Interposta.Info

Azərbaycan və Ermənistan

Siyasət
 11-07-2017, 12:50     519

Bu gün Avstriyanın paytaxtı Vyana yaxınlığındakı Mauerbax şəhərində, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşəcək

Virtualaz.org diplomatik mənbələrə istinadən xəbər verir ki, görüşdə Ermənistan tərəfdən xarici işlər naziri Edvard Nalbandyanın iştirakı təsdiqlənib. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov da öz növbəsində rəsmi Bakının danışıqlara hazır olduğunu bildirib.

Qeyd edək, nazirlərin görüşü işğalçı Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələri arasında təmas xəttində gərginliyin yeni eskalasiyası fonunda keçir. Belə ki, ötən həftə Fizuli rayonunun Alxanlı kəndinin erməni işğalçıları tərəfindən atəşə tutulmasından sonra dinc Azərbaycan vətəndaşlarının həlak olması cəbhədəki vəziyyəti gərginləşdirib.

Xatırladaq ki, nazirlər ATƏT XİN Şurasının qeyri-rəsmi görüşündə iştirak üçün Avstriyadadırlar. “Dialoq və əməkdaşlıq yolu ilə etimadın qurulması” şüarı altında keçiriləcək iclasa ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın Avropa, inteqrasiya və xarici işlər üzrə federal naziri Sebastyan Kurts sədrlik edəcək.

ATƏT-ə üzv 57 ölkənin təmsil olunacağı görüşdə əsasən qurum ərazisindəki münaqişələr, təhlükəsizliyə yönəlmiş təhdidlər, terrorla mübarizə, insan hüquqları, qanunun aliliyi və demokratiya, həmçinin bu il 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclasına hazırlıq məsələləri diqqətdə olacaq.

Görüş çərçivəsində həmçinin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşü də planlaşdırılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26