Interposta.Info

Fransa

Dünya
 12-06-2017, 11:41     485

İqtidar partiyasının parlament seçkilərinin 1-ci turunda qələbəsi heç kimi təəccübləndirmədi; Marin Le Pen isə seçki sisteminin ədalətsizliyindən şikayətləndi

Xəbər verdiyimiz kimi, Fransada keçirilən parlament seçkilərinin 1-ci turunda prezidnet Emmanuel Makronun “İrəli, Fransa” partiyası qalib gəlib. Seçkilərin yekun nəticələrinə görə, iqtidar partiyası ümumölkə miqyasında səslərin 32,1%-ni toplayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Ipsos-Sopra Steria şirkətinin keçirdiyi sorğu da eyni nəticəni təsdiq edib.

İkinci sırada 21,%-lə sağçı Respublikaçılar partiyası gəlib. Emmanuel Makronun prezident seçkilərində əsas rəqibi, radikal millətçi Marin Le Penin “Milli Cəbhə” partiyası seçicilərin 14,3% səsini toplaya bilib.

Prezident seçkilərində 20%-lik nəticə ilə hər kəsi təəccübləndirən radikal solçu Jan Lük Melanşonun “Əyilməz Fransa” partiyası 11%-lik dəstəklə kifayətlənib.

Seçkilərin ən sürpriz anti-qəhrəmanı isə dünənə qədər Fransa siyasi həyatının iki əsas partiyasından biri olan Sosialistlər olub. Onlar bütün Fransa ərazisində cəmi 10%-lik nəticə göstəriblər.

Alınan tarixi və ağır məğlubiyyət Sosialistləri fövqaldadə toplantı çağırmağa məcbur edib. Bu gün partiyanın siyasi bürosu təcili toplanaraq seçkilərin nəticələrini müzakirə edəcək.

Əgər seçkilərin 1-ci turdakı nəticələri 2-ci tura da əks olunsa Makronun partiyası 577 yerlik Milli Assambleyada 390-430 üzvə malik olacaq. Respublikaçlar 85-125 arası deputat kürsüsü qazana bilər. Sosialistlərin 20-35, “Əyilməz Fransa”nın isə 11-21 arası deputat mandatna malik olması gözlənilir. Milli Cəbhə isə 2-ci turda bütün rəqiblərinin ona qarşı birləşməsi səbəbindən təxminən 2-4 arası yer əldə edə bilər.

Bu seçkilərin ən gözə batan xüsusiyyəti isə seçicilərin iştirakının azlığı, daha doğrusu, onların ölkənin ən vacib siyasi hadisələrindən birinə olan biganəliyi olub. Belə ki, son seçkidə seçicilərin iştirakı 50%-i ötməyib ki, bu da Fransa tarixində yeni antirekordlardan biri sayılır.

Siyasi müşahidəçilər bunu fransızların siyasi sistemin ədalətinə inanması ilə izah edirlər.

Müxalifət partiyası bunu fürsət olaraq dəyərləndirmək istəyirlər. Respublikaçıların, “Əyilməz Fransa”nın və “Milli Cəbhə”nin liderləri seçiciləri 2-ci turda səfərbər olmağa səsləyiblər.

Onlar Makronun siyasəti ilə razı olmayan vətəndaşları 18 iyunda keçiriləcək 2-ci mərhələdə təmsil olunan öz namizədlərinə səs verməyə çağırıblar.

Xüsusilə Marin Le Pen sistemdən narazılığını bildirib. O, ikiturlu seçki sayəsində partiyasının aldığı sənə uyğun olaraq parlamentə təmsil oluna bilməməsindən şikayətlənib. Le Pen seçiciləri Emmanuel Makronun “fəlakətli siyasətinə” real müxalifət olan deputatları seçməyə çağırıb.

Jan-Lük Melanşon isə gəncləri prezident partiyasına mütləq üstünlük verməmək üçün onlar başqa deputatlara səs verməli olduğunu deyib. O, digər rəqibləri “Respublikaçlar” və “Sosialistlər”i ikinci turda Makronun tərəfini tutacağı proqnozunu verib.

Əslində Melanşonun sözündə həqiqət var. Məsələn, Fransanın keçmiş baş naziri, sosialist Manuel Vals namizədliyini irəli sürdüyü Esson departamentində prezidentin proqramını dəstəklədiyini bəyan edib. (Elə prezident partiyası da onun rayonunda namizəd verməyib-red.) .

Seçkilərin bu nəticəsi Emmanuel Makrona asanlıqla hökuməti formalaşdırmaq hüququ verəcək. Mütəxəssislər Makronun baş nazir postuna namizədinin dəyişməz qalacağını, yəni Havr şəhərinin meri Eduard Filippin vəzifəsində qalacağını qeyd edirlər.
Qeyd edək ki, Fransa tarixində yeni prezident seçildikdən sonra xalq onun rahatlıqla ölkəni idarə etməsi üçün parlament seçkilərində iqtidar partiyasını dəstəkləyir.

5-ci Respublika tarixində yalnız nadir hallarda. prezdent partiyasının parlament seçkilərində uduzduğu hal olub. Onların hamısı prezidentin parlamenti vaxtından qabaq buraxmasından sonra baş verib. Nəticədə prezident və baş nazirin ayrı-ayrı siyasi cərəyanları təmsil etdiyi dövrlər yaşanıb. Məsələn, 1986-1988 ci illər arasında sosialist prezident Fransua Mitteranın hakimiyyəti dövründə sağçılar növdəbənkənar parlament seçkilərində qalib gəlmiş, nəticədə onların lideri, Paris şəhərinin meri Jak Şirak baş nazir olmuşdu. Və ya 1997-ci ildə keçirilən parlament seçkilərində bu dəfə prezident Jak Şirakın partiyası məğlubiyyətə uğramış və Şirak düz 5 il baş nazir Lionel Jospenin rəhbərliyi altındakı sosialist hökumətlə işləməyə məcbur olmuşdu.

Bu dövrlər Fransa tarixində ən durğun və iqtisadi düşüşlərin yaşandığı zaman olaraq xatırlanır.

Bu səbəbdən siyasi ekspertlər indiki seçkilərin 2-ci turuna sürpriz yaşanmayacağını və əhalinin Makronun partiyasının namizədlərini dəstəkləyəcəyini qeyd edirlər./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26