Interposta.Info

REAL İlqar Məmmədovun bəraət almasını hökumətlə dialoqun nəticəsi kimi qiymətləndirdi

Siyasət
 23-04-2020, 20:22     559

Xəbər verildiyi kimi, REAL sədri İlqar Məmmədov bu gün bəraət alıb. Ali Məhkəmənin plenum iclasında bu barədə qərar qəbul edilib.

Qərara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib.

Plenum İ.Məmmədovun həbsdə qaldığı müddətə görə mənəvi təzminat təyin edib. Mənəvi təminatın məbləği 234 min manatdır.

Musavat.com xəbər verir ki, məhkəmədən sonra mətbuata açıqlama verən İlqar Məmmədov bəraət almasını Azərbaycanda məhkəmə-hüquq tarixində yeni mərhələ kimi qiymətləndirib.

Təqsirsiz olduğunu deyən İlqar Məmmədov siyasi fəaliyyətinə davam edəcəyini də söyləyib.
İlqar Məmmədov məhkəmə qərarı ilə ona ödəniləcək kompensasiyanın məbləğini açıqlamaq istəməyib.

Qısa olaraq deyib ki, təyin olunan kompensasiya ödənməlidir, amma önəmli olan onun təqsirsizliyinin sübuta yetirilməsidir.
Mənəvi kompensasiyanın məbləği başqa mənbələrdən mətbuata məlum olub.

REAL partiyası da İlqar Məmmədovun bəraət alması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, İlqar Məmmədovun və Rəsul Cəfərovun Ali Məhkəmənin Plenumunda bəraət almaları Azərbaycan məhkəmə-hüquq sistemi üçün tarixi bir hadisədir.

“Sözügedən işlər göstərdi ki, geniş mənada Azərbaycan milli qanunvericiliyi insan haqlarının və fundamental azadlıqlarının qorunmasında son nəticədə səmərəlidir. Avropa İnsan Haqları Konvensiyasının həmin tərkibə daxil olması bu səmərəni artırır. Bundan sonra qərarların verilmə sürəti baxımından siyasi və hüquqi tədbirlərin həyata keçirilməsi daha da fəallaşdırılmalıdır ki, bu səmərə daha da artırılsın.

Ayrıca qeyd etməliyik ki, Ali Məhkəmədən öncə azərbaycanlı hakimlər - Xanlar Hacıyev və Lətif Hüseynov - hər iki işdə ədalətli mövqedən çıxış edərək İlqar Məmmədovun və Rəsul Cəfərovun xeyrinə Avropa Məhkəməsində qəbul olunan qərarların lehinə dəfələrlə ardıcıl olaraq səs veriblər”- deyə partiyadan bildirilib.

REAL partiyası bu bəraət qərarlarını hökumətin müxalifətə dialoq təşəbbüsü kimi qiymətləndirib: “Bəraət qərarları hakimiyyətin müxalifətə təklif etdiyi dialoq təşəbbüsü, REAL partiyasının bu təşəbbüsü qəbul etməsi və ilk təmasdan sonra dialoqun əməli sürəcə çevrilməsi fonunda baş verən hadisədir. Bu yolda bizə dəstək olmuş partiya üzvlərimizə, vəkillərə və geniş ictimaiyyətə bir daha təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb.

Bildirək ki, partiyanın digər üzvü Rəsul Cəfərov da bəraət alıb. Ona isə 57 min 400 manat mənəvi təzminat ödənilməsi barədə qərar çıxarıb./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26