Interposta.Info

Gürcüstanda Saakaşvilinin namizədi şanslı üçlükdə

Siyasət
 2-10-2018, 08:57     10 384

Qonşu ölkədə hansı namizədin prezident seçilməsi Azərbaycana sərf edir?
Oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək. Onlardan 19-u siyasi partiyaları, 6-sı isə təşəbbüs qruplarını təmsil edir. Prezidentliyə namizədlər sırasında David Bakradze (“Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkat”), Mixail Saluaşvili (Ədalətin bərpası -"Xalqın səsi"), Zviad Baqdavadze (“Vətəndaş platforması-Yeni Gürcüstan”), Şalva Natelaşvili (“Gürcüstan Leyboristlər Partiyası”), keçmiş xarici işlər naziri, birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyası), keçmiş xarici işlər naziri Salome Zurabişvili (seçicilərin təşəbbüs qrupu, hakim partiyanın dəstəklədiyi namizəd), İrakli Qorqadze (Gürcüstanın Azadlığı Uğurunda Hərəkat), David Usupaşvili (Azad Demokratlar), Zurab Caparidze (Qirçi) və digərləri var.

Qanuna görə, prezidentliyə namizədlər seçkilərə 12 gün qalanadək (oktyabrın 16-dək) namizədliyini geri götürə bilərlər. Əks halda, onların adları seçki bülletenlərində qeyd olunacaq. Ekspertlər hesab edir ki, oktyabrın 16-dək namizədlərin bəzilərinin namizədliyini geri götürməsi istisna deyil.

Hazırda isə namizədlər sırasında nisbətən favorit sayılan 2-3 nəfər var. Onlardan biri hakimiyyətin dəstəklədiyi namizəd-seçicilərin təşəbbüs qrupundan müstəqil namizəd Salome Zurabişvilidir. Biri Qriqol Vaşadze, digəri isə David Bakradzedir. Əsas mübarizənin bu namizədlər arasında keçəcəyi proqnozlaşdırılır.

Gürcüstan Azərbaycanın yaxın qonşuluğunda yerləşən və sıx əlaqələri olan ölkə olduğu üçün burada hakimiyyətə hansı qüvvənin gəlməsi, ölkəyə rəhbərliyi kimin etməsi bizim üçün də maraqlıdır. Bəs 28 oktyabr seçkilərində Gürcüstanda hansı namizədin qalib gəlməsi Azərbaycana sərfəlidir?

Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda Azərbaycanla xoş münasibətlərdən məmnun olmayan qüvvələrin mövcudluğu da heç kimə sirr deyil. Ancaq Azərbaycan Gürcüstanla dost və qardaş ölkə kimi çoxlu sayda, regional və qlobal ticarət, enerji, nəqliyyat və təhlükəsizlik sahəsində strateji tərəfdaşdır, Gürcüstan iqtisadiyyatında ən böyük xarici investordur. Bu ölkədə milyona yaxın etnik azərbaycanlı vətəndaş yaşayır. Bu amillər onu deməyə əsas verir ki, Gürcüstanda hazırkı namizədlərdən, xüsusən favoritlərdən hansının seçilməsi iki dövlət arasında mövcud strateji tərəfdaşlığa əngəl olmayacaq.

Gürcüstanda dövlət idarəçiliyində prezidentlik postu əsas mühüm rol oynamadığı üçün istər müxalifət, istərsə də iqtidar partiyası üçün bu seçkilərdə əsas hədəf 2020-ci il parlament seçkiləri ərəfəsində mövqelərinin möhkəmləndirilməsidir. Çünki bu seçki özü partiyalar üçün özlüyündə məhz növbəti parlament seçkiləri üçün bir növ repitisya rolunu oynayır: “Gürcüstanda 2018-ci ilin oktyabr ayında keçiriləcək prezident seçkisindən sonra birbaşa prezident seçkiləri haqda qanunu dəyişmək planlaşdırılır və bu, Gürcüstan konstitusiyasında təsbitini tapmış prezidentin ümumxalq seçkisi ilə seçilməsi ilə müşayiət olunan sonuncu seçkidir.

Belə ki, prezidentlik müddəti daha bir il uzadılmış yeni prezidentin inauqurasiyası ilə bərabər qüvvəyə minəcək yeni konstitusiyaya əsasən növbəti seçkidə dövlət başçısı parlamentin 150 deputatı və yerli özünüidarə, həmçinin Acariya və Abxaziya ali şuralarının təmsilçilərindən ibarət 150 nəfər olmaqla ümumilikdə 300 nəfər tərəfindən seçiləcək. Bununla da ölkənin parlament üsul-idarəsinə keçidi tamamilə yekunlaşacaq.

Onu da deyim ki, bu dəyişiklik Gürcüstanda dövlət idarə sistemi və quruculuğunda, həmçinin prezident seçkiləri haqqında qanun və sair vacib məsələlərlə bağlı gürcü xalqının iradəsinin limitlənməsi, xalqı prezident seçmək haqqından məhrum etmək kimi də qəbul edilir. Gürcüstan konstitusiyasına görə konstitusiya təkcə parlament və yerli özünü idarə nümayəndələrinə deyil, hər bir vətəndaşa məxsusdur.

Seçkinin ikinci maraqlı məqamı Gürcüstan tarixində ilk dəfədir ki, iqtidar partiyasının prezidentliyə namizəd irəli sürmədən müstəqil namizədin dəstəklənməsi ilə keçməsidir.

Baxmayaraq ki, hakim partiya bu addımı Gürcüstanda siyasi plüralizmi maksimum təmin etmək üçün atdığını söyləyir, lakin əlbəttə, buna əsas səbəb partiyadaxili mümkün namizədlər arasında kompromat davası səviyyəsinə qalxmış gərginliyin fonunda 2020-ci il parlament seçkisinə qədər partiyanın parçalanmasının qarşısını almaq üçün atılmış addımdır".

Y.Hacıyeva qeyd etdi ki, seçkinin son ayı hakim partiyanın lideri və bir neçə güclü siması haqqında korrupsiya faktı və korrupsiyalaşmış sistem iddiaları ilə müşayiət olunur. Bu da hakim partiyanın dəstəklədiyi namizədin əleyhinə işləyir: “Hələ müstəqil Gürcüstan tarixində tərəflərin bu qədər konfrontasiyada olduğu ikinci belə bir seçki keçirilməyib. Ölkədə bundan öncə keçirilən seçkilər zamanı MSK-nın özünün elan etdiyi rəsmi məlumatlara görə, ümumilikdə 73 seçki dairəsindən, hakim partiyanın administrativ resurslarının istifadəsi faktı ilə, təzyiqlər və qanun pozuntuları, səslərin sayılması zamanı işıqların söndürülməsi ilə bağlı, ümumilikdə 600-ə yaxın şikayətlər daxil olmuşdu. Namizədlərin seçki pozuntuları şikayətlərini MSK-ya müraciətdən kənarda həm də məhkəmədə mübahisələndirmək imkanları faktiki olaraq heçə endirilmişdi. Bütün bunlar prezident seçkisinin daha gərgin notlar üzərində keçəcəyini söyləməyə əsas verir”.

Ekspert hesab edir ki, proseslərin belə davam edəcəyi və fors-major bir halın olmayacağı halda böyük ehtimal namizədlərin heç biri 50% nəticəni aşa bilməyəcək və seçkilərin 2-ci turu təyin olunacaq.

Politoloq Elşən Mustafayev isə qeyd etdi ki, Gürcüstanda keçiriləcək prezident seçkilərində mövcud namizədlərdən kimin qalib gəlməsindən asılı olmayaraq bütünlükdə Azərbaycanla əlaqələrə mənfi təsiri olmayacaq: “Birincisi, Gürcüstanda prezidentin səlahiyyətləri azaldığından bu vəzifə bir növ təmsilçilik missiyasını həyata keçirdir. Əsas güc və səlahiyyət parlamentdə və onun təyin etdiyi baş nazirdədir. İkincisi, bu gün prezident seçkilərində öndə olan 3 əsas namizəd və ya onların təmsil etdiyi partiya vaxtilə hakimiyyətdə təmsil olunublar və Azərbaycanla yaxşı münasibətdə olublar. Gürcü Arzusunun öz namizədi olmasa da Salomo Zurabaşvilini müdafiə edirlər. David Barkadze Saakaşvilinin hakimiyyəti dövründə parlament sədri olub, bu gün Avropa Gürcüstanı-Azadlıq uğrunda hərəkatı yaratsa da, o da Azərbaycanla yaxşı münasibətləri saxlayıb. Digər əsas namizəd Milli Birlik Hərəkatından olan Qriqol Vaşadzedir ki, onların bizə münasibəti aydındır. Yəni əvvəllər bizimlə hər hansı problemi olmayan partiyanın və yaxud namizədin prezident seçiləcəyi halda münasibətinin ciddi bir hadisə baş vermədən dəyişəcəyini inandırıcı görmürəm. Əslində bizim üçün Gürcüstanda kimin prezident və ya baş nazir olacağına yalnız bizi maraqlandıran səbəblərdən önəm verməliyik. Onlardan əsasları Gürcüstanda yaşayan soydaşlarımıza münasibət və yaxın qonşuluq siyasətinin davam etdirilməsidir. Daxildə baş verə biləcək digər siyasi proseslər isə bizi o qədər də narahat etməməlidir. Gürcüstanda azərbaycanlılara ən yaxşı münasibət Mixail Saakaşvilinin zamanında olub. Saakaşvilinin dəstəklədiyi namizəd isə David Bakradzedir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26