Interposta.Info

Qırmızı xətti keçən ABŞ-Türkiyə münasibətləri - Geriyə dönüş varmı?

Siyasət
 5-09-2018, 10:54     10 346

Regiondakı gərgin münasibətlər hara qədər inkişaf edə bilər?

Politoloq: “Əgər bir il yaxud da il yarım bu vəziyyət davam edərsə, Türkiyə ilə Rusiyanın münasibətləri və Türkiyə ilə İranın münasibətləri bir-birinə o qədər yaxınlaşacaq ki, artıq geri dönməz mərhələ yaranacaq”

“Hətta ABŞ-da prezident də dəyişsə, ABŞ-ın yeni prezidenti Trampın siyasətindən fərqli siyasət aparsa belə, Türkiyə əvvəlki qaydada ABŞ-ın tərəfdaşı ola bilməyəcək”.

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ABŞ-Türkiyə münasibətlərindəki gərginliyi və başqa ölkələrin də ABŞ-a qarşı çıxmaq siyasətlərini şərh edərkən qeyd edib.

Son zamanlar dünya siyasətinin ən çox müzakirə edilən mövzularından biri ABŞ-Türkiyə münasibətləridir. Rəsmi Vaşinqtonun keşiş Endryu Branson ilə bağlı situasiyanı dövlətlərarası əlaqələrin əsas faktorlarından biri kimi təqdim etməsi ilə iki strateji tərəfdaş arasında sanki zəncirvarı ziddiyyətlər mərhələsi başladı. Hal-hazırda hər iki ölkə rəhbərliyi mövqeyindən dönməyəcəyini bəyan edir və istər ABŞ prezidenti Donald Tramp, istərsə də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qarşı tərəfə ittihamlar və təhdidlər yağdırırlar.. Amerika tərəfi türklərdən keşişi dərhal azad etməyi tələb edir. Ankara isə kimsənin Türkiyədə məhkəmənin işinə qarışmağa haqqı olmadığını bəyan edir və keşişin əvəzində ABŞ-ın Fətullah Güləni Türkiyəyə təhvil verməsini istəyir. Xatırladaq ki, ABŞ da Rza Zərrab məsələsi ilə bağlı aparılan məhkəmə prosesində eyni sözləri türk tərəfinə demişdi. Onda Türkiyə məsələni şişirtmədi və ikitərəfli münasibətləri qoparıb atacaq addımlar atmadı. Lakin indi ABŞ keşiş Endryu Branson məsələsində özünü ərköyün və dəliqanlı yeniyetmə kimi aparır: qarşısında olanın hüququnu tanımadan tələb edir ki, məhz onun istədiyinə əməl olunsun. Bu cür davranış təbii ki, yolverilməzdir və iki ölkə arasındakı strteji bağlara ciddi ziyan vurur.

Öz tərəfindən Türkiyə rəhbərliyi də müstəqil siyasət yeritdiyini və bu dövlətə heç kəsin təsir edə bilməyəcəyini nümayiş etdirərək ABŞ-ın bütün tələblərinə “yox” cavabı verdi. Nəticədə, amerikalılarTürkiyəyə qarşı sanksiyalar tətbiq etməyə başladı. Donald Tramp E.Bransona görə Türkiyəyə heç nə verməyəcəyini yazaraq, “Türkiyə ilə əlaqələri zəiflədirik” fikrini bütün dünyayla bəyan etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da eyni qətiyyətlə addım ataraq, “Türkiyənin bu iqtisadi savaşda uduzmayacağını”bildirdi.

Hazırda iki ölkə arasındakı münasibətlər çox gərgin bir mərhələdədir. Hətta ABŞ-Türkiyə münasibətlərində gərginlik artıq demək olar ki, qırmızı xətt keçib. Bu gərginlik fonunda isə Rusiya-Türkiyə münasibətlərinin strateji önəm alığını da qeyd etmək lazımdır.

Ankaranın yeni strategiyası Türkiyənin Qərbdən və NATO-dan tamamilə uzaqlaşmasına hədəflənib, yoxsa misal üçün iki ildən sonra ABŞ-da hakimiyyət dəyişikliyi ABŞ-Türkiyə münasibətlərinin yenidən istiləşməsinə yol aça bilər? Qarşılıqlı meydan oxumalar regiondakı gərgin münasibətləri haraya qədər apara bilər?

"XeberBiz" xəbər verir ki, mövzu ilə bağlı Pia.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Qırmızı xətti keçən ABŞ-Türkiyə münasibətləri - Geriyə dönüş varmı?


Mübariz Əhmədoğlu: “Nə qədər ki, Tramp belə düşünülməmiş aqressiv siyasət yürüdücək, Türkiyə istər-istəməz Qərbdən uzaqlaşıb İran və Rusiya ilə eyni siyasəti aparmağa məcburdur”.

Əgər bir il yaxud da il yarım bu vəziyyət davam edərsə, Türkiyə-Rusiya və Türkiyə- İran münasibətlərinin bir-birinə çox yaxınlaşacağını və artıq geri dönməz mərhələnin yaranacağını qeyd edən politoloq Mübariz Əhmədoğluna görə, bundan sonra hətta ABŞ-da prezident də dəyişsə, ABŞ-ın yeni prezidenti yeni siyasət aparsa belə, Türkiyə əvvəlki qaydada ABŞ-ın tərəfdaşı, əməkdaşı ola bilməyəcək:

“Hər şey Trampdan və onun aparacağı siyasətdən asılıdır. Yəni dünyanın qlobal strategiyası, təhlükəsizliyi ilə bağlı ən tanınmış ekspert, Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinger qeyd edib ki, nə qədər Tramp hakimiyyətdədir Avropa Rusiya və Türkiyənin qucağına atılacaq və Avropanın bu yoldan başqa çarəsi yoxdur. Volfqanq İşinger güclü mütəxəssis olduğu üçün mən onun fikrinə istinad etdim. Eynilə bu fikirləri Türkiyəyə də aid edirəm. Nə qədər ki, Tramp belə düşünülməmiş aqressiv siyasət yürüdücək, Türkiyə istər-istəməz Qərbdən uzaqlaşıb İran və Rusiya ilə eyni siyasəti aparmağa məcburdur.

Onu da qeyd edim ki, İran Türkiyə münasibətlərində hərbi sahəni çıxmaq şərti ilə deyə bilərik ki, iki ölkənin iqtisadiyyatda, energetikada, kommunikasiyada dinc əməkdaşlıq potensialı Rusiya-Türkiyə münasibətlərindən bəlkə də çoxdur. Buna görə də ABŞ-dan uzaqlaşan Türkiyəni təkcə Rusiya ilə deyil, həm də İranla qarşılıqlı münasibət konteksində qəbul etmək lazımdır.

Mübariz Əhmədoğlu: “Bu gün əgər Avropa ABŞ-a yaxınlaşmır, qaçırsa, Hindistan kimi regional ölkələrin də ABŞ-ın əhatə dairəsində uzaqlaşması və Rusiya ilə hərbi əməkdaşlığa getməsi təbii qəbul olunmalıdır”.

Yəni hesab edirəm ki, əgər bir il yaxud da il yarım bu vəziyyət davam edərsə, Türkiyə ilə Rusiyanın münasibətləri və Türkiyə ilə İranın münasibətləri bir-birinə o qədər yaxınlaşacaq ki, artıq geri dönməz mərhələ yaranacaq. Bundan sonra hətta ABŞ-da prezident də dəyişsə, ABŞ-ın yeni prezidenti Trampın siyasətindən fərqli siyasət aparsa belə, Türkiyə əvvəlki qaydada ABŞ-ın tərəfdaşı ola bilməyəcək. Strateji müttəfiqlikdən isə danışmağa dəyməz.

Bu gün əgər Avropa ABŞ-a yaxınlaşmır, qaçırsa, Hindistan kimi regional ölkələrin də ABŞ-ın əhatə dairəsində uzaqlaşması və Rusiya ilə hərbi əməkdaşlığa getməsi təbii qəbul olunmalıdır. Çünki Donald Trampın iqtisadi siyasəti, o cümlədən xarici siyasət bütün regonal gücləri ABŞ-dan sürətlə uzalaşdırır. Hal-hazırda Trampın yürütdüyü iqtisadi siyasət yaxın 3-4 ildə ABŞ-ın dünya silah bazarında monopol mövqeyini itirməsinə səbəb ola bilər. Yəni ABŞ görür ki, Rusiyanın yeni model silahları xüsusən də “S-400”-lər dünyada geniş reytinqə malikdir və bütün iri dövlətlər bu raketləri almaq istəyir.

ABŞ başa düşür ki, “S-400”-ləri satmaqla həm Rusiyanın pulu artacaq, həm də Rusiya silah bazarını ələ keçirdəcək. Bununla da ABŞ-ın silah bazarında monopolyasına son qoyulacaq. Buna görə də hansı dövlər Rusiyadan “S-400”-lər alırsa, ABŞ həmin dövlətlərin hamısını sanksiya ilə hədələyir.

Buna görə də hesab edirəm ki, yaxın illərdə Avrasiyada siyasi, iqtisadi və hərbi qarşıdurmaların artacağını düşünürəm. Tramın siyasəti isə yeni dünya modelinin yaranmasına gətirib çıxaracaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26