Interposta.Info

Bayden - Zelenski görüşü: Kəkillilər saqqallılara qarşı...

Siyasət
 30-08-2021, 10:26     440

Fors-major bir hadisə baş verməsə, ABŞ prezidenti bu gün Ukrayna prezidentilə görüşməlidir. Ukrayna prezidenti görüşü Bayden – Putin görüşü ərəfəsində keçirmək istəyirdi, amma ABŞ prezidenti buna razılıq verməmiş və əvəzində Zelenskini ABŞ-a rəsmi səfərə dəvət etmişdi.

Görüşün məzmunu-predmeti haqqında çox baş sındırmağa dəyməz.

Birincisi, bu, Rusiya-Ukrayna problemləri, Krım, Şərqi Ukrayna və digər məsələlər olacaq. Görüş ərəfəsində Zelenski "Krım platforaması” adlı möhtəşəm forum keçirdi və bu tədbirə dünyanın 46 ölkəsi qatıldı. Üstəgəl, müttəfiq dövlətlərin iştirakı ilə hərbi parad da keçirildi.

Maraqlısı budur ki, Azərbaycan bu tədbirlərə qatılmadı, halbuki Krım məsələsi bizə elə də yad problem deyil, bizim torpaqlarımızın da bir hissəsi hələ də Ermənsitanla Rusiyanın nəzarəti altında qalır.

İkincisi, görüşdə güman ki, Ukrayna – NATO münasibətlərinə də toxunulacaq. Bu da öz növbəsində çox qəliz məsələdir. NATO rəsmiləri "Ukrayna NATO-nun üzvü olacaq” və ya "Ukrayna NATO-nun formal üzvü sayılır” deməklə, Qara və Azov dənizlərində hərbi təlimlər keçirməklə məsələnin bitdiyini güman edirlər. Amma burada iki məqam var.

Birincisi, üzv dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına aid məşhur maddə "formal üzvlər”ə şamil edilmir. İkincisi, nə vaxtsa NATO-ya üzvlüklə bağlı da konkret tarix deyilməlidir, əks halda bu, siyasət yox, filologiya olacaq. Üçüncüsü, Qara dənizdə, xüsusən də Azov dənizində hərbi təlimlər keçirmək heç də post-sovet məkanındakı münaqişələri həll etməkdən az riskli bir məsələ deyil.

Bayden bu məsələlərə nə qədər diqqət ayıracaq? Bir görüşlə, hətta bir prezidentlik müddətilə bütün problemlər həll olunmur. Daha doğrusu, dünya birlinin seçdiyi yolla problemləri qısa müddətə həll etmək olmur. Təcavüzkarı sülhə məcbur etmək lazımdır. Bu yol seçilsə, onda hər şeyi yoluna qoymaq olar. Amma işin tərsliyindən təcavüzkar Rusiyadır və bu ölkə daim müharibədən ötrü "yerikləyir”. Fəqət bir məsələ də var ki, biz bu nəhəngin hərbi imkanlarını çox şişirdirik və unuduruq ki, çox kiçicik bir ölkə - Çeçenistan az qala onun hərb maşınını sındırmışdı.

Bizə elə gəlir ki, Baydenin həll edə biləcəyi məsələ Ukraynanın, Gürcüstanın və Moldovanın NATO-ya inteqrasiyasını sürətləndirmək və acı bağırsaq kimi uzanmış bu məsələni həll etməkdir. Nəzərə alsaq ki, bu ölkələr - Ukrayna, Gürcüstan və Moldova Alyans qarşısında öz münaqişələrinin sürətli həlli tələbini qoymurlar, o halda razılaşmaq olar ki, məsələ heç də düşünülən qədər qəliz deyil.

Bütün hallarda, bu görüşdən Baydenin niyyəti bilinəcək. Bu adam uzağı bir dəfə prezident olacaq, çünki yaş o yaş deyil.

Ona görə də ən optimal yol seçməlidir, nəyi irəli salmağı düşünməlidir.

O ki qaldı bu konteksdə bizim edəcəklərimizə, azərbaycanlıların belə bir məsəli var: çağırılmayan yerə getmə, çağırılan yerdən qalma. Biz "Krım platforması”na qatıla bilərdik və qatılmalıydıq. İndi Rusiya Qarabağda min oyundan çıxır və hazırda bizim bu oyunlara qarşı sığortamız yalnız Türkiyə ilə ittifaqımızdır. Amma bu, Rusiya qarşısında duruş gətirməkçün kifayət olmaya da bilər.

Ukrayna, Gürcüstan və Moldova bizim təbii müttəfiqlərimizdir, biz GUAM-ın təsisçilərindən biri olmuşuq. Belə bir məqamda biz onlardan niyə ayrılmalıyıq? Düzdür, GUAM daxilində yollar haçalanıb, Moldova, Gürcüstan və Ukrayna üçlüyü Avropa ilə sıx inteqrasiya yolu seçib, bizsə hərbi-siyasi neytrallığa üstünlük vermişik. Amma bütün hallarda bunlar Rusiya ilə hərbi-siyasi müttəfiqlik yolu deyil və ən azı buna görə bir yerdə olamalıyıq. Üstəlik, bizi bir amil də birləşdirir və bu da odur ki, bizim ərazilərimizdə Rusiya tərəfindən dəstəklənən münaqişələr var...\hüseynbala səlimov

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26