Interposta.Info

Gürcüstanda Saakaşvili ilə İvanaşvili arasında revanş turu - Dekabrın 2-dən sonra bu ölkədə nə dəyişəcək?

Siyasət
 22-11-2018, 13:56     10 534

Zəlimxan Məmmədli:“Postsovet məkanında ikinci demokratik dirçəliş dövrü başlayır, həmin prosesin kökündə “Saakaşvili islahat modeli” durur”

Qafqaz Ömərov: “Ermənilərin kompakt yaşadışı ərazilərdə, və gürcü-abxaz, gürcü-osetin münaqişəsi zonasında risklər artıb”.

İnterPosta.info məlumatına görə, bu fikirləri Pia.az-a “Borçalı” Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli və tanınmış jurnalist, siyasi şərhçi Qafqaz Ömərov Gürcüstandakı hazırkı siyasi vəziyyəti şərh edərkən bildiriblər.

Xatırladaq ki, Gürcüstanda oktyabrın 28-də keçirilən prezident seşkilərində qalib bəlli olmayıb. Birinci tutun nəticələrinə görə isə hakim “Gürcü arzusu” partiyasının dəstkldiyi müstəqil namizəd Salome Zurabişvili 38,64%, Vahid Milli Hərəkat partiyasının namizədi, sabiq prezident Mxail Saakaşvilinin tərəfdarı Qriqol Vaşadze isə 37,74% səs toplayıb. Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək və prezident seçkilərinin qalibi ikinci turda məlum olacaq. İkinci tur isə dekabrın 2-dək keçirilməlidir.

Hazırda Gürcüstanda ikinci tur prezident seçkilərinin qızğın təbliğat kampaniyası həyata keçirilir. İkinci turda seşkiləri uduzmaq təhlükəsini ilə üzləşən Gürcüstan höküməti 600 min seçicinin bank borclarının bağlanması barədə qərar qəbul edib. Bu qərar Gürcüstanda heç də bir mənalı qarşılanmayıb. Va.adzenin tərəfdarları hesab edirlər ki, bununla hakim “Gürcü arzusu” partiyası seçiciləri satın alır və hakim partiya hakimiyyət resurslarından istifadə edir. Lalin seçkidən sonra Gürcüstanda böyük qarşıdurmanın olması da istisna olunmur. Artlq bu barədə Gürcüstanın 3-cü prezidenti, hazırda Hollandiyada sığınacaq alan Mixail Saakavili bəyanat verib. Öz növbəsində hakim “Gürcü arzusu” partiyasının lideri, milyarder Bdzina İvanaşvili bildirib ki, “seçkidə saxtakarlıq edənin əlini kəsəcək”.

Bəzi siyasi analitiklərə görə kimin qalib gəlməsindən asılı olmayaraq bu seçkilər Gürcüstanda ciddi dəyişikliklərə səbəb olacaq. Əsasən hansı dəyişikliklərin baş verəcəyi isə kimin hakimiyyətə gələməsindən asılı olacaq.

Analitiklərin fikrincə Vaşadze seçkilərin qalibi olduğu halda Gürcüstanın Qərbə inteqrasiyası sürətlənəcək. Xüsusilə NATO-ya doğru ciddi addımların atılacaq. Eyni zamanda Vaşadzenin qalibiyyəti parlament seçkilərində də müxalifətin qalib gəlməsini təmin edə bilər.

İvanaşvili bu seçkiləri uduzmazsa, o zaman onun bu seçkilərdən ciddi nəticə çıxarması vacib olacaq. Hər şeydən əvvəl sosial məsələlərə diqqət artırılacağı gözlənilir. Elə İvanaşvilinin ikinci tur ərəfəfsində 600 min seçicinin banka olan borcunu bağışlaması ondan xəbər verir ki, “Gürcü arzusu” partiyası gələcəkdə sosial sahəyə diqqəti artıracaq. Eyni zamanda güman etmək olar ki, İvanaşvili bütün gücü ilə Saakaşvilinin ideyalarını özününküləşdirərək Gürcüstanda vahid platforma yaratmağa çalışacaq.

Gürcüstanın hazırkı vəziyyəti ilə bağlı PİA.az-ın əməkdaşı “Borçalı” Cəmiyyətinin sədri, ekspert Zəlimxan Məmmədlinin və siyasi şərhçi. jurnalist Qafqaz Ömərovun fikirlərini öyrənib.

Zəlimxan Məmmədli: “İkinci turda da müxalifətin qalib gəlmə şanslarını yüksək dəyərləndirirəm”.

Ekspert hesab edir ki, Gürcüstan cəmiyyəti artıq nəyə qərar verəcəyini dəqiq bilir. Çünki o, həm Saakaşvilinin timsalında demokratik islahatlar dövrü görüb, həm də korrupsiyanın, mənasız vədlərin dolu olduğu İvanaşvili dönəmi yaşayıb. Zəlimxan Məmmədlinin fikrincə gürcü insanı özü üçün doğru olan qərarı verməklə yanaşı, postsovet məkanında demokratiyanın beşiyi rolunu da oynayacaq:

“Gürcüstan özünün demokratik mühiti, siyasi rəqabətə açıq cəmiyyəti ilə ilə bizi təəccübləndirir. Hal-hazırda namizədlər bütün imkanlarını səfərbər edirlər, qara piarlıq isə dəbdədir. Artıq cəmiyyət də buna alışıb. Hər halda Gürcüstan insanının artıq müqayisə imkanları kifayət qədərdir. Gürcüstan insanı həm Saakaşvili dönəmində kifayət qədər sürətli, təəccüblü, bəzən də ağrı ilə müşayət olunan demokratik islahatları gördü, həm də populist çıxışlarla gələn İvanişvilini gördü.

Bu xalq demokratik yolla hakimiyyət dəyişikliyini görüb. İndi də Gürcüstan xalqı Saakaşvili-İvanaşvili qarşıdurmasında hansının onlar üçün, yəni sadə insanlar üçün yaxşı olduğunu müaqyisə edə bilirlər. Bir müddət idi ki, gürcü xalqı demokratiyanı kənara qoymuşdu. Lakin indi yenidən demokratik islahatlara meyllidirlər.

Bu ötən zaman ərzində İvanişvili böyük vədlər, dönüşlər verdi, ama hələ də həmin vədləri yerinə yetirməyib. İndi də həmin haqq-hesab qutu başında həll olunmaq üzrədir. Birinci turda müxalifət qalib elan edilib, ikinci turda da müxalifətin qalib gəlmə şanslarını yüksək dəyərləndirirəm. Yəni çox böyük ehtimalla İvanaşvili bu seçkilərdə verdiyi vədlərin yerinə yetirməməsinin hesabını verəcək.

Zəlimxan Məmmədli: “Gürcüstan xalqının daha radikal addımlar atma şansları var ki, onun səsini oğurlayanlara qarşı daha üsyankar mövqe nümayiş etdirsinlər”.

Artıq Gürcüstan xalqı dəyişiklik istəyir. İvanaşvili zəngin kapitalist ola bilər. Lakin bunların artıq heç bir mənası yoxdur. Çünki o seçki kampaniyası vaxtı əmək haqqını artıracağını, islahatları sürətli, qanunsuzluqları aradan qaldıracağını, bizim soydaşlarımızla bağlı toponimləri bərpa edəcəyini, nazir, qubernator vəzifəsinə həmyerlilərimizdən təyin edəcəyi vədlərini vermişdi. Bunların heç biri həll olunmayıb. İndi sə o daha irəli gedərək 600 min seçicinin bank borclarını bağışlayacağını bildirib. Mən açığı onun bu vədinə də inanmıram və hesab edirəm ki, Gürcüstan xalqı bu rüşvətə əyilməyəcək.

Artıq bütün hallarda postsovet məkanında ikinci demokratik dirçəliş dövrü başlayır. Həmin prosesin kökündə “Saakaşvili islahat modeli” durur. Mən belə düşünürəm ki “Saakaşvili islahat modeli” nə Şərqi Avropa, nə də Avropa dövlətlərinə tətbiq olunan standart model deyil. Fərqli olduğundan buna “Saakaşvili modeli” deyə bilərəm. Bu metodun qarşısı hakmiyyətin alışdığı saxtakarlıqla alınsa belə, yenə də Gürcüstan cəmiyyətində dinamik dəyişikliklər baş verəcək.

Qarşıdan parlament seçkiləri gəlir, cəmiyyətin daha radikal addımlar atma şansları var ki, onun səsini oğurlayanlara qarşı daha üsyankar mövqe nümayiş etdirsinlər. Ən realı odur ki, hər kəsin qəbul edəcəyi demokratik seçki həyata keçirilsin. Şərtlərə toxunulmadan, təcavüz edilmədən nəticə çıxsa gürcü insanı bunla barışacaq. Populist şüarlarla, hakimiyyət resurslarından istifadə etməklə seçiciləri əla almaq qadağandır.Bununda haqq-hesabını ayıq gürcü insanı özü edəcək. Ümumilikdə, bizim qonşu Gürcüstanda gördüyümüz demokratiyanın gözəlliyidir”.

Qafqaz Ömərov: “Nəzərə alsaq ki, Gürcüstanda Qərb və Rusiyanın dayaqları arasındakı siyasi ziddiyyət nə qədər dərindir, onda vəziyyətin partlayışa həssas olduğunun fərqinə varmış olarıq”.

“Borçalı” Cəmiyyətinin sədrindən fərqli olaraq əslən Gürcüstandan olan tanınmış jurnalist, siyasi şərhçi Qafqaz Ömərov Qriqol Vaşadzenin ikinci turda qalib gələcəyindən əmin deyil. Qafqaz Ömərovun fikrincə 600 min seçicinin bank borcunu bağlamaqla İvanaşvili əslində seçkinin taleyini həll edib. Bundan başqa Qafqaz Ömərov hesab edir ki, Gürcüstandakı soydaşlarımızın Saakaşvilini müdafiə etmələri gələcəkdə onların Gürcüstandakı mövqelərinin zəiflməsinə səbəb ola bilər:

“Gürcüstanda ikinci tura hazırlıq çox qızğın keçir. Kampaniya çərçivəsində keçirilən tədbirlər zaman-zaman siyasi qüvvələrin tərəfdarları arasında az qala lokal qarşıdurmalara da gətirib çıxarır. Buna görə də ölkənin güc strukturları gücləndirilmiş rejimdə işləyirlər. Xüsusən ermənilərin kompakt yaşadışı ərazilərdə, və gürcü-abxaz, gürcü-osetin münaqişəsi zonasında risklər artıb. Nəzərə alsaq ki, Gürcüstanda Qərb və Rusiyanın dayaqları arasındakı siyasi ziddiyyət nə qədər dərindir, onda vəziyyətin partlayışa həssas olduğunun fərqinə varmış olarıq.

Kimin qalıb gəlməsindən asılı olmayaraq Azərbaycanla münasibətlərdə dəyişiklik, xüsusən də mənfi dəyişikliklər olmayacaq. Azərbaycanla yaxşı münasibətlər Gürcüstanın iqtisadi müstəqilliyinin zəmanəti deməkdir. Dəyişikliklər daxili ola bilər. Saakaşvilin Gürcüstan aqayıtması ancaq ikinci turdan sonra bəlli ola bilər. Yalnız Qriqol Vaşadzenin qələbə çalacağı təqdirdə eks-prezidentin vətənə qayıtması gerçəkləşə bilər.

Qafqaz Ömərov: “Gürcüstan artıq tam olaraq Qərb modelini mənimsəmiş bir ölkəyə çevrilib və bu seçkilər də gələcəkdə ölkənin inkişafına daha da böyük təkan verəcək”.

Ümumilkdə isə ciddi dəyişikliklərin olacağına inanmıram, çünki hansı tərəf (ABŞ və Rusiya) digərinin mövqeyini sarsıtmağa cəhd etsə, ölkə qarışar, bu isə heç bir tərəfin marağında deyil. Artıq İvanişvili böyük gediş edərək 600 000 ölkə vətəndaşının kredit borclarını bağladı (bir hissəsi büdcənin, digər hissəsi isə öz hesabına).

Düşünürəm ki, bu gediş artıq ikinci turun müqəddəratını həll edib. Əksəriyyət İvanişvilinin dəstəklədiyi Salome Zurabişviliyə səs verəcək. Ehtimalların əksəriyyəti bu yöndədir.

Gürcüstandakı soydaşlarımızın da bu həqiqəti görmələrində böyük fayda var. Çünki ermənilərin əksəriyyəti İvanişvilinin tərəfində, soydaşlarımızın siyasi aktiv hissəsi isə Saakaşvilini dəstəkləyən siyasi partiyalardadır. Bu isə Zurabişvilinin qələbə çalacağı təqdirdə təbii olaraq gələcək gürcü hökumətində ermənilərin və ermənipərəstlərin artması deməkdir.

Hesab edirəm ki, Gürcüstan artıq tam olaraq Qərb modelini mənimsəmiş bir ölkəyə çevrilib və bu seçkilər də gələcəkdə ölkənin inkişafına daha da böyük təkan verəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26