Interposta.Info

Heç olmasa Heydər Əliyevin kursuna qayıdın…

Siyasət
 28-03-2018, 10:48     10 358

Siyasətçi deyiləm. Heç bir siyasi partiyanın üzvü və ya təssübkeşi deyiləm. Söz adamıyam. Bütün söz adamlarının bir vəzifəsi də həmişə toplumun ağrıyan yerlərindən sıxması- diaqnoz qoymasıdır. Bir həkim necə edirsə, məhz elə. Bir ziyalının, bir yazıçının, bir şairin, bir sənətkarın cəmiyyət qarşısında əsas vəzifələrindən biri də budur düşünürəm: Diaqnoz qoymaq, ağrıyan yerlərini göstərmək. Son vaxtlar “söyüş” trendinin gündəmə bu qədər daşınmasının səhv olduğunu yazmışdım. Yazmışdım ki, bunun əsas səbəbi digər ifadə formalarının ya tam sıradan çıxarılması, ya da minimuma enməsidir. Əlbəttə, siyasi mübarizədə, ünsiyyət formasında, efirdə, sosial şəbəkələrdə – istənilən platformada söyüşün ünsiyyət dilinə və ifadə formasına çevrilməsi təhlükəlidir, buna qarşıyam. Həmçinin ailələrdən imtina məktublarının alınması da, onları TV və qəzet redaksiyalarında “danışdırmaq” da, mühacirlərin yaxınlarını ora-bura dartmaq da eyni şəkildə pislənməli, qarşısı alınmalıdır. Əsas düşündürücü məqamlardan biri də budur ki, niyə dünənə qədər adı cəmiyyətə heç nə ehtiva etməyən şəxslər “əsas rəqib” statusuna qədər şişirdilir? Bütün təbligat resursları bu şəxslərin adlarını təkrarlayaraq, təbliğ edir, reklam edir? … Ki, sonra da yaranan axmaq situasiyanın girovuna çevrilirlər?

Ölkəiçi platformalarda normal, etik müzakirələrə, diskussiyalara, tənqidlərə meydan verilsə, sizin təhlükə kimi gördüyünüz şəxslər heç kimin yadına da düşməyəcək. Tənqid və müzakirələrdən qorxmaq lazım deyil, istənilən cəmiyyətin inkişafında alternativ fikirlər ən önəmli faktorlardan biridir. Özünəvurğunluqdan – tolerantlığa keçid lazım. Başqalarını da dinləmək, alternativ fikirləri də təhlil etmək, dəyərləndirmk lazım.

Ən qısası, heç olmasa Heydər Əliyevin kursuna qayıdın, cənablar. Rəhmətliyin dönəmində pis-yaxşı bütün alternativ platformalar mövcud idi. Bəs indi? Nə baş verdi 2010-cu ildən bəri? Suallar çoxdur, amma bunları kimə ünvanlayaq, kimlərlə və harda müzakirə edək, kimdən cavab umaq, tələb edək? Biz niyə bu labirintə düşdük? Bəlkə elə əksəriyyət kimi mən də, “əşşi, cəhənnəmə” deyib bir kənarda qarnımı otarım? Axı bunu da sınaqdan çıxardım, mən də başqaları qədər günahkaram, mələk deyiləm, amma yalnız qarnımı düşünməklə də yaşamaq olmur, vallah olmur, billah olmur.

Zahir Əzəmət, Qaynarinfo.az saytının baş redaktoru

Qeyd: Yazı müəllifin Facebook səhifəsindən götürülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26