Interposta.Info

Fransada sistem partiyalarının iflası -

Dünya
 24-04-2017, 14:39     509

Fransada prezident seçkilərinin 1-ci turu proqnozlaşdırıldığı kimi başa çatdı.

Seçkinin 2 əsas favoriti - Emmanuel Makron və Marin Le Pen may ayının 7-də, seçkinin 2-ci turda üz-üzə gələcəklər.

Musavat.com xarici mediada gedən təhlillərə istinadən qeyd edir ki, son prezident seçkilərində diqqəti cəlb edən xüsus Fransada ənənəvi siyasi cərəyanların iflasa uğramasıdır.

Bu vaxta qədər Fransada seçkilər həmişə de qolçu (Şarl de Qollun ardıcılları) sağçılar və mitterançı (Fransua Mitteranın davamçıları) solçular arasında gedirdi.

Fransanın əvəzedilməz lideri, general Şarl de Qolldan bu yana Fransada 6 prezident dəyişib. Onlardan 4-ü, Jorj Pompidu, Valeri Jiskar d`Esten, Jak Şirak və Nikola Sarkozi sağ düşərgəni, Fransua Mitteran və Fransua Olland isə sol cinahı təmsil ediblər.

Lakin son seçkilərdə hər iki düşərgəni rəsmi olaraq təmsil edən namizədlər: respublikaçı Fransua Fiyon və sosialist Benua Amonun ikisinin bir yerdə topladığı səs 25%-i ötməyib. Bu isə ənənəvi siyasi cərəyanlar üçün böyük böhranın işarəsidir. Müqayisə üçün qeyd etmək olar ki, 2012-ci ildəki seçkilərdə Nikola Sarkozi və Fransua Ollandın ilk turdakı səslərinin toplamı 56% təşkil edirdi.

Bütün bunlar fransızların sistem partiyalarından yorulduğunu göstərir. Onların yaratdığı boşluğu isə radikallar asanlıqla doldurmağı bacarıb. Bunların içində sağda Marin Le Penin “Milli Cəbhə”si, solda isə Jan-Lük Melanşonun “Əyilməz Fransa”sını qeyd etmək olar. Hər ikisinin toplam səsi 40%-dən çox olub. Le Pen 22, Melanşon isə 19% səs yığıb. Hər ikisi Avropa Birliyinin əleyhinədir və Fransanın tarixi milli valyutası-frankın geri qaytarılmasını tələb edirlər.

Marin Le Pen irqçi baxışları ilə seçilən siyasətçidir. Jan-Lük Melanşon isə özünü Kuba və Venesuelanın mərhum solçu liderləri Fidel Kastro və Uqo Çavesin fanatı sayır.

Fransa seçkləri ərəfəsində siyasi debatların ən populyar mövzularından biri də Rusiya və onun lideri Vladimir Putinlə yaranan gərgin münasibətlərlə bağlı olub.

Hazırkı prezidnet Fransua Ollandın hakimiyyətindəki Fransa-Rusiya münasibətlərini bəlkə də Napoleon dövründən sonrakı ən pis dövr adlandırmaq olar. Olland Fransası Rusiyanın Ukraynanın şərqinin işğalı, habelə Krımın qeyri-qanuni olaraq ilhaqını Putinə bağışlamayıb. İki dövlət arasında iqtisadi münasibətlər minimuma enib. Hətta o dərəcədə ki, Fransa Rusiyanın sifarişi əsasına düzəldilən iki vertolyot daşıyan gəmini Rusiyaya verməkdən imtina edib və onu Misirə satıb.

“Bu səbəbdən 1-ci turda Rusiya ilə münasibətlərin düzəldilməsinə tərəfdar olan 3 namizədin Marin Le Pen, Fransua Fiyon və Jan-Lük Melanşonun birlikdə 60% səs toplamasını Moskva üçün kiçik təsəlli hesab etmək olar”, - Rusiyanın “Kommersant” qəzeti qeyd edir.
Buna rəğmən Moskvanın “mənəvi” qələbəsi Makronun zəfəri ilə heç bir məna kəsb etməyə bilər. Ona görə ki, Emmenuel Makron qatı atlantist (yəni NATO-çu), Avropa Birliyi tərəfdarı kimi çıxış edir. Makronun Almaniya kansleri Angela Merkellə yaxınlığı və onunla eyni mövqedən çıxış etməsi onun ehtimal edilən prezidentliyi dövründə Rusiyaya qarşı sanksiyalarla bağlı əvvəlki iqtidarın mövqeyini saxlayacağını göstərir.

Mütəxəssislər mayın 7-də baş tutacaq 2-cü turdan sonra prezident seçilməsi halında Emmanuel Makron üçün əsl sınağın iyunun 11-i və 18-də keçiriləcək parlament seçkiləri ilə bağlı olacağını vurğulayırlar. (Fransada parlament seçkiləri ikiturlu majoritar sistem əsasında keçirilir-red.).
Nəzərə almaq lazımdır ki, həm Makron, həm də onun partiyası siyasətdə yenidir və bütün hallarda təzə prezident ənənəvi siyasi qüvvələrə dəstək üçün müraciət etməli olacaq.

Bu xüsus Fransanın seçilməsinə qəti gözlə baxılan gənc dövlət rəhbərinin həm daxili, həm də xarici siyasətinə, o cümlədən Rusiya ilə bağlı baxışlarına ciddi təsir göstərə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26