Interposta.Info

Boliviya prezidenti istefa verdi: Meksika sığınacaq təklif etdi

Siyasət / Dünya
 11-11-2019, 09:25     10 408

Boliviya prezidenti Evo Morales rəsmən istefa verdiyini elan edib.

"Report" xəbər verir ki, istefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini elan etməsindən az sonra məlum olub.

Bundan əvvəl ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.

Bu arada Meksika Evo Moralesə sığınacaq verməyə hazır olduğunu bəyan edib.

Bu barədə Meksikanın Xarici İşlər naziri Marselo Ebrard özünü "Twitter” səhifəsində yazıb:

"Müdaxilə etməmək və sığınacaq vermək ənənəsinə uyğun olaraq Meksika La Pasdakı rəsmi iqamətgahında Boliviyanın icra və qanunverici orqanının 20-dən çox əməkdaşına sığınacaq verib. Evo Moralesə sığınacaq verilməsini də təklif etmişik” deyə XİN rəhbəri yazıb.

Bundan əvvəl Ebrard Boliviyada baş verənləri "hərbi əməliyyat” adlandırıb və Meksikanın bunu qəbul etməyəcəyini bildirib.

Bazar günü Morales ölkədəki vəziyyəti çevriliş adlandıraraq istefa verdiyini elan edib. Onun ardınca vitse-prezident Alvaro Qarsia Linera, Senatının spikeri Adriana Salvatyerra, Senat sədrinin birinci müavini, həmçinin Deputatlar Palatasının rəhbəri Viktor Borda da istefa verib. Boliviya Senatının ikinci vitse-spikeri, müxalifətin nümayəndəsi Janin Anyes bütün yüksək rəhbərliyin istefasından sonra ali hakimiyyətin ona keçdiyini bildirib.

Qeyd edək ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb. Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26