Interposta.Info

Qərbin Minsk Qrupunu diriltmək cəhdləri - Bu, siyasi riyakarlıqdır
 

Siyasət / Manşet
 25-07-2023, 17:52     216

44 günlük İkinci Qarabağ savaşından sonra ATƏT-in Minsk Qrupu faktiki olaraq əhəmiyətini itirdi.

Zatən bu təsisat münaqişənin nizamlanması istiqamətində effektiv fəaliyyət göstərmirdi. Əks halda münaqişə 30 il uzanmaz və Azərbaycan əsgərinin dəmir yumruğuna ehtiyac yaranmazdı.

İkinci Qarabağ savaşı bitər-bitməz ölkə başçısı İlham Əliyev bəyan etdi ki, Dağlıq Qarabağ yoxdur, Qarabağ var və bu ərazilər Azərbaycana məxsusdur. Bununla da ölkə başçısı Qarabağ münaqişəsi ətrafında manipulyativ davranışlar sərgiləyən böyük güclərə mesaj vermiş oldu.
Bu bəyanatın bir mənası də belə idi ki, Dağlıq Qarabağ yoxdursa, o zaman ATƏT-in Minsk Qrupu da tarixə qovuşmalıdır. Lakin müşahidələr göstərir ki, xüsusilə, Qərb Minsk Qurpunun fəaliyyətinin bərpa edilməsində maraqlıdır. Halbuki reallıq da göstərir ki, buna ehtiyac yoxdur.
Azərbaycan torpaqlarını işğaldan azad edib, Qarabağda yaşayan ermənilərə təminat verəcəyini açıqlayıb. Məsələyə ədalətli yanaşma bu reallığı nəzərə alıb, Ermənistanın öz himayədarları vasitəsilə yenidən bölgədə münaqişə ocağı yaratmaq cəhdinin qarşısı almağı tələb edir. Minsk Qrupunun fəaliyyətinin bərpa edilməsinə çalışanlar isə bu reallığı qəbul etməməklə, əslində ikili standartlardan çıxış edir.

Yeri gəlmişkən, Qərb demək olar ki, bütün mövzularda Rusiya ilə fərqli mövqe sərgiləsə də, Qarabağ məsələsində az qala Moskava ilə həmrəylik nümayiş etdirir. Bunun adı sadəcə siyasi riyakarlıqdır.

Minsk Qrupunun fəaliyyətinin bərpa edilməsinə cəhd əslində problemin həllinə deyil, əksinə, yenidən dalana dirənməsinə xidmət edir. Bu baxımdan, Azərbaycan növbəti 30 ili gözləmək niyyətində deyil. Qarabağda həll olunmamış problem yalnız Ermənistanın işğalçılıq niyyətindən hələ də əl çəkməməsidir. Rusiyanı Ukraynaya təcavüzdə ittiham edən dünya, o cümlədən ATƏT-in Minsk Qrupundan təmsil olunan ABŞ və Fransa nədənsə Ermənistanın oxşar davranışını sükutla müşahidə edir və bu azmış kimi İrəvanın Azərbaycan ərazisində separatizm siyasəti yeritməsinə az qala qanuniləşdirməyə çalışırlar. Azərbaycan buna imkan verməyəcək. Bu, təkcə Azərbaycan hakimiyyətinin mövqeyi deyil, cəmiyyət də bu məsələdə həmrəydir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26