Interposta.Info

Bu gün Vyanada Qarabağ danışıqları olacaq

Siyasət
 29-03-2019, 09:24     10 276

İşğalçı ölkə Avstriya paytaxtındakı görüşdən bir gün əvvəl növbəti təxribata əl atdı; politoloq: “Növbəti görüşdə də Paşinyan belə bir niyyət güdərsə, artıq Azərbaycan başqa variantlara əl atmalı olacaq”
Bu gün, martın 29-da Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu, Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

Bundan əvvəl onlar Davos Forumu çərçivəsində bir araya gələrək Qarabağ ətrafında müzakirələr aparmışdılar. Avstriya prezidentinin mətbuat xidməti də martın 29-da bu ölkənin prezidenti Alexander Van der Bellenin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşəcəyi barədə məlumat yayıb. İndiyədək verilən açıqlamalarda Vyana görüşündə konkret hansı məsələlərin müzakirə olunacağı barədə detallı məlumata rast gəlinməyib. Ancaq xüsusilə Ermənistanda yaxşı anlayırlar ki, budəfəki görüşdə hansısa pozitiv nəticə əldə olunmasa, o halda münaqişə bölgəsində vəziyyət kritikləşə bilər. Elə bir sıra müşahidəçilər Vyana görüşü ərəfəsində Ermənistan Müdafiə Nazirliyində komandanlığın toplantısını və bunun ardınca N.Paşinyanın iştirakı ilə erməni generallarının qapalı müzakirələrini təsadüfi saymır. Hesab olunur ki, bu, Ermənistan ordusunun fors-major hadisələrə hazırlıq məqsədi daşıyıb. Avstriya paytaxtında baş tutacaq ikitərəfli görüşdən öncə təmas xəttində təxribata əl atılması və Azərbaycan ordusunun əsgərinin şəhid olması faktına hələlik Minsk Qrupu həmsədrlərindən hər hansı reaksiya gəlməyib. Görünür, elə bu səbəbdəndir ki, işğalçı ölkə şirniklənərək daha bir özbaşınalığa qərar verib. Belə ki, liderlərin görüşündən bir gün əvvəl - martın 28-də Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlər keçirib (ONA). Məlumata görə, qoşunların təmas xəttinin Ağdam istiqamətində keçirilən təlimlərdə zirehli texnika və artilleriya qurğularından istifadə edilib. Hazırda erməni ordusunun təlimi atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilib. Bu faktın özü İrəvanın sülh danışıqlarını pozmaq və status-kvonu saxlamaq cəhdindən xəbər verir. Ermənistan rəhbərliyi fakt qarşısında qaldığını və Vyanada onu çətin görüş gözlədiyini yaxşı anlaşdığı üçün vəziyyəti gərginləşdirir. Xatırladaq ki, hətta erməni ekspertlər N.Paşinyanın İ.Əliyev qarşısında çox zəif olduğunu dönə-dönə deyiblər. Ancaq işğalçı ölkə bununla həm də “güc nümayişi”ni də sərgiləməyə cəhd edir.

Düşmənin davranışları təbiidir, ondan normal addım gözləməyə dəyməz. Sadəcə, illərdir vasitəçilik missiyasını üzərinə götürən paytaxtların Ermənistanın bu özbaşınalığına seyrçi qalması təəssüf doğurur. Nə ATƏT həmsədrləri, nə də ATƏT-in bölgədəki “canişini” Anjey Kasprşikdən hər hansı reaksiya gəldi. Hansı ki, ötən ilin mayında həmsədrlər Azərbaycanı öz ərazisində işğalçıya cavab atəşi açdığına görə ayrıca bəyanatla “suçlu” çıxartmağa çalışmışdı.

Digər təəccüblü məqam isə budur ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 28-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib. Məlumatda deyilir ki, monitorinq insidentsiz başa çatıb. Təsəvvür edin, ATƏT cəbhənin bir istiqamətində monitorinq keçirir, digər tərəfdə isə Ermənistan ordusu hərbi təlimlər keçirir, beynəlxalq təşkilat isə bu cür özbaşınalığın üstünü belə vurmur.

Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında Düşənbədə keçirilən qeyri-rəsmi görüşdə atəşkəsin qorunub-saxlanması barədə razılaşma əldə olunmuşdu. 2018-ci il dekabrın 6-da isə Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Nikol Paşinyan arasında qısa söhbət olmuşdu. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılmışdı.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşdü. 2019-cu il yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş oldu. Nazirlərin Paris görüşündə isə xalqların sülhə hazırlanması barədə anlaşma əldə olunduğu barədə xəbər yayıldı. Lakin əldə olunan razılaşmanı pozan tərəf isə həmişəki kimi Ermənistan tərəfi oldu. İşğalçı ölkənin hakimiyyəti və cəmiyyəti “ölərik, Qarabağı qaytarmarıq” yanaşmasını sərgilməklə beynəlxalq hüquqa meydan oxumaqdadırlar. Bu isə növbəti dağıdıcı savaş riskinə meydan açır.

Beləliklə, uzun fasilədən sonra iki dövlət liderləri arasında rəsmi görüşün reallaşması nəzərdə tutulur. Xatırladaq ki, 2016-cı il aprelin 2-dən 5-dək baş verən hərbi toqquşmalar da eks-prezident Serj Sərkisyanın qeyri-konstruktiv mövqeyi və işğalçı ölkənin davamlı təxribatları nəticəsində baş vermişdi. O zaman Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırdı. Lakin beynəlxalq aləm dərk etdi ki, hazırkı status-kvonun qəbuledilməzdir və nizamlanma istiqamətində təcili addımlara ehtiyac var. Uzun fasilədən sonra iki dövlət liderinin nəzərdə tutulan görüşü ərəfəsində işğalçı tərəfin təxribatları onu təsdiqləyir ki, İrəvan mövcud vəziyyətin əbədi davam etməsində maraqlıdır. Azərbaycan isə şübhəsiz ki, nə hərb, nə sülh variantını qəbuledilməz sayır və torpaqlarının ilhaqı ilə barışmaq niyyətində deyil.

Bu arada məlum olub ki, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan martın 22-də Moskvaya etdiyi gizli səfəri zamanı ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popovla da görüşüb. Axar.az xəbər verir ki, bu məlumatı “168 Jam” qəzeti yayıb. Qeyd edək ki, bundan öncə Mnatsakanyan Moskvaya gizli səfər etdiyi haqqında məlumat yayılıb. Səfər zamanı Mnatsakanyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. Ermənistan tərəfi hələlik səfərin baş tutub-tutmamasına tam aydınlıq gətirməyib. Mnatsakanyan martın 22-də İrəvanda olmadığını desə də, mətbuatı konspirologiya da ittiham edib.

Media Mnatsakanyanın Moskvaya Əliyevlə-Paşinyan görüşündən cəmi 1 həftə öncə səfər etməsinə və bu barədə ictimaiyyətə heç bir açıqlama verilməməsinə diqqət çəkib. Bəzi ekspertlər Ermənistan XİN başçısının Vyana görüşü ərəfəsində Moskvadan təlimat aldığını güman edir.

Düşmənin son təxrbatlarından bəhs edən politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, atəşkəs heç də sülh demək deyil və ermənilər bundan öz xeyirlərinə daima istifadə etməklə təxribatlar törədiblər: “Sonuncu təxribatlar da buna əyani bir misaldır. Bu hadisələr də göstərir ki, artıq bütün məsuliyyət Ermənistanın üzərində qalacaq. Bu, həm də Paşinyanın istər istəməyərəkdən, istərsə də qəsdən atəşkəsi pozdurması və ya silahlı qüvvələrə nəzarəti itirməsi kimi qiymətləndirilməlidir”.

Vyanada keçiriləcək görüşdən gözləntilərinə gəldikdə, A.Nağıyev xatırlatdı ki, son aylarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində 4, dövlət rəhbərləri səviyyəsində qeyri-rəsmi 3 görüş baş tutub: “Bu görüşlər əsasən münaqişə tərəflərinin sülh danışıqlarına münasibəti və mövqelərin araşdırılması istiqamətində idi və konkret olaraq məsələnin həlli öz əksini tapmadı. Paşinyan qeyri-adekvat çıxışları ilə separatçı qüvvələri üçüncü bir subyekt kimi danışıqlara cəlb etməyə cəhdləri ilə sülh prosesini ləngidib. Lakin qarşıdan aprel ayı gəlir və hakimiyyətinin bir illiyik hesabatını vermək iqtidarında olmaq üçün Qarabağla bağlı addımlar atmalıdır. Buna görə də mütləq şəkildə ya danışıqlara getməli, ya da tam imtina etdiyini bəyanlamalıdır. İkincini edə bilməz, çünki onun siyasətində əsas kartlardan biridir və ümumiyyətlə, ATƏT və ya dünya birliyi buna imkan verməz. Əks halda, sanksiyalar və digər təzyiqlərlə üzləşə bilər”.

Politoloq qeyd etdi ki, Azərbaycan məsələnin hərbi yolla həllini də bir variant olaraq gündəmdə saxlayır və bu, indiki reallıqda tamamilə mümkündür: “Azərbaycan bu variantı 2016-cı ildə sınaqdan keçirib və ölkəmizə hər hansı bir beynəlxalq qurumlar və ya dövlətlər tərəfindən irad tutulmayıb. Təbii ki, növbəti görüşdə də Paşinyan belə bir niyyət güdərsə, artıq Azərbaycan başqa variantlara əl atmalı olacaq və bu, gözləniləndir”.

“Paşinyan bir müddət ölkə daxilində və beynəlxalq arenada uğurla ”oynadı", amma indi onun erməni xalqına istədiyi “çörəyi” vermək imkanı yoxdur. Buna görə də heç kim ona kömək etmək istəmir". Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Oleq Kuznetsov prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Vyana görüşü haqda danışarkən deyib. Politoloq bildirib ki, Paşinyan iki seçim arasında qalıb. Kuznetsov qeyd edib ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində şahmat dilində desək, suqsvanq vəziyyətindədir və hər bir hərəkəti onun mövqeyini pisləşdirir: “Mən onun bunu yaxşı dərk etdiyindən əminəm, buna görə də ”Azərbaycan xalqı ilə sülhə dair birbaşa söhbət" kimi tamamilə çılpaq fikirlər irəli sürür. Paşinyan hazırda həm daxili, həm də xarici siyasətdə çarəsizdir. Buna oxşar bir şey 100 il bundan əvvəl - 1918-ci ilin fevral-mart aylarında Brest-Litovskda bolşeviklərin döyüşçü müxalifətlə apardığı ayrı-ayrı müzakirələr zamanı baş verib. O vaxt Sovet Rusiyasının nümayəndə heyətinin rəhbəri də “nə müharibə, nə sülh” tezisini irəli sürmüşdü, bunun nəylə sonlandığı məlumdur: Alman əsgərləri hücuma keçdi, Gürcüstana gəlib çatdılar. Bundan sonra bolşeviklər özləri üçün tamamilə əlverişsiz şəraitdə sülh müqaviləsi imzaladılar. Mən qorxuram ki, martın 29-da Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişində və nəticələrində bənzər bir şey görəcəyik".

Ümumiləşdirsək, prezident İlham Əliyevlə görüşdə Nikol Paşinyanı çətin imtahan gözləyir. Ötən ilin mayından etibarən Ermənistan hökumətinə rəhbərlik edən Paşinyan danışıqların formatının dəyişdirilməsi və Qarabağ separatçılarının prosesə qoşulması üçün çox çalışdı, lakin məqsədinə nail ola bilmədi. İndi o, ənənəvi formatda iştirak etmək məcburiyyəti qarşısındadır və uğursuzluğunu ört-basdır etməkdən ötrü daxili auditoriyaya hesablanan müxtəlif radikal bəyanatlar verir. Görək, Vyana görüşündən sonra nə deyəcək...

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26