Interposta.Info

Boris Conson niyə istefa verdi? - Politoloqların şərhi

Siyasət
 8-07-2022, 14:28     297

İyulun 5-dən başlayaraq Böyük Britaniya hökumətinin xeyli sayda üzvünün istefa verməsi son nəticədə Baş nazir Boris Consonun da anoloji addım atmasına rəvac verib. Consonun istefası dünyada geniş rezonans doğurub. Bir qrup insanlar onun istefasını aıqışlasa da, bundan məyus olanlar da var.

Consonun istefası xüsusən də Rusiyada böyük əks-səda ilə qarşılanıb. ABŞ-ın "Reuters” agentliyinin məlumatına görə, Rusiya rəsmiləri Böyük Britaniyanın baş naziri Boris Consonun istefası xəbərini bayram etməkdən ötrü növbəyə düzülüblər. Bildirilir ki, Kremlin sözçüsü Dmitri Peskov Boris Consonun istefası xəbərinə münasibətini açıqlayanda bu məsələnin Kremli az narahat etdiyini vurğulayıb, ancaq bunu da deyib: "O bizi sevmirdi, heç biz də onu sevmirik”.

Rusiyalı maqnat Oleq Deripaska "Telegram” kanalında Boris Consonu "kütbeyin təlxək” adlandırıb, onun "şərəfsiz sonluğuna” sevincini ifadə edib və baş naziri Ukraynada on minlərlə insanın faciəsində günahlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Consonun süqutu bütövlükdə siyasi, ideoloji və iqtisadi böhranı alovlandıran Qərbin süquta uğramasının nişanəsidir.

"Reuters” qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin hələ fevralın 24-də Ukraynaya hücum əmri verənə qədər də Boris Conson onu qəddarlıqda, dünyanı təhlükə altına atan düşüncəsiz ambisiyalarda qınayıb: "Fevralın 24-də Rusiya Ukraynaya hücum edəndən sonra isə Conson Böyük Britaniyanı Qərbdə Kiyevin ən iri müttəfiqlərindən birinə çevirib, bu ölkəyə silah göndərib, Rusiyaya ən sərt sanksiyaların tətbiqinə qərar verib. Consonun Ukraynaya dəstəyi o qədər geniş xarakter alıb ki, hətta Kiyevdə bəziləri onun adını çəkəndə soyadını əzizləyib "Boris Consonyuk” deyir”.

Qeyd edək ki, Conson 2019-cu il iyulun 23-də Mühafizəkarlar Partiyasının lideri seçilib, iyulun 24-də isə baş nazir olub. Baş nazir 2020-2021-ci illərin koronavirus qapanmaları, sərt karantin rejimləri dövründə hökumət iqamətgahında keçirilən kütləvi şənlik mərasimlərinə qatılmaqda ittiham olunur. O, həmçinin əvvəllər adı müxtəlif qalmaqallarda hallanmış Kris Pinçerə hakim partiyada yüksək vəzifə verməkdə ittiham olunur.
Ətraflı

Consonun istefasını Qaynarinfo-ya şərh edən ASDP sədri Araz Əlizadəyə görə yarıtmaz daxili siyasəti Consonu sonda istefa ilə üz-üzə qoydu:
"Boris Consonun istefaya getməsinə yürütdüyü yarıtmaz daxili siyasəti bais olub. Böyük Britaniya onun hakimiyyəti dövründə günü-gündən daxili siyasətdə tənəzzülə uğrayırdı. Bu da təbii ki, xalqı narahat edirdi. Nəticədə Conson başa düşdü ki, əvvəl axır getməlidir. İstefasına xarici amillər də təsir göstərib. Conson xarici siyasətə daha çox önəm verərək, daxili siyasəti sanki unutmuşdu. Özünü "Roma Papasından daha çox katolik göstərmək istəyib”. Amma bu mümkün deyil”.

Politoloq Zərdüşt Əlizadə Consonun istefasını özünün günahı kimi dəyərləndirdi:

"Conson böyük səhvlərə yol verib. Pandemiya dövründə özünün təsdiqlədiyi qadağalara baxmayaraq, iqamətgahında ziyarətlər təşkil edir, şənlənirdi. Bu məsələ cəmiyyətə bəlli olandan sonra üzr istəməli oldu. Habelə xanımı ilə açıq şəkildə olan qalmaqal və bilə-bilə əxlaqı pozğun bir adamı digər deputatların fəaliyyətinə nəzarət edən şəxs kimi təsdiq etməsi son nəticədə Consonun istefaya getməsinə gətirib çıxardı. Çünki artıq hökumət və partiyadan olan silahdaşları da onun istefaya getməsini tələb edirdi. Qərbdə Şərqdən fərqli olaraq siyasətçinin yalan danışması, həqiqəti danması ən ağır cinayətlərdən hesab olunur. Bill Klintonun impiçment məsələsi ona görə qaldırılmamışdı ki, o Monika Levinski ilə eşq məcarası yaşayıb. Klinton bu barədə and içərkən həqiqəti inkar etdiyindən impiçment məsələsi gündəmə gəldi”.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Consonu istefaya məcbur edənlərin əksəriyyəti Putin korrupsiyasının yemlədiyi təbəqələr olub:
"Boris Consonun baş nazirliyi dövründə rasist meyllərə qarşı cəsarətli mübarizəsi, Qərb dəyərlərini dağılmaqdan qorumaq istiqamətindəki fəaliyyətini gələcək nəsillər qiymətləndirəcək. Həqiqətən də böyük şəxsiyyət idi. Amma o, rus imperalizminin, Avropada meydan sulayan Putin korupsiyasının qurbanı oldu. Ona qarşı çıxanlar və devrilməsini təşkil edənlərin əksəriyyəti Putin korrupsiyasının yemlədiyi təbəqələr olub. İmkan vermədilər ki, bu adam dünyanı təhdid edən təhlükələrə qarşı sona qədər mübarizə aparsın. Zənnimcə, bunu edənlər öz dövlətlərinə xidmət etmədi və ona görə də ciddi peşman olacaqlar”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26