Interposta.Info

ABŞ çıxandan sonra Çin Əfqanıstana ordu yeridəcək? (ŞƏRH)

Siyasət
 12-07-2021, 16:09     416

"İnanmıram ki, ABŞ çıxandan sonra Çin Əfqanıstana müdaxilə edərək birbaşa ora qoşun yeritsin”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Əfqanıstanı tərk etmək ərəfəsində olan ABŞ-ı burada Çinin əvəzləyəcəyilə bağlı sualı cavablandırarkən deyib. Həmsöhbətimiz bildirdi ki, Pekin onsuz da burada Pakistan vasitəsilə istədiyini edir:

"ABŞ-ın Əfqanıstanda ən böyük məğlubiyyəti odur ki, onlar sona qədər bu ölkədə hakimiyyəti formalaşdırıb işlək vəziyyətə gətirə bilmədi. ABŞ-ın çıxmağına baxmayaraq, bu ölkənin ərazisi hələ də fövqəldövlətlərin toqquşma yeri olaraq qalacaq. Əfqanıstanda tacik və özbəklər yaşayan hissədə Rusiya təsiri var. Puştunlar yaşayan ərazidə isə əsas nüfuz sahibi Pakistanla Çindir. Pakistanla Çin arasında hərbi və digər sahələrdə müttəfiq münasibətləri də yüksək səviyyədədir. Bu baxımdan Əfqanıstan yenidən qeyri-stabil dövrə qədəm qoyur. Belə vəziyyətdə "Taliban” hərəkatının daha şanslı olacağı gözlənilir”.
T. Zülfüqarov bildirib ki, Çin də Əfqanıstan ətrafında cərəyan edən proseslərdən narahatdır və ona görə də iddialıdır. Amma bu o demək deyil ki, Pekin bu ölkəyə qoşun yeridəcək:



"Çinin ərazisində Əfqanıstana yaxın bölgədə etnik türklər, uyğurlar yaşayır. Amma inanmıram ki, Çin bölgədən çıxan ABŞ-ı əvəzləyərək, Əfqanıstana öz qoşunlarını yeridəcək. Buna ehtiyac olmadığı qənaətindəyəm. Ona görə ki, Pekin onsuz da yüksək əlaqədə olduğu Pakistan vasitəsilə orada istənilən məsələni həll edə bilir. Bu səbəbdən Çinin Əfqanıstana birbaşa qoşun yeritməsi gözlənilmir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26