ATƏT sədrinin bölgəyə səfəri nə məqsəd daşıyır? - Politoloq

"Fransanın da təşkilatda təmsil olunduğunu nəzərə alsaq, Paris Azərbaycandan üzr istəməyənə qədər Bakının Minsk qrupu ilə əməkdaşlığına heç bir ehtiyac yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Mirzəoğlu ATƏT-in hazırkı sədri Buyar Osmaninin Azərbaycan və Ermənistana gözlənilən səfərini şərh edərkən deyib:
"ATƏT sədrinin regionumuza səfərini, münaqişə tərəfləri arasında münasibətlərdə olan problemlərin həllində vasitəçilik istəyini alqışlamaq lazımdır. Amma məsələ ondadır ki, ATƏT-in Minsk qrupu artıq de-fakto olaraq mövcud deyil. Çünki Minsk qrupuna üzv dövlətlərdən birinə qarşı Qərb Ukrayna savaşına görə sanksiyalar tətbiq edib. Digər tərəfdən, Minsk qrupunda təmsil olunmuş bəzi dövlətlər həmsədrləri geri çağırıb, quruma öz daimi nümayəndələrini təyin ediblər.
Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, Qarabağ problemini Azərbaycan praktik olaraq həll edib və ATƏT-in Minsk qrupu bu illər ərzində ona olan etimadı doğrulda bilmədi. Erməni tərəfi isə israrla Minsk qrupunu danışıqlar formatına qaytarmağa çalışır. Məqsədləri də Qarabağın təhlükəsizliyilə bağlı Azərbaycandan alına biləcək təminatlardır. İrəvan Azərbaycanın bu təminatları məhz ATƏT-in Minsk qrupu qarşısında verməsində maraqlıdır. Fransanın təşkilatda olduğunu nəzərə alsaq, Paris Azərbaycandan üzr istəməyənə qədər Bakının Minsk qrupu ilə əməkdaşlığına heç bir ehtiyac yoxdur”.
Qeyd edək ki, ATƏT-in hazırkı sədri Buyar Osmani Azərbaycana və Ermənistan səfər edəcək. Məlumata görə, səfərlə bağlı hər iki ölkənin XİN başçısı ilə telefon danışığı zamanı razılıq əldə olunub. ATƏT sədri gərginliyin aradan qaldırılması və regionda davamlı sülh üçün şəxsən iştirak etməyə hazır olduğunu söyləyib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26