016-cı ildə terrorçuluqda şübhəli bilinən 718, 2015-ci ildə 687, 2014-cü ildə isə 395 nəfər saxlanılıb.

Eyni zamanda 2016-cı ildə cihadçı hücumların sayı 2015-ci illə müqayisədə azalıb. 2015-ci ildə 17, ötən il isə 13 hücum baş verib. BBC-nin xəbər verir ki, Europol-un illik Avropa Birliyində (Aİ) terrorizm vəziyyəti ilə əlaqəli hesabatında terrorun əsas hissəsini İŞİD və Avropa sağçı qrupların törətdiyi bildirilir.
Təşkilat deyir ki, 2016-cı ildə cihadçılar, millətçilər və digər qruplar tərəfindən ümumilikdə 142 "cəhd edilmiş, qarşısı alınmış və baş tutmuş" hücum baş verib. 62 səhifəlik hesabata əsasən, hücumlarda 142 nəfər həlak olub, 379 nəfər xəsarət alıb. Europol qeyd edir ki, ziyan və tələfatın çoxu cihadçı hücumların nəticəsində yaranıb. Hesabatda bildirilir ki, cihadçı hücumların təşkilində qadınlar böyük rol oynayır.

Bundan başqa Avropada 2014-ci ildən solçu ekstremistlərin təşkil etdiyi hücumların sayı da artır. 2016-ci ildə 27 belə hücum qeydə alınıb ki, onlardan 16-sı İtaliyada törədilib.

Qeyd edək ki, dünyada terrorun sayının artması son illərdə peyda olan İŞİD-in adı ilə bağlıdır. “Ərəb baharı” sonrası Yaxın Şərqdə geniş yayılan radikal dinçi qruplar həm region ölkələrində, həm də tədricən dünyanın digər nöqtələrində, o cümlədən Avropada terror aktları törədiblər. Parisdə, Brüsseldə, son zamanlar İngiltərədə törədilən terror hücumları buna parlaq misaldır.
Terrorçuların Yaxın Şərqdən kənara çıxaraq, xüsusən də Avropa kimi sakit və uzaqda yerləşən, yaxşı qorunan ölkələrə gedib çıxması bir sıra səbəblərlə izah olunur. Birinci amil qisas hesab olunur. Terror qrupları onlara qarşı savaşan ölkələrə zərbə vurmaq, “imperialist gücləri” simvollaşdıran rifah içində olan Qərb ölkələrində terror, qorxu və qətllər törətməklə qisas almış olur. İlk baxışdan qəribə də görünsə, xüsusən də müsəlman ölkələrində radikal dinçi qruplar Qərbi əsas düşmən və “bəlaların səbəbkarı” olaraq göstərdiyi üçün nifrət formalaşıb.

İkinci amil terrorçuların daha çox məşhurlaşması, dünyanın diqqətini cəlb etmələri üçün Avropanı seçirlər. Çünki Yaxın Şərqdə edilən terror sıradan bir xəbər olduğu halda Avropada terror ciddi rezonans doğurur, dünyanın diqqətini cəlb edir. Bu, eyni zamanda terrorçuların daha çox tərəfdar toplamaq, yeni üzvlər və maliyyə qaynaqları əldə etmələri üçün faydalıdır.

Terrorun Avropanı hədəfə almasının daha bir səbəbi terrorçuların özlərinin Avropadan olmasıdır. Məsələn, son olaraq Rusiya prezidenti bəyan edib ki, İŞİD sıralarında 30 min nəfər əcnəbi var. Eyni zamanda Avropa kəşfiyyat qurumlarının iki əvvəlki araşdımalarına əsasən “qoca qitə”dən 15 min nəfərə qədər insan Yaxın Şərqdəki radikal qruplara, o cümlədən İŞİD-ə qoşulmuş insan var. Bu şəxslərin demək olar ki, hamısının şəxsi işləri, fotoları və barələrində digər zəruri bilgilər Avropa və region ölkələrinin müvafiq strukturlarına göndərilib. Bunların böyük əksəriyyəti daha əvvəl Avropaya köçmüş müsəlman miqrantların 2-ci, 3-cü nəsildən olan övladlarıdır. Avropa cəmiyyətinə inteqrasiya olmaqda çətinlik çəkən, dini və milli dəyərləri ilə Avropa arasında qalan, bir çox hallarda Yaxın Şərq ölkələrindən gələn radikal fikirli din təbliğatçılarının təsirinə düşən gənclər bir çox hallarda İŞİD kimi radikal silahlı qruplara qoşulurdular. Eyni şəkildə Avropada İslam dinini qəbul etmiş gənclər də bir çox hallarda radikal fikirli din təbliğçilərinin təsirinə düşür və bir sonrakı addımda özlərini cihad hərəkatlarında tapırdılar.

Bundan başqa, 2014-2015-ci illərdə Yaxın Şərqdən Avropaya axın edən minlərlə qaçqınların arasına gizli şəkildə sızmış və əsas hədəfləri qaçqın adı ilə yerləşmək və gizli terror hücrələri qurmaq olan terrorçular da Avropaya axın etdi. 2015-ci ildə Qərb mətbuatı Yaxın Şərqdən Avropaya gedən 100 minlərlə qaçqının içərisində birbaşa tapşırıq əsasında məqsədli şəkildə Avropaya yerləşmək üçün 4 mindən çox İŞİD və bənzər qrupların üzvlərinin də “qoca qitəyə” yerləşdiyini yazırdı. Avropa mətbuatı terrorçuların Türkiyə limanlarından gizli şəkildə Yunanıstana və oradan da yenə qaçaqmalçıların yardımı ilə Almaniya, İsveçrə kimi ölkələrə qədər gedib çıxdığını yazırdı. Bu terrorçular kiçik qruplar şəklində olur və terror hücrələri formalaşdırırlar. Daha sonra isə lazımı anda gələn əmrlə hərəkətə keçirlər. Bu isə daha çox siyasi konyukturdan asılı olur. Çünki terror həm də böyük dövlətlərin xüsusi xidmətlərinin qarışdığı fəaliyyətdir. Çünki açıqlanan hesabatlar və istintaq məlumatlarına əsasən bu günə qədər terror törətmiş əksər şəxslər barədə yerli kəşfiyyat orqanlarında bir qayda olaraq ətraflı məlumat olur, hətta bəziləri nəzarət altında olur. Üstəlik adları, barələrində detallı məlumatların hazırlanıb bütün Avropa ölkələrinə, hətta Türkiyəyə göndərildiyi terrorçuların bir neçə ölkədən bu qədər rahat şəkildə keçib getməsi “özfəaliyyət” ola bilməz. Müşahidələr və bu günə qədər olan məlumatlar onu deməyə əsas verir ki, terrorçuların bu şəkildə hərəkətləri və yerdəyişmələrindən xüsusi xidmətlərin məlumatı olur. Ancaq nədənsə, sadəcə baş verən terror aktlarından sonra bu detallar üzə çıxır və kəşfiyyatın “səhlənkarlığı” kimi təqdim olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26