Interposta.Info

Fiyon Krımı Rusiya “verir”, Makron isə Putinə qarşıdır

Siyasət
 21-03-2017, 20:21     548

Fransada prezidentliyə namizədlər ilk teledebata çıxıblar

Fransada aprel ayının 23-də keçiriləcək prezident seçkiləri öncəsi namizədlər ilk teledebatlarını keçiriblər.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, namizədlərin rəsmi sayının 11 olmasına rəğmən debatda ən yüksək reytinqə malik 5 lider iştirak edib.

Bunlar Kantar Sofres Onepoint təşkilatının keçirdiyi sorğuya əsasən Marin Le Pen və Emmanuel Makron (hərəyə 26%), Fransua Fiyon (17%), Jan-Lük Melanşon və Benua Amondur.

Qalan namizədlər Natali Arto, Jak Şeminad, Jan Lasal, Nikola Düpon-Enyan debata buraxılmayıblar.
Siyasi müşahidəçilər debatların ilk turunda hər hansı namizədin parlaq çıxış sərgilədiyini söyləməkdə çətinlik çəkiblər.

Xüsusilə bu kimi televiziya proqramlarının ustası sayılan keçmiş baş nazir Fransua Fiyon olduqca sönük görünüb.
Respublikaçıların namizədi bu vaxta qədər üzərində olan rüşvət və korrupsiya şübhəsindən azad ola bilməyib. “Mən səhvlər etmişəm, lakin heç kim mükəmməl deyil” deməklə kifayətlənib.

Seçkilərin əsas favoriti, iqtisadiyyat naziri Emmanuel Makron isə ilk dəfə çıxış etməsinin əziyyətini yaşayıb. Hər halda onun çıxışı seçicilərin rəğbətini qazana bilib. Makron hətta Fransua Fiyona müraciət edərək onu seçkilərdə əvəz edə biləcəyini belə söyləyib. “Hər ehtimala qarşı sizi əvəz edə bilərəm” deyən Makron Fransua Fiyon haqqında açılan cinayət işinə işarə vurub.
Fiyon Krımı Rusiya “verir”, Makron isə Putinə qarşıdır


Jan Lük Melanşon isə Benua Amonu seçkilərdən çəkilməyə çağırıb.

Müşahidəçilər Marin Le Pen xaric, namizədlərin hamısının daha çox bir-birlərinin elektoratını ələ keçirməyə çalışdığını qeyd ediblər.

Gözlənildiyi kimi, debatın ən qızğın müzakirəsi Rusiya, ABŞ, Vladimir Putin və Donald Tramp ətrafında gedib.
Fransua Fiyon qlobal münaqişələrin həllində Rusiya ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Fiyon Krımla bağlı mövqeyinə də, demək olar ki, birbaşa aydınlıq gətirib.


O, Kosovo nümunəsini gətirərək Avropanın özünün sərhəd dəyişikliklərinə yol verdiyini qeyd edib. Fiyon bu məsələdə Nikita Xruşşovun volyuntarizmi və Vladimir Putinin praqmatizmi arasında seçim etmək riski daşımadığını bildirərək, Krım əhalisinin Rusiyanın yurisdiksiyası altında yaşamaq istədiyini bildirib.

Fiyonun bu çıxışı Benua Amonun sərt təpkisi ilə qarşılaşıb. O, Fiyonun dediklərinin əskinə, Putinin Ukrayna torpaqlarını işğal etdiyini söyləyib.
Emmanuel Makronun mövqeyi isə daha sərt olub: “Mənim bu kimi məsələlərlə bağlı Putinlə görüşmək niyyətim yoxdur”.

Debatlardan sonra keçirilən rəy sorğularında seçicilər ümumi qələbəni Emmanuel Makrona veriblər-29%. Hamının gözlədiyinin əksinə olaraq, seçici rəğbətində ikinci yer həm Fiyonu, həm də Le Peni arxada qoymağı bacaran Jan-Lük Melanşona qismət olub. (20%)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26