Interposta.Info

Gürcüstanda prezident seçkiləri - İvanaşvili gedir, Saakaşvili dönür?...

Siyasət
 29-10-2018, 18:16     10 427

Politoloq: “Cənubi Qafqaz uğrunda qazanılan siyasi xalları ABŞ-ın adına yazmaq lazımdır”

“Azərbaycan onsuz da Rusiyanın nüvəsi olan təşkilatlarda yer almır. Yəni bir növ Rusiyanın orbitində Azərbaycan yer almadığı üçün Ermənistan və Gürcüstanın da Kremlin orbitindən uzaqlaşması Rusiyanın ciddi siyasi zərbələr alması, Rusiyanın Cəbuni Qafqazadan bütövlükdə sıxışdırılıb çıxarılması anlamına gəlir”.

Bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri dünən Gürcüstanda keçirilən seçkilərin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən qonşu Gürcüstanda prezident seçkiləri keçirilib. Bülletenlərdə 25 şəxsin adı yer alsa da, seçki başlayana qədər iddiaçılardan Akaki Asatiani və Vaxtanq Qabuniya geri çəkildikləri üçün gürcü xalqı 23 namizəd arasında seçim etməli olub.

Qeyd edək ki, Gürcüstandakı budəfəki seçkilər bir ilklə yadda qalıb. Belə ki, prezident əvvəlki illərdən fərqli olaraq, bu dəfə 6 illiyə və son dəfə birbaşa seçilir. Gürcüstan konstitutsiyasına edilən dəyişikliklərə görə 2024-cü ildə ABŞ seçki sisteminə uyğun olarq preziden 300 nəfərlik seçici palatası tərəfindən seçiləcək.

Dünən keçirilən seçkilərlə bağlı ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər ki, seçkiləri 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyib. Qeyd edilir ki, seçkiləri həmçinin 73 yerli müşahidəçi təşkilatdan 22000-dən çox müşahidəçi və seçki subyektlərinin 82000 nümayəndəsi izləyib.

Həmçinin məlumata görə, seçkilərdə 16 səfirlik də daxil olmaqla, 58 beynəlxalq müşahidəçi təşkilat, NATO və ATƏT-in, Avropa Şurası və Avropa Parlamentinin, Polşa Seyminin, GUAM ölkələrinin, ATƏT DTİHB-nin seçki müşahidə missiyasının üzvləri və çoxsaylı ölkələrin seçki komissiyalarının üzvləri akkreditə olunublar. Səsvermə prosesini 125 KİV-dən 2000-dən çox jurnalist işıqlandırıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün səhər saat 8:00-a olan məlumatına görə, müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır. Onlardan heç biri 50 faizlik səs baryerini aşa bilməyib.

Məlumata görə, Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini, David Bakradze isə 10,97 faizini toplayıblar. Bu, prezident seçkilərində səslərin 99,57 faizinin hesablanandan sonrakı nəticələridir. Beləliklə, Gürcüstan seçkisində II tur keçiriləcək.

Digər namizədlərdən David Bakradze 10,97 faiz, Şalva Natelaşvili 3,76 faiz, David Usupaşvili 2,26 faiz, Zurab Caparidze 2,26 faiz və Kaxa Kukava 1,33 faiz səs toplayıblar. Qalan 16 namizədin hər biri isə 1 faizdən az səs toplayıblar.

Maraqlıdr ki, Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında müxalifət böyük üstünlüklə səs çoxluğu qazanıblar. Buna görə də Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili azərbaycanlı seçicilərə xüsusi olaraq təşəkkürünü bildirib.

İkinci turda Mixail Saakaşvilinin tərəfdarlarının seçkini qazanmaları daha mümkün görünür. Hər halda digər müxalifətdən olan namizədlər artıq Qriqol Vaşadzeni müdafiə etdiklərini bəyan edirlər. Belə görünür ki, Gürcüstanda milyarder Bdzina İvanaşvilinin dönəmi sona çatır və Saakaşvili dönəmi yenidən başlyır.

Mixail Saakaşvilinin partiyasının hakimiyətə gəlməsi Gürcüstanda və ümumiyyətlə Cənubi Qafqazda hansı dəyişikliklərə səbəb ola bilər? Həmçinin Salome Zurabişvilinin seçkiləri uduzması Rusiyanın Gürcüstandakı zəif mövqeyinin tamamilə itirilməsinə səbəb olacaq. Bu Rusiyanın Cənubi Qafqazdakı siyasətinə necə təsir edə bilər?

Bu suallarla Pia.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Gürcüstanda 2 həftədən sonra keçiriləcək prezident seçkilərinin ikinci turunda Vaşadzenin, yəni müxalif namizədin qələbə çalma şansları çox böyükdür”.

Ermənistandan sonra yeni bir demokratik dalğanın Gürcüstanda baş vermə ehtimalının çox böyük olduğunu vurğulayan politoloq Natiq Mirinin fikrincə, əslində seçkinin kütləvi saxtalaşdırılmamasının əsas səbəblərindən biri də İvanaşvilinin məhz etiraz, inqilab prosesindən qorxması ilə əlaqəlidir ki, Mərkəzi Seçki ən azından seçkinin ikinci tura keçməsi gerçəyini etiraf etmək məcburiyyətində qaldı:

“İlk növbədə onu qeyd etmək lazımdır ki, Gürcüstandakı prezident seçkilərində xalq siyasi cəhətdən o qədər də aktiv olmasa da, ancaq müxalifət partiyalarının birlik nümayiş etdirməsi xüsusi vurğulanmalıdır. Bildiyimiz kimi 50 %-dən aşağı xalqın seçkilərdə iştirak etdiyi qeyd olunub. Təbii ki, bu preseslərdə Gürcüstan cəmiyyətinin o qədər də aktiv olmadığı görsənirdi.

Ancaq bütün bunların fonunda bir də seçki bitən kimi dərhal müxalif partiyasının, xüsusilə də prezidentliyə namizədlərdən ən önəmli şəxslərdən olan Davit Bakradze bəyan etdi ki, 2-ci tur seçki olduğu təqdirdə məni dəstəkləyən bütün elektratı müxalif, yəni Mixail Saakaşvilinin partiyasının dəstəklədiyi Qriqol Vaşadzeyə səs verməsini istəyirəm.

Hesab edirəm ki, Qriqol Vaşadzenin bu addımı müxalif cəbhəsində indiyə qədər mövcud olmayan bir birliyin bünövrəsini qoydu. Bu da təbii ki, prespektiv palanda artıq Qriqol Vaşadzenin nəzəri olaraq qalib gəlməsini ortaya çıxardı. Çünki ABŞ-dan dəvət olunan müşahidəçilər paralel səs sayma apardılar və məhz Gürcüstanın Mərkəzi Seçki Komissiyası da onların verdiyi rəqəmlərə uyğun, yaxın bir rəqəmlər açıqlamaq məcburiyyətində qaldı. Yoxsa ki, seçki bitəndən bir neçə saat sonra İvanaşvili iqtidarının rəsmiləri səviyyəsində 52%-dən artıq xanım Zurabişviliinin səs topladığını bəyan edib və prezident seçildiyini deyirdilər. Hətta dövlət rəsmilərindən Zurabaşvilini təbrik edənlər də oldu.

Natiq Miri: “Rusiya hələ Ermənistandakı yeni demokratik hökümətlə məsələləri aydınlaşdıra bilmədiyi bir vəziyyətdə Gürcütsanın Rusiyanın əhatə dairəsindən tamamilə sıxışdırılıb çıxarılması, təbii ki, Kremlə ikinci ciddi zərbə olacaq”.

Amma seçkidən 1 saat sonra ABŞ-ın seçkiləri izləyən araşdırma mərkəzi mətbuat konfransı keçirdərək seçkinin nəticələrinin bərabər, yəni 40% olduğunu bəyan etdi. Həm Zurabişvilinin, həm də Qriqol Vaşadzenin 40%-ə yaxın səs topadıqları bəyan olundu. Bundan sonra da ABŞ-ın araşdırma mərkəzi Qriqol Vaşadzenin qalib olduğunu elan etdi. Yəni onlara görə 41% səslə Vaşadze seçkidə qalib gəlmişdi. Bundan sonra İvanaşvili hakimiyyətinin rəhbərlik etdiyi Mərkəzi Seçki Komissiyası hər bir halda az da olsa, müəyyən saxtalaşmaya gedərək 1% etibarı ilə xanım Zurabişvilini qalib elan etdi.

Hesab edirəm ki, gələcək prespektivdə Avropa Gürcüstanı Partiyasının rəhbəri Bakradezinin topladığı 11% prosesin taleyini həll edəcək. Yəni seçkilərdə 40%-ə yaxın səs toplayan Qriqol Vaşadzeyə əlavə 11%-də Bakradzenin elektratı səs verərsə, bundan başqa da müxalif cəbhə də bir neçə faiz əlavə səslər var ki, bu səslər də əlavə olunursa, təbii ki, Vaşadzenin qalibiyyəti təmin olunacaq.

Düşünürəm ki, bu səviyyədə İvanaşvili hakimiyyətinin total saxtakarlığa getmək imkanı da azalacaq. Gürcüstanda 2 həftədən sonra keçiriləcək prezident seçkilərinin ikinci turunda Vaşadzenin, yəni müxalif namizədin qələbə çalma şansları çox böyükdür.

Ancaq ola bilər ki, İvanaşvili Moskvadan aldığı dəstəklə böyük bir total, kütləvi saxtakarlığa getsin. Belə saxtakarlıq olduğu halda bu 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində İvanaşvili partiyası höküməti üçün böyük bir fiasko olacağı indidən bəllidir. Hətta belə saxtakarlıq 2020-ci il seçkilərindən öncə də bu hökümətin inqilabla devrilə biləcəyi ehtimalını artırır.
Qriqol Vaşadzenin qalib gəlməsi haqqında onu deyə bilərəm ki, bu Cənubi Qafqazda bir növ demokratik mayaq rolunu oynayacaq. Nəzərə alınmalıdır ki, Gürcüstandakı seçkilərdən öncə belə bir inqilab məhz Ermənistanda yaşandı.

Təbii ki, bu inqilabın arxasında maliyyə dayağı olaraq ABŞ və maliyyə qaynağı olan Soros Fondu durur. Buna görə də düşünürəm ki, Ermənistandan sonra yeni bir demokratik dalğanın Gürcüstanda baş vermə ehtimalı çox böyükdür. Əslində seçkinin kütləvi saxtalaşdırılmamasının əsas səbəblərindən biri də İvanaşvili hökümətinin məhz etiraz, inqilab prosesindən qorxması ilə əlaqəlidir ki, Mərkəzi Seçki ən azından seçkinin ikinci tura keçməsi gerçəyini etiraf etmək məcburiyyətində qaldı.

Natiq Miri: “Nəzərə alınmalıdır ki, Gürcüstandakı seçkilərdən öncə belə bir inqilab məhz Ermənistanda yaşandı. Təbii ki, bu inqilabın arxasında maliyyə dayağı olaraq ABŞ və maliyyə qaynağı olan Soros Fondu durur”.

Salome Zurabişvilinin Rusiyanın adamı olması ilə bağlı deyilən fikirlərlə o qədər də razı deyiləm. Bildiyimiz kimi Zurabişvili Fransada yaşamış və formalaşmış bir şəxsdir. Zurabişvili Mixail Saakaşvilinin prezidentliyi dönəmində məhz Saakaşvilinin dəvət etdiyi xanimdir. Saakaşvilinin istəyi ilə də o, 1 il müddətində Gürcüstanda xarici işlər naziri vəzifəsini yerinə yetirdi. Sadəcə İvanaşvilinin Rusiya ilə bağlantıları və əlaqələri fonunda Zurabişviliyə bu cür yarlıqlar yapışdırılır. Amma onu da qeyd edim ki, birmənalı olaraq Zurabişvili siyasi amilinin arxasında Rusiyanın da dəstək verilmə fikri yaradılıb ki, bunu da müəyyən mənada bir gerçək olaraq qəbul etmək olar.

Düşünürəm ki, hər bir halda hətta Rusiya ciddi mənada Zurabişvili amilinə ciddi siyasi dəstək verirsə belə, əgər Zurabişvili ikinci turda uduzacaqsa, bu Rusiyaya Cənubi Qafqaz fonunda ikinci ciddi zərbə olacaq. Çünki Rusiya hələ Ermənistandakı yeni demokratik hökümətlə məsələləri aydınlaşdıra bilmədiyi bir vəziyyətdə Gürcütsanın Rusiyadan sıxışdırılıb çıxarılması, təbii ki, Kremlə ikinci ciddi zərbə olacaq.

Ermənistandan sonra Gürcüstandan belə bir zərbənin vurulması Rusiyanın bütövlükdə Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması anlamına gəlir. Çünki Azərbaycan onsuz da Rusiyanın nüvəsi olan təşkilatlarda yer almır. Yəni bir növ Rusiyanın orbitində Azərbaycan yer almadığı üçün Ermənistan və Gürcüstanın da Kremlin orbitindən uzaqlaşması Rusiyanın ciddi siyasi zərbələr alması, Rusiyanın Cəbuni Qafqazadan bütövlükdə sıxışdırılıb çıxarılması anlamına gəlir. Bu təbii ki, təkcə Gürcüstan və Ermənistanın adına yazılacaq xallar deyil.

Bu məsələnin arxasında ciddi bir Qərb ölkəsi və konkret olaraq ABŞ durur. Bu da Cənubi Qafqaz uğrunda ABŞ-la Rusiya çaxnaşması fonunda baş verdiyi üçün qazanılan siyasi xalları ABŞ-ın adına yazmaq lazımdır. Buna görə də əgər Zurabişvili ikinci turda məğlub olarsa, hansı ki, bu ehtimal çox böyükdür, bu zaman Rusiya Cənubi Qafqazda ikinci böyük zərbəni alacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26