Interposta.Info

Tramp Qüdsdən sonra bu dəfə Colan “bombasını partlatdı”

Siyasət
 26-03-2019, 08:42     10 370

ABŞ prezidentinin Colan qərarı bölgədə gərginliyi artıracaq
Gözlənilən oldu, prezident Donald Tramp ABŞ-ın İsrailin Colan Yüksəklikləri üzərindəki suverenliyini tanıyan bəyannaməni Ağ Evdə imzaladı. İmzalanma mərasimində İsrailin hazırkı baş naziri Benyamin Netanyahu da iştirak edib. Netanyahu “tarixi” qərar adlandırdığı sənədə görə ABŞ prezidentinə təşəkkür edib.

İsrail baş naziri deyib ki, Colan Yüksəklikləri İsrail ordusunun “Suriyaya qarşı özünümüdafiə müharibəsi gedişində ələ keçirilib” və bundan sonra daimi olaraq İsrailin nəzarətində qalacaq.

Xatırladaq ki, Colan Yüksəkliklərini İsrail ərazisi olaraq tanıyacağı barədə açıqlamanı ABŞ prezidenti martın 21-də elan edib. Ancaq Trampın bu barədə açıqlaması dünyada etirazla qarşılanıb. Rusiya, Türkiyə, Avropa İttifaqı, İran və BMT Trampın bu addımın pisləyib. Lakin bu çağırış və qınaqlar ABŞ prezidentinin mövqeyinə təsir etmədi.

Suriya hökuməti bəyan edib ki, Trampın bu addımı “Suriya dövlətinin suverenliyinə açıq bir hücum” kimi qiymətləndirib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, ABŞ beynəlxalq hüququ bir daha yox saydı.

BMT də Trampın Colan qərarını pisləyib. Baş katib Qutteresin adından yayılan rəsmi açıqlamada qeyd olunur ki, BMT TŞ-nin qərarları ilə müəyyən olunmuş siyasətdə hər hansı dəyişiklik olmayacaq.

Tramp Qüdsdən sonra bu dəfə Colan “bombasını partlatdı”

Rusiya XİN sözçüsü bəyan edib ki, Trampın Colan qərarı beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə gərginliyi daha da artıracaq.

Trampın imzaladığı sənəd BMT TŞ-nin 1967-ci ildə imzaladığı və Ərəb-İsrail münaqişəsinin həllində əsas sənəd hesab olunan 242 saylı qətnaməyə ziddir. Çünki qətnaməyə əsasən, dövlətlər 1967-ci il “altı günlük” müharibə zamanı işğal etdiyi əraziləri azad etməli idi.

Qeyd edək ki, İsrail-Suriya sərhədində yerləşən Colan Təpələri və ya Colan Yüksəklikləri adlı bölgənin böyük bir hissəsi 1967-ci il “altı günlük” müharibə nətcəsində İsrail ordusu tərəfindən işğal olunub. 6 il sonra, 1973-cü ildə Suriya və Misir işğal olunmuş torpaqlarını (Misir “altı günlük” müharibədə Sina yarımadasını itirmişdi – K.R.) geri almaq üçün oktyabrın 6-da yəhudilərin “Youm Kippur” bayramı günü İsrailə hücum etdi. Suriya ordusu savaşın ilk günlərində Colana girsə də, sonradan məğlub olaraq geri çəkildi, eyni ilə Misir kimi. Ancaq Misir sonradan Ənvər Sədatın ABŞ-la əməkdaşlığa getməsi (ABŞ və İsraillə barışması Sədata həyatı bahasına başa gəldi – K.R.) səbəbi ilə Sina yarımadasını geri alsa da, SSRİ ilə yaxınlaşan Hafiz Əsəd Colanı ala bilmədi. 1981-ci ildə isə İsrail Colanı öz ərazisi kimi tanıdı.

İsrail 52 ildir BMT TŞ-nin qətnaməsini icra etmir, indi isə ABŞ prezidenti birbaşa 242 saylı qətnaməyə zidd olaraq işğal olunmuş ərazini İsrail torpaqları kimi tanıdı. Amma bu, ABŞ prezidentinin Yaxın Şərq məsələsində ilk “sürprizi” deyil. 2017-ci ilin dekabrında Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyanda dünya daha böyük çaşqınlıq içərisində idi. Amma ABŞ prezidenti bütün qınaqlara, çağırışlara, etirazlara baxmayaraq geri çəkilmədi, hətta onun qərarının əksinə gedən dünya ölkələrini yardımı kəsəcəyi ilə hədələdi. İslam Əməkdaşlıq Təşkilatının (İƏT), BMT Baş Assambleyasının qınaqlarına baxmayaraq artıq ABŞ İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb.

İndi isə Colanı İsrailin ərazisi kimi tanıdı. Əlbəttə, bu qərar faktiki vəziyyətə təsir etmir. Çünki Colan onsuz da 52 ildir İsrailin nəzarətindədir, İsrail burada yaşayış məskənləri salıb, infrastruktur qurub. Colanda Suriya ərazilərini izləyən radiolokasiya stansiyası, kəşfiyyat mərkəzi və hərbi hissələr var. Bu gün Ağ Evdə imzalanan qərar faktiki vəziyyətə təsir etməyəcək. Lakin ortaya çox pis bir presedent çıxır. ABŞ iki il əvvəl Qüds məsələsində, indi isə Colan mövzusunda beynəlxalq hüquqa zidd addım atdı. Bu, təbii ki, bu günə qədər onsuz da BMT və beynəlxalq hüquqa qarşı sarsılan ümidləri tamamilə sıradan çıxarır. Bu, eyni zamanda Fələstində və bütövlükdə Yaxın Şərqdə beynəlxalq sülh prosesinin işləyəcəyinə ümid edən kütlənin arqumetini əlindən alır və tək çarənin İsraillə savaşmaq olduğunu deyən cinahın əlini gücləndirir. Bu prosesdə qazanan savaşa çağıran sərt xətt tərəfdarları olacaq.

Yeri gəlmişkən, dünən səhər saatlarında İsrail ərazisinə raket atılmasını əsas gətirərək İsrail ordusu aviasiyası Qəzzaya havadan zərbələr endirib. İndi İsraildə də yaxşı anlayırlar ki, geri çəkilmək və ya zəif görünmək ölümə bərabərdir, çünki hər iki tərəfdə qalib olan nifrət və döyüşmək arzusudur./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26