Interposta.Info

Fransada prezident seçkilərində sürpriz yaşana bilər -

Dünya
 6-05-2017, 21:11     565

Sabah Fransada prezident seçkiləridir. Bütün dünya seçkilərin nəticələrini maraqla gözləyir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, əksər rəy sorğuları “İrəli, Fransa” hərəkatının rəhbəri Emmanuel Makronun qələbəsini proqnozlaşdırır.

Lakin ekspertlərin fikrincə, Makron heç də əzici üstünlüklə qələbə qazanmayacaq. Buna əsas səbəb isə seçicilərin 2-ci tura olan marağının olduqca azalmasıdır.

Qeyd olunur ki, hələ ki müstəqil, mərkəzçi namizəd radikal millətçi rəqibinin önündə olduqca rahat üstünlüyə malikidir. Son teledebatlarda tamaşaçıların 63%-i onun daha yaxşı çıxış etdiyini qeyd edib.

“OpinionWay” şirkətinin keçirdiyi sorğuda isə Makronun 62%-lilk səs çoxluğuna malik olacağı proqnozlaşdırılıb.

Bütün bunlara rəğmən bəzi siyasi müşahidəçilər ehtiyatla da olsa, seçkidə sensasiyanın baş verəcəyi ehtimalını dilə gətirirlər. Onların fikrincə, buna əsas səbəb Emmanuel Makronun seçicilərinin onsuz da qələbə qazanılacağı düşüncəsi ilə seçkiyə biganə qalması ola bilər.

Xarici mətbuat 2002-ci il seçkilərində favorit sayılan keçmiş baş nazir Lionel Jospenin bənzər aqibətlə üzləşdiyini xatırladır. Qeyd edək ki, həmin seçkidə Marin Le Penin atası Jan Mari Le Pen 16%-lik səslə 2-ci turda Jak Şirakın rəqibi olmağı bacarmışdı.

Yeri ekspertlər elə son teledebatın aşağı reytinq almasını seçkiyə olan marağın azalmasının əlaməti olaraq qəbul edirlər. Məsələn 2012-ci ildə Sarkozi-Olland debatını 30 milyon tamaşaçı izlədiyi halda, Makron-Le Pen tele-mübahisəsi cəmi 16 milyon izləyicinin marağını çəkib. (Doğrudur, həmin gün Çempionlar liqasının yarımfinalında “Monako”-“Yuventus” qarşılaşmasının təsiri olub-red.).
Marin Le Penin tərəfdarları hər yerdə seçiciləri seçki məntəqlərinə getməyə çağırır. Müşahidəçilər Le Pen tərəfdarlarının seçki günü daha aktiv olacağını təxmin edirlər.

Səsvermə günü seçicilərin motivi də müxtəlif olacaq. Sosioloqların fikrincə, Marin Le Penin ideya tərəfdarları Makrondan daha çoxdur. Lakin Makrona sırf “lepençilər”in əleyhinə görə səs verənlərin sayı daha böyükdür.

Hətta sosialistlər belə 39 yaşlı gənc siyasətçini özününkü kimi qəbul etməyə məcbur olub.

Le Peni isə sadəcə bir namizəd, 1-ci turda 4,7% səs toplayan “Ayağa qalx, Fransa!” hərəkatının lideri Nikola Düpon-Enyan dəstəkləyib.
Marin Le Pen qalib gələcəyi təqdirdə ona baş nazir postunu vəd edib.
Dünən hər iki siyasətçi simvolik olaraq vaxtilə Fransa krallarının taclandırıldığı Reymsə səfər ediblər. Lakin Reyms sakinləri hər iki siyasətçini “yumurta atəşi” ilə qarşılayıblar.

Siyasi mütəxəssislər Le Penin hələ də sağ düşərgənin əsas namizədi Fransua Fiyonun (ilk tur 20%) və sol radikal, onun kimi Avropa Birliyinə qarşı çıxan Jan Lük Melanşonun (19%) səslərinə ümid etdiyini bildirirlər.

“Fransada siyasi proseslərlə bağlı iki epizodu seçkiqabağı kampaniyanın rezümesi hesab etmək olar. Emmanuel Makron Berlin, Marin Le Pen isə Moskva tərəfindən dəstəklənir. Bu məsələ namizədlərin dünyagörüşlərinin nədən ibarət olduğunu ortaya çıxarır”, “Valday” strateji araşdırmalar mərkəzinin eksperti Toma Qomar “Kommersant”a verdiyi müsahibədə qeyd edib.

Qeyd olunur ki, Rusiya Klinton-Tramp duelində olduğu kimi, Fransada da ənənəvi qara piar üsullarını işə salıb.

Rusiyanın qara təbliğat maşınları sayılan “Russia Today” və “Sputnik” kimi media orqanları hər gün Emmanuel Makronun əleyhinə, yalnız iddialara söykənən, heç bir əsası olmayan materiallar yaymaqla məşğuldurlar.

Eyni proses internetdə və sosial şəbəkələrdə davam etdirilir.
Məsələn, bu günlərdə internetdə, Marin Le Penə yaxın “4chan” onlayn forumunda və “La Taverne de patriotes” saytında Makronun Baham adalarında offşor hesabı olduğu barədə xəbər yayılıb.

Emmanuel Makron isə həmin xəbərlərə görə müvafiq şəxslərin cəzalandırılması tələbi ilə məhkəməyə müraciət etməklə kifayətlənib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26