Interposta.Info

“Nida”nın tanınmış üzvlərinə bəraət verildi

Siyasət / Manşet
 19-11-2021, 17:57     540


"Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin cinayət işi üzrə hər birinə bəraət verilib.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclasında Avropa Məhkəməsinin adları çəkilən şəxslərlə bağlı qərarı əsasında onların işinə baxılıb. Plenum NİDA-çıların 2013-cü ildə heç bir cinayət törətmədikləri halda, günahsız həbs olunduğu qənaətinə gəlib.

Qərara əsasən, dörd nəfər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bundan başqa, qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsinə dair qərar çıxarılıb.

Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri 2013-cü ilin martında kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama kimi ittihamlarla həbs olunub, onlara 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Onların bəziləri 2, bəziləri isə 4 il sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Bir nəfər – İlkin Rüstəmzadə 2019-cu ilin martına qədər həbsdə saxlanmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26