Interposta.Info

Sanksiyalar altında qalan

Siyasət
 7-02-2017, 09:02     613

Sanksiyalar altında qalan
Elxan Şahinoğlu: “Rusiya bu dirənişi yenə davam etdirəcək”; Əhəd Məmmədli: “Putin Donbasdan çəkilməyə hazırdır, amma...”

Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar üç ildir davam edir. Hətta bu qərarlar sərtləşdirilir, müddəti uzadılır. Görünən odur ki, şimal qonşumuz hələ sanksiyalar altında çox qalacaq. Çünki buna səbəb olan amil Putinin işğal etdiyi Ukrayna ərazilərini boşaltmamasıdır. O, Krım və Donbası hər vəchlə geri qaytarmamaqda israrlı görünür.

Donald Tramp prezident seçilərkən ondan təkcə dünyanın yox, daha çox Rusiyanın gözləntiləri var idi. Amma görünən odur ki, ümidlər puç olur. Artıq Tramp Administrasiyası da sanksiyaların aradan qaldırılması üçün Ukrayna məsələsini şərt kimi Kremlin qarşısına qoyur.

ABŞ-ın vitse-prezidenti Maykl Pens açıq şəkildə Rusiyaya qarşı sanksiyaların ləğvinin Moskvanın beynəlxalq arenada, xüsusən Ukraynada özünü necə aparması ilə bağlı olacağını bəyan edib.

M. Pens bunu ABC telekanalına müsahibəsində bildirib.

M. Pens teleaparıcının “əgər Rusiya Ukraynanın hələ də suverenliyini pozursa, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaqmı” sualına cavab olaraq deyib ki, bu sualın cavabı qarşıdakı ayda məlum olacaq: “Bütün bunlar, sadəcə, bizim Rusiyanın davranışında dəyişikliklər görüb-görməyəcəyimizdən asılıdır”.

Göründüyü kimi, Amerika Ukrayna məsələsində heç cürə Rusiyaya güzəştə getmək fikrində deyil. Bunu bilən rəsmi Moskvanın hələ də dirəniş göstərməsi, sanksiyalar altında qalmaq yolunu seçməsi isə suallar yaratmaya bilməz. Ekspertlər hesab edirlər ki, Kremlin bu məsələdə qətiyyətli olmasına səbəb sanksiyalara tab gətirməsidir.

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Tramp son açıqlamalarında sanksiyaların yumşalmasının gündəmdə olmadığını söyləyib: “Tramp Rusiyaya mesaj olsun deyə, Ukrayna prezidenti ilə də telefonla danışdı. Rusiya aydın məsələdir ki, Krımda geri addım atmayacaq. Amma Donbas məsələsində geri addım ata bilər. Separatçılara anlada bilər ki, muxtariyyətə razılaşmaq mümkündür. Amma buna hələ ki, getmir və vəziyyəti bilərəkdən gərginləşdirir. Ukraynanın o hissəsində ağır döyüşlər gedir. Ola bilər ki, bu, Rusiyanın Trampla bağlı nəbz yoxlamasıdır. Vəziyyəti gərginləşdirəndə belə Tramp Rusiya ilə yaxınlaşacaq ya yox? Düşünürəm ki, Ağ Evin yeni sahibi üçün indiki vəziyyətdə Ukrayna məsələsini geri atmaq çox çətin olacaq. Baxmayaraq ki, o, Ukrayna problemini dilinə gətirmir. Çünki hazırda Ukraynada ağır döyüşlər gedir, bəşəriyyət Rusiyanı günahlandırır. Buna görə hesab edirəm ki, Amerikanın yeni administrasiyası Rusiya ilə əməkdaşlığa böyük önəm versə də, Ukrayna ilə bağlı ümumi razılaşmaya gəlmək üçün hələ uzun zaman var. Vitse-prezidentin dedikləri artıq Rusiyaya neçənci mesajdır. Kremlə çatdırılır ki, sanksiyalar yumşaldılmayacaq, Ukrayna məsələsində geri addım atmalıdır. Nə zaman ki, geri addım atılmayacaq, separatçılara döyüşü dayandırmaqla bağlı rəsmi Moskvanın təzyiqi olmayacaq, sanksiyalar davam edəcək. Rusiya bu dirənişi yenə davam etdirəcək. İndi vəziyyət tamam dəyişib. Barak Obama dövründə də sanksiyalara ciddi dirəniş var idi, amma Trampla dostlaşmaq siyasəti var. ABŞ dostlaşmaq siyasətində çalışır ki, Donbas separatçılarına qarşı Rusiyanın təzyiqləri artsın”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, sanksiya məsələsi iki tərəf üçün də prinsipialdır:
“Ruslar Trampın seçilməsinə nə qədər sevinsələr də, Tramp Amerikanın prezidentidir və öz dövlətinin maraqlarını qoruyacaq. Əslində Putin Donbasdan çəkilməyə hazırdır. Amma bir şərtlə ki, Krımın ilhaqı dünya birliyi tərəfindən tanınsın. Buna hətta Tramp kimi prezident belə çətin gedər. Çünki ABŞ Krımı Rusiya ərazisi kimi tanısa, onda Avropadakı müttəfiqlərin Amerikaya güvəni, inamı ciddi şəkildə zədələnəcək. Bu da o anlama gəlir ki, Rusiyaya qarşı sanksiyalar davam edəcək, hətta sərtləşəcək. Putinin dirənişi davam edəcək, lakin Rusiyada prezident seçkiləri gözlənilir və bu dönəmdə Amerika Putinə qarşı daxildən güclü etiraz elektoratı hazırlaya bilsə, Putin xarici məsələlərdə güzəştə gedə bilər”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26