Interposta.Info

Gürcüstanda prezident seçkisi - soydaşlarımız üçün hansı namizəd məqbuldur

Siyasət
 29-10-2018, 10:36     10 482

Zəlimxan Məmmədli: “Gürcüstanda bundan sonra fərqli bir mühit yarana bilər”
Dünən qonşu Gürcüstanda prezident seçkiləri keçirilib. Bülletenlərdə 25 şəxsin adı yer alsa da, seçki başlayana qədər iddiaçılardan Akaki Asatiani və Vaxtanq Qabuniya geri çəkildikləri üçün gürcü xalqı 23 namizəd arasında seçim etməli olub.

Məntəqələrin 08:00-da açıldığı budəfəki seçkilər bir ilklə yadda qalıb. Belə ki, prezident əvvəlki illərdən fərqli olaraq, bu dəfə 6 illiyə seçilirdi. Seçkiləri 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyib. “Report Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər. Qeyd edilir ki, seçkiləri həmçinin 73 yerli müşahidəçi təşkilatdan 22000-dən çox müşahidəçi və seçki subyektlərinin 82000 nümayəndəsi izləyib.

Məlumata görə, seçkilərdə 16 səfirlik də daxil olmaqla, 58 beynəlxalq müşahidəçi təşkilat, NATO və ATƏT-in, Avropa Şurası və Avropa Parlamentinin, Polşa Seyminin, GUAM ölkələrinin, ATƏT DTİHB-nin seçki müşahidə missiyasının üzvləri və çoxsaylı ölkələrin seçki komissiyalarının üzvləri akkreditə olunublar. Səsvermə prosesini 125 KİV-dən 2000-dən çox jurnalist işıqlandırıb.

“Gürcüstanda prezident seçkiləri böyük maraq doğurur”. Bunu ATƏT-in xüsusi koordinatoru, beynəlxalq təşkilatın qısamüddətli müşahidə missiyasının rəhbəri Kristian Vigenin deyib: “Seçkiləri müşahidə edir, Gürcüstan xalqı ilə həmrəy olduğumuzu bildiririk. Bu seçkilərin azad və ədalətli olacağına əmin olmaq istəyirik. Çox obyektiv qiymətləndirmə aparırıq. Ümidvarıq ki, seçkilər dinc olacaq. Gürcüstan xalqının seçkilərdə iştirak etmək imkanının və nəticənin onların iradəsinə uyğun olacağına inanırıq. Bu, bizim missiyamız və vəzifəmizdir”.

Gürcüstanın baş naziri Mamuka Baxtadze ölkədə keçirilən prezident seçkilərində səs verib. Seçiminin ardından o bildirib ki, ölkənin inkişafına, Gürcüstanın ənənələrinə və Gürcüstanın Avropa seçiminə səs verib. Onun sözlərinə görə, hökumət səsvermənin dinc və şəffaf keçirilməsini təmin etmək üçün mümkün olan hər şeyi edir.

Seçkiləri müşahidə edənlər arasında Azərbaycandan qonşu ölkəyə gedən deputatlar da olub. Onlardan Musa Quliyev seçkilərin gedişatı barədə jurnalistlərə məlumat verib: “Gürcüstanda prezident seçkiləri azad, demokratik və aşkarlıq şəraitində keçirilir. Məntəqələrdə xalqın öz niyyət və arzusunu ifadə etmək üçün bütün imkanlar yaradılıb. Seçkinin gedişi və nəticələrinə təsir edə biləcək pozuntulara rast gəlmədik. Müxtəlif məntəqələr üzrə seçicilərin fəallığı müxtəlifdir. Bəzi məntəqələrdə seçicilərin növbəsini müşahidə etdik, bəzilərində isə saat 12 üçün ümumi seçicilərin 10 faizə qədəri səs vermişdi. Bu da demokratik əhval-ruhiyyənin göstəricisidir. Azərbaycan dost, qonşu ölkə kimi Gürcüstanda əmin-amanlığın, qanun və hüququn qorunmasının tərəfdarıdır”.

Hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev seçkilərin gedişi ilə bağlı modern.az-a məlumat verib: “Gürcüstanda prezident seçkiləri sakit və demokratik şəraitdə keçir. Ara-sıra müxalifət nümayəndələri tərəfindən provokasiya hallarına yol verilir. Amma biz bunun geniş şəkildə yayılmasına imkan vermirik”.

Gürcüstanın hakim partiyası prezident seçkilərində səsvermələr zamanı bir sıra pozuntuların olduğunu bildirib. Bu barədə hakim “Gürcü Arzusu” Partiyasının lideri, deputat Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib: “Seçki məntəqələrinin əksəriyyətində Milli Hərəkat Partiyasından və digər müxalifət partiyalarından olan komissiya üzvləri funksiyaların bölüşdürülməsi üzrə püşkatmada iştirak etmirlər. Bu isə seçki qanununun pozulması deməkdir. Rustavi şəhərindəki məntəqələrdən birində həm ”Gürcü Arzusu" Partiyasının, həm də müxalifətyönümlü təşkilatların “exit poll”u keçirilib. Bu təşkilatların nümayəndələri bizim tərəfdaş təşkilatımızın üzvlərinə “exit poll” prosesini keçirməyə mane olmağa çalışıblar. Müşahidəçiləri bütün bu pozuntuları hesabatlarında qeydə almağa çağıraram".

Qeyd edək ki, seçkilərdən öncə ən çox müzakirə edilən məsələlərdən biri də ikinci turun olacağı yöndə proqnozlar idi. Bundan əlavə, hakim “Gürcü Arzusu” Koalisiyasının bütün inzibati resursları dəstəklədiyi xanım namizəd, ölkənin sabiq xarici işlər naziri Salome Zurabişvilinin qələbəsinə yönəltdiyi, hətta keçmiş baş nazir, milyarder Bidzina İvanişvilinin onun seçki təbliğatına yüksək məbləğdə maliyyə vəsaiti ayırdığı deyilirdi. Seçki günü İvanişvili deyilənləri dolayısı ilə təsdiqləyib.

“Prezident seçkilərində ikinci turun olma ehtimalı çox aşağıdır”. “Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə B.İvanişvili prezident seçkilərində səs verdiyi Tbilisidəki Mtatsminda rayonunun 4 saylı seçki məntəqəsində bildirib: “Gürcüstanın Avropa seçimi üçün səs verdim. İkinci turun olma ehtimalı çox aşağıdır, amma belə ehtimal var. İkinci tur olarsa, heç bir sual işarəsi olmayacaq, 100% Salome Zurabişvili qalib gələcək”.

Qəzet çapa gedərkən ilkin nəticələr hələ məlum olmadığı üçün seçkinin yekunları barədə geniş məlumat verə bilmədik. Amma bununla belə namizədlərdən 3-ündən birinin qalib gəlmə, yaxud iki iddiaçının növbəti tura keçəcəyi dəqiq idi. Bunlar keçmiş xarici işlər naziri Salome Zurabişvili, “Güc birlikdədir” müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze idi. Bunlarla yanaşı, Gürcüstandakı soydaşlarımızın hansı namizədi dəstəkləyəcəkləri də sual doğururdu.

Gürcüstanda prezident seçkisi - soydaşlarımız üçün hansı namizəd məqbuldur

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Yeni Müsavat”a bunları dedi: “Məntiqlə, siyasət elminin incəlikləri ilə yanaşsaq, bir nəticə ola bilər. Amma kapitalist gücünə gəldikdə, fərqli nəticələr görünür. Bir namizəd əgər vəd etdiklərini yerinə yetirmirsə, avtomatik onun nüfuzu azalır. Bidzina İvanişvili populist şüarlarla gəldi, soydaşlarımızı buxovlardan azad etməli idi, vəzifələr verməliydi. Amma bunların heç biri olmadı. Bu baxımdan soydaşlarımız son 30 ilə baxıb onların maraqlarına cavab verən birisini axtarmalı idi. Seçici artıq şüarlardan qorxur. Saakaşvili dönəmi soydaşlarımızı qorxulu həyatdan azad həyata çıxardı. Hazırda Saakaşvili komandasından iki üzv namizəddir, David Bakradze və Qriqol Vaşadze. Ayrı-ayrı partiyalarda olsalar da, islahatçı komandadan gəlirlər. Digər bir xətt də İvanişvili xəttidir. Savaş bu xətlər arasında gedir. Mövqeyimiz budur ki, Vaşadzenin şansları daha yüksəkdir. O əvvəllər yarımçıq qalmış işləri bitirmək, Gürcüstanı Avropaya bir qədər də yaxınlaşdırmaq, İvanişvili komandası dönəmində Gürcüstanın imicinə dəyən zərbəni aradan qaldırmaq üçün hazır konsepsiya ilə gəlir. Bu konsepsiyanın müəllifi Saakaşvili və onun komandasıdır. Gürcüstanda fərqli bir mühit yarana bilər. Saakaşvilinin ora gəlişi baş tuta bilər. Bununla da ölkə xüsusi diqqət mərkəzinə gələr. Nəticədə postsovet məkanında demokratik yöndə islahatların yeni bir dalğası başlaya bilər. İstənilən halda islahatçı xəttin hakimiyyətə gəlişi Gürcüstan və region üçün daha önəmlidir”.

Z.Məmmədli ikinci tur ehtimalları barədə də danışdı: “Bu, mümkündür. Gürcüstan kimi ayıq-sayıq bir cəmiyyətdə kapital yıxa da, qura da bilər. Bu baxımdan İvanişvili komandasının qalib gələcəyini birmənalı söyləmək olmaz. İkinci turun olması üçün səbəblər kifayət qədər çoxdur. Demokratik, yəni milli qüvvələr orada parçalanmış kimi görünə bilərlər. Dünənə qədər David Bakradze və Qriqol Vaşadze eyni komandada idilər. Amma indi belə deyil. Hakimiyyətin dəstəklədiyi namizədlə bu iki şəxsdən biri arasında ikinci tur ola bilər. Açığı, Vaşadzenin şanslarını daha çox görürəm”.

Z.Məmmədli soydaşlarımızın hansı namizədə səs verə biləcəkləri ehtimallarına da toxundu: “Gürcüstanda elektoral baza çox ciddi şəkildə dəyişib. Sovet dönəmindən qalma ənənə bizim soydaşların boynuna ölçülmüşdü, yəni gələni tərifləmək, gedəni söymək. Amma indi vəziyyət bir qədər dəyişib. Gürcüstanda siyasi gənclik yetişib, ideologiyanı mənimsəyən təbəqə formalaşıb. Burada da Saakaşvili islahatlarının böyük rolu var. Əvvəlki vaxtlardan köklü şəkildə fərqlənən mənzərə var. Bu baxımdan bizim soydaşların mütləq olaraq hakimiyyətin namizədinə səs verəcəyini və iqtidarın təsiri ilə hərəkət edəcəyini düşünmürəm. Partiyalarda ciddi postlarda təmsil olunan insanlarımız var ki, onların gənclərin arasında etimadları kifayət qədər yüksəkdir. Bunun soydaşlarımızın seçimlərinə təsirsiz ötüşməyəcəyini düşünürəm”.

P.S. Qəzet çapa gedərkən Gürcüstanda səsvermənin ilkin nəticələri məlum deyildi./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26