Interposta.Info

Avropa və Amerika Türkiyəyə təzyiqləri artırır -

Siyasət
 1-03-2018, 10:06     10 427

AB ali təmsilçisi Türkiyə, Rusiya və İrana məktub göndərdi

“Suriyada qüvvəyə minən BMT TŞ-nin atəşkəs qərarı Afrinə də şamil olunmalıdır”. Bu açıqlamanı ABŞ Dövlət Departamentinin sözçüsü verib. Sözçü bildirib ki, atəşkəs bütün Suriya ərazisini əhatə edir, Türkiyənin BMT-də qəbul olunan layihəni yaxşı oxuması lazımdır.

Onun sözlərindən belə məlum olub ki, Suriyada 30 günlük atəşkəs qərarı İŞİD, "Əl-Qaidə", "Ən-Nusra" kimi terror təşkilatları istisna olmaqla, ölkənin bütün ərazilərində, bütün silahlı qruplar arasında qüvvədə olmalıdır. O cümlədən Türkiyənin hazırda hərbi əməliyyatlar apardığı Afrin rayonu.

BMT TŞ-nin qərarına əsasən Suriya ərazisində atəşkəs qüvvəyə minib. Ancaq Türkiyə dövləti hərbi əməliyyatları Afrində kürd silahlılarına qarşı əməliyyatlar davam edir. Ankara bəyan edib ki, YPG PKK-nın qanadı olduğu üçün atəşkəs qərarının Afrinə tətbiq olunması mümkün deyil.

Bu həftənin əvvəlində Avropa Birliyi xarici siyasət və təhülkəsizlik üzrə ali təmsilçisi Federika Moqerini də Türkiyəni Afrin əməliyyatını dayandırmağa çağırıb. Bundan başqa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışan Fransa prezidenti Emmanuel Makron da Afrində atəşkəs elan olunmasına çağırıb.

ABŞ Dövlət Departamenti sözçüsünün Afrində atəşkəs çağırışına Türkiyə XİN-dən cavab gecikməyib. XİN sözçüsü Hami Aksoy ABŞ Dövlət Departamenti sözçüsünün açıqlamasının “hər cür əsasdan məhrum” adlandırıb. Türkiyə XİN sözçüsü deyib ki, BMT-nin məluma atəşkəs qərarında humanitar vəziyyətin narahatlıq doğurduğu bölgələr sırasında Afrinin adı çəkilmir. “Vəziyyət belə olduğu halda ABŞ Dövlət Departamenti sözçüsünün sözügedən BMT TŞ qərarını ”Türkiyənin yaxşı oxuması" lazımdır kimi açıqlamalarının heç bir əsası yoxdur. Ya qərarın mərkəz nöqtəsini anlaya bilmədiyi, ya da diqqəti yayındırmağa çalışdığını göstərir".

ABŞ Dövlət Departamenti rəsmisinin açıqlaması AB və Fransadan sonra Türkiyəyə qarşı növbəti təzyiq hesab etmək olar. Görünən odur ki, Qərb ölkələri Türkiyəyə Afrində atəşkəs elan etməsi üçün təzyiqləri günü-gündən artırır. Məlum olub ki, fevralın 26-da AB xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Federika Moqerini Astana prosesinin təminatçısı olan Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinə məktub göndərib.

Məktubda AB ali təmsilçisi təminatçı ölkələrə müraciət edərək Şərqi Quta ilə yanaşı Suriyanın bütün ərazisində atəşkəsi həyata keçirməyə çağırıb. “Reuters” agentliyi məktubun surətini əldə edib. Məktubda Moqerini Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərindən Şərqi Qutada atəşkəsin təmin olunması və humanitar yardımın çatdırılmasını təmin edilməsini istəyib. Bundan başqa, 30 gün ərzində Suriyanın bütün ərazilərində həqiqi bir insani atəşkəsin təmin olunmasını istəyib. F.Moqerini Rusiya, Türkiyə və İranın Suriyanın bütün ərazilərində ən azı 30 gün boyunca savaşın tamamilə dayanması və həqiqi bir humanitar atəşkəsin təmin olunması çağırışı edib. Eyni zamanda ali təmsilçi təminatçı ölkələrin müharibənin dayanması, Suriya xalqının qorunması, humanitar yardımın çatdırılması və tibbi təxliyələrin, yaralıların çıxarılması üçün lazımi addımları atmasını istəyib.

Göründüyü kimi, artıq hər gün ABŞ və Avropadan Türkiyəyə atəşkəs çağırışlarının sayı artır. Türkiyənin isə hələlik mövqeyi birmənalıdır: terrorçulara qarşı atəş dayanmayacaq. Ancaq Ankaranın artan təzyiqlərə uzun müddət davam gətirəcəyi inandırıcı deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26