Interposta.Info

"Qondarma qurum ləğv olunub, dirilməsi mümkün deyil" - Zərdüşt Əlizadə

Siyasət
 17-10-2023, 20:55     17 817

"Onların hansısa qərarı ləğv və ya təsdiq etmələrinin gerçək həyata heç bir təsiri yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistana qaçan erməni terrorçusu Samvel Babayanın qondarma rejimin buraxılması ilə bağlı verilən qərarın dəyişdirilməsi tələbini şərh edərkən deyib.

Zərdüşt Əlizadə deyib ki, separatçılar "bəlkə də qaytardılar” prinsipilə yaşayırlar:

"Qondarma rejim artıq ləğv olunub. Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Burada əhali qalmayıb. Saxta rejimin bəzi rəhbərləri həbs edilib. Bəziləri də qaçaraq İrəvana gedib. Onlar da "bəlkə də qaytardılar” söhbətinə əsasən bu məsələni yenidən gündəmə gətirməyə çalışırlar. Onların hansısa qərarı ləğv və ya təsdiq etmələrinin gerçək həyata heç bir təsiri yoxdur. Çünki artıq proses başa çatıb. Hansısa bir siyasi qurum dağılırsa, canlı məxluq ölürsə, o daha dirilən deyil. Roma imperiyası, ingilis imperiyası, fransız imperiyası, sovet imperiyası dağılaraq daha dirilmədikləri kimi, qondarma rejim də artıq sonuna çataraq bitib. Burada deməyə artıq bir söz qalır, "fatihə”. Vəssalam”.


Qeyd edək ki, Ermənistana qaçan qondarma rejimin terrorçu ünsürləri arasında sonuncu "başçıları” Samvel Şahramanyanın qondarma rejimi buraxması ilə bağlı qərarının dəyişdirilməsi məsələsi gündəmə gəlib. Mətbuatın yazdığına görə, separatçı Samvel Babayan Şahramanyanın qondarma rejimin özünü buraxması haqda qərarının dəyişdirilməsi tələbi ilə çıxış edib.

Xatırladaq ki, Şahramanyanın "qərarı” ilə qondarma rejimin buraxılması 1 yanvar 2024-cü il tarixinə qədər baş verməli idi. Lakin proses praktiki olaraq qısa müddətdə başa çatdı. Bu fonda Babayan iddia edir ki, bu qərarın dəyişməsi üçün qondarma "parlament” ali məhkəməyə müraciət edə bilər. Amma söhbətin hansı məhkəmədən getdiyi bəlli deyil.

"Bunu Şahramanyan etməlidir, əgər bunu etmirsə, vəzifəsindən kənarlaşdırılacaq və yeni idarəetmə qurumu yaradılacaq. Təklif edirəm ki, yaxın günlərdə "parlament” toplansın və bunu müzakirə etsin”, deyə Babayan bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26