Interposta.Info

Tramp Krımı Rusiya ərazisi kimi tanısa...

Siyasət
 2-07-2018, 09:28     10 378

Ekspertlər Qarabağ üçün də belə bir təhlükəni istisna eləmirlər: “Trampdan hər şey gözləmək olar...”
“ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilər”. ABŞ prezidenti Donald Tramp jurnalistlərin sualını cavablandırarkən belə bir qərarı istisna etməyib. Prezident “Bu məsələyə baxarıq” deyib. Tramp Krımın Rusiyaya birləşdirilməsində sələfi Barak Obamanı günahlandırıb. “Buna Barak imkan verdi” deyib.

Rusiyaya qarşı sanksiyaların ləğvi imkanları barədə suala da Trampın cavabı maraqlı olub: “Baxaq görək Rusiya özünü necə aparır...”

Bəs ABŞ-ın Krımı Rusiyanın tərkib hissəsi kimi tanıması mümkünmü? Bu baş versə, Qarabağ üçün də belə bir təhlükə vəd edirmi?

Politoloq Əhəd Məmmədli bildirdi ki, Tramp kimi proqnozlaşdırılmayan, Qüdsə ABŞ səfirliyini köçürməkdən çəkinməyən adamın qarşıdakı dönəmdə Krımı da Rusiya torpağı elan etməsi, ardınca Dağlıq Qarabağı tanıması belə, mümkündür: “Krım ruslar üçün daha müzakirə mövzusu deyil. Bu cür təklif Çexiya prezidenti tərəfindən də səslənmişdi. İndi də Tramp tərəfindən səslənir. Və buna da Ukraynanı vadar edə bilərlər. Əvvəllər Krımın Rusiyanın tərkibində olduğunu bəhanə edib Krımın anneksiyasını tanıya bilərlər. Artıq bunun mesajlarını da görürük. Dağlıq Qarabağla bağlı durum bir qədər fərqli olsa da, Trampın hər cür addım ata biləcəyi istisna deyil. Çox az ehtimal olsa da bu ehtimal var. Burada bizim xeyirimizə bi nüans var ki, Trampa erməni lobbisinin təsir imkanları yox dərəcəsindədir. Hələlik Qarabağa Trampdan real təhlükə yoxdur, amma kim zəmanət verə bilər ki olmayacaq da. Sabah Azərbaycanın ABŞ ya Rusiya ilə arası dəysə, Dağlıq Qarabağı da tanıya bilərlər. Ona görə nə qədər gec deyil, Azərbaycan öz torpaqlarını qaytarmalıdır”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, bu məlumat Rusiya mətbuatında gedib, ruslar da geniş şəkildə istifadə etməyə başlayıblar: “Rus mediası yazır ki, Ukraynanın ABŞ üçün önəmi yoxdur, istənilən vaxt Ukraynanı istifadə edib ata bilərlər və sair. Hesab edirəm ki, ABŞ-ın Krımı Rusiya ərazisi kimi tanıyacağı real deyil. Tramp iyulun 16-da Putinlə görüşəcək. Görüş öncəsi bu tipli açıqlamalar verir. Əslində isə ABŞ Krım məsələsini ən azından Rusiyaya təzyiq vasitəsi kimi hələlik arsenallarında saxlayacaq. Digər tərəfdən isə, məlum deyimə görə, heç bir dövlət, o cümlədən və xüsusilə ABŞ üçün daimi düşmən yoxdur, daimi maraqlar var. Burda bir məqam da var ki, ABŞ Rusiyanın Donbası sərbəst buraxması müqabilində bu bazarlığa gedə bilər. Dağlıq Qarabağ məsələsinə gəlincə, Donald Tramp çox asanlıqla bu addımı ata bilər. Belə ki, Vaşinqton Ermənistanı tam öz nəzarətinə keçirərsə, Dağlıq Qarabağı tanıyıb, oraya silahlı qüvvələrini yerləşdirmək iddiasına düşə və bu istəyini reallaşdırmağa çalışa bilər. Çünki bu məntəqə ABŞ-ın İran və Türkiyə siyasətində vacib rol oynaya bilər. Onlar üçün coğrafi baxımdan əhəmiyyətli olan bu məntəqədən İrana və Türkiyəyə qarşı təzyiq və təhdid, hətta müdaxilə məqsədilə istifadə edə bilərlər. Odur ki, burada Azərbaycan, Türkiyə və İran üçün eyni təhlükələr yaranır. Ona görə də birgə əks-tədbirlər üzərində düşünməlidirlər”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26