Interposta.Info

Ərəblər Kral Abdullahı dizi üstə gətirdilər

Siyasət
 12-06-2018, 09:34     10 366

İordaniya böhranına son qoymaq üçün toplaşan ərəb liderlər Abdullaha 2,5 milyard dollar yardım sözü verdilər, amma nəyin qarşılığında?
Ərəb ölkələri İordaniyanı “xilas etdilər”. Məkkədə keçirilən sammitdə Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ İordaniyaya 2,5 milyard dollar dəyərində yardım edilməsi haqda qərar qəbul edib. xatırladaq ki. 4 ölkə Məkkədə məhz İordaniyanın maliyyə problemini həll etmək üçün toplaşmışdı.

Məkkədə əs-Səfa sarayında keçirilən toplantıda kral Salman, Küveyt əmiri Şeyx əs-Sabah, BƏƏ vitse-prezidenti və Dubay əmiri Şeyx Məhəmməd bin Raşid əl-Maktum və İordaniya kralı Abdullah iştirak edib. 2,5 milyard dollar dəyərində yardım 5 il müddətinə veriləcək və Beynəlxalq Valyuta Fondunun İordaniyadan tələb etdiyi kəmər sıxma siyasəti nəticəsində yaranacaq kəsiri aradan qaldıracaq. Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın yaydığı xəbərdə qeyd olunur ki, kral Abdullah yardımdan dolayı hər üç liderə təşəkkür edib.

Xatırladaq ki, İordaniyada etirazlar bir neçə gün əvvəl başlayıb. BVF-nin İordaniya hökuməti qarşısında qoyduğu islahat və kəmər sıxma siyasəti tələbləri ölkədə ciddi etirazlara səbəb olub. Hökumət BVF-nin tələblərini reallaşdırmaq üçün vergi qanununda dəyişikliklərə gedib. Etirazlar baş nazir Hani əl-Mulkinin istefası ilə nəticələnib. Kral Abdullah artıq yeni hökumətin qurulmasını keçmiş təhsil naziri Ömər ər-Rəzzaza tapşırıb.

Ancaq bir çoxları son hadisələri məhz İordaniya hakimiyyətinə Fələstin mövzusunda təzyiq edilməsi prosesi kimi qiymətləndirirlər. Yaxın Şərqin neftsiz tək-tük ölkələrindən biri olan 8 milyonluq əhalisi olan və Qərbin ən yaxın tərəfdaşı hesab olunan İordaniyanın birdən birə qarışması şübhələrə səbəb olub və diqqətləri bu ölkəyə cəlb edib. Doğrudur, İordaniyada bu cür siyasi təlatümlər vaxtaşırı olur. 2011-ci ildə də baş verən aksiyalar hökumətin istefası ilə nəticələnmişdi. İndi isə gözlənilmədən İordaniyanın yenidən qarışması ciddi suallara səbəb olub. Bu ölkəni kim və niyə qarışdırır?

İordaniya Yaxın Şərqin mərkəzində, Suriya, Səudiyyə Ərəbistanı, Fələstinlə (İsrail) həmsərhəd olan, dənizə çıxışı demək olar ki, olmayan - Aqaba limanı vasitəsilə Qırmızı dənizə kiçik çıxışı nəzərə almasaq - 8 milyon əhalisi olan kiçik bir səhra ölkəsidir. Ancaq yerləşdiyi ərazi dünyanın diqqət mərkəzindədir.

İordaniya kiçik ölkə olsa da, Ərəb-İsrail münaqişəsində mühüm əhəmiyyət daşıyır. Çünki birincisi, ölkənin az qala yarısını fələstinlilər təşkil edir. İkincisi, İsrail və Fələstinlə sərhəd qonşuluğu var. Yəni, Fələstin münaqişəsinin həlli İordaniya ilə birbaşa bağlıdır. Doğrudur, İordaniya Haşimiləri uzun illər Fələstin məsələsindən öz hakimiyyətləri və dövlət maraqları üçün kart olaraq istifadə ediblər. Ancaq indi deyəsən vəziyyət daha ciddidir. Belə görünür ki, Fələstinlə bağlı çox mürəkkəb və ədalətsiz həll planına kral Abdullahın daxil edilməsi gündəmə gəlib. Ərəb və Qərb müttəfiqləri İordaniya Haşimilərini də bu plana razı salmaq istəyir. Kralsa hələ də dirənir.

Hətta hadisələrin ilk vaxtlarında Səudiyyə Ərəbistanı İordaniyaya 250 milyon dollarlıq yardımı kəsmişdi. Belə görünürdü ki, kral Abdullahdan ciddi tələblər olub. Həmin var, ötən ilin noyabrında əvvəlcə Livan baş naziri Həriri ər-Riyada dəvət edilib həbs olundu və istefa verdiyini bəyan etdi. Arxasınca Fələstin lideri ər-Riyada dəvət olundu və o zaman ərəb mətbuatı Vaşinqtonun da dəstəklədiyi yeni həll planının ortaya qoyulduğunu yazdı. Ancaq detallar məlum olmasa da, Mahmud Abbasın ər-Riyadda Krallıq rəhbərlərinə mənfi cavab verdiyi bilinir.

Çünki məhz Abbasın ər-Riyad səfərindən az sonra Səudiyyə Ərəbistanı hakimiyyəti Fələstin əsilli məşhur iş adamı, İordaniya və Səudiyyə Ərəbistanında böyük həcmdə yatırımları olan Sabih əl-Masrini həbs etdirdi. O zaman xəbərlərdə bildirilirdi ki, Səudiyyə və İordaniya vətəndaşlığı olan əl-Masri ər-Riyada iş toplantısı üçün getdiyi zaman, daha dəqiqi fələstinli iş adamı Əmana qayıdarkən ər-Riyad hava limanı yolunda saxlanılıb.

Sabih Masri mərkəzi ofisi İordaniyada yerləşən Ərəb Bankının rəhbəridir. Mətbuatda yer alan məlumatlara görə, ətrafı İrodaniya kralı ilə də yaxın əlaqələri olan Masriyə ər-Riyada getməməklə bağlı xəbərdarlıq edib.

Masrinin həbsinin əsl səbəbləri haqda məlumat verilməsə də, Fələstin hakimiyyətinin əsas sponsorlarından biri olan Ərəb Bankının rəhbərinin həbsinin İstanbuldakı Qüds sammitindən dərhal sonra baş verməsi diqqətləri cəlb edirdi.

İddialara görə, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman ər-Riyada dəvət etdiyi İordaniya kralı Abdullahla danışaraq İstanbula getməməsini istəyib. Eləcə də, Misir prezidenti vasitəsilə Fələstin prezidenti Mahmud Abbasın İstanbula getməsinə mane olmaq istəyib. Ancaq Abdullah və Mahmud Abbas İstanbul sammitinə qatılaraq Qüds bəyannaməsinə dəstək verib.

Masri isə bu hadisələrdən sonra həbs olunub. Ancaq onun həbsi yalnız İstanbul sammitinə görə olmayıb. Çünki iş adamı Fələstin hökumətinin sponsorlarından biridir və İordaniya iqtisadiyyatında ciddi payı var. Təsadüfi deyil ki, onun həbsi İordaniyada ciddi reaksiyalar doğurmuşdu. Belə görünür ki, Masrinin həbsi həm Abbasa, həm də Abdullaha təzyiq məqsədli olub.

İndi isə ərəb liderləri kral Abdullahı Məkkəyə dəvət edərək ona külli miqdarda - 2,5 milyard dollar pul verirlər. Əcəba nədən? Nə baş verdi ki, bir il əvvələ qədər İordaniyaya yardımı kəsən və ölkədə siyasi böhrana səbəb olan ərəb liderləri birdən birə Əmmana qarşı səxavətli olmağa başladılar, kisələrin ağzını açıblar. Belə görünür ki, Abdullah nəyisə dəyişib. Ehtimal ki, təzyiqlər nəticə verib və Kral Abdullah ərəb planı ilə razılaşıb./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26